Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 16:48

“NYT” əməkdaşları partlayış vaxtı Bərdədə olub – Qərb mediası


Bərdə, 28 oktyabr, 2020-ci il
Bərdə, 28 oktyabr, 2020-ci il

Jurnalist Karlotta Qall yazır ki, ilk partlayış səsi onları avtomobili saxlamağa məcbur edib. Raketi xatırladan səs çox yaxından eşidilib və onlar maşından çıxaraq yaxınlıqdakı divara qısılıblar

“The New York Times” qəzeti Dağlıq Qarabağ münaqişəsi haqda yazıların dərcini davam etdirir. Oktyabrın 28-də yayılmış məqalədə qəzet əməkdaşlarının Bərdəyə raket zərbəsinə yaxalandığı bildirilir. Jurnalist Karlotta Qall yazır ki, ilk partlayış səsi onları avtomobili saxlamağa məcbur edib. Raketi xatırladan səs çox yaxından eşidilib və onlar maşından çıxaraq yaxınlıqdakı divara qısılıblar.

“Sonra anladım ki, maşını saxlamasaydıq, düz partlayışın içinə düşəcəkdik”, – o qeyd edir.

Bərdəyə oktyabrın 27-də endirilmiş zərbələrdə biri 8 yaşlı qız olmaqla 4 nəfər öldürülüb, 14 nəfər yaralanıb. Bir gün sonrakı hücumda isə 20 nəfər həlak olub, 70 yaralı var. Azərbaycan hücumların Rusiya istehsalı olan Smerç sistemlərindən atıldığını bildirir.

Ermənistan isə daha öncəki hücumlarda olduğu kimi buna görə məsuliyyət daşımadığını deyir.

Bakıda yaşayan köçkün övladları ‘Böyük qayıdış’ haqda nə düşünür?
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

“Görürsüz ermənilər başımıza nə oyun açır. Burda hərbçi görürsüz? Bunu niyə edirlər, axı? Ancaq dinc sakinlər görürsüz. Onlar xaos yaratmaq istəyirlər”, – 55 yaşlı Kamil Kərimov belə deyib.

44 yaşlı kardioloq Yaqubiyyə Həmidova bu yaxınlarda Tərtərdən Bərdəyə köçübmüş. O, klinikanın zirzəmisində müxbirə danışıb. “Bizə kömək edin. Dünyada heç kəs başımıza gələnləri bilmir”, – o deyib.

Müəllif müharibənin günü-gündən qızışdığını, itkilərin artdığını yazır. O, Bərdənin Qarayusifli kəndində oktyabrın 27-də öldürülənlərin dəfninə də qatılıb.

“Kəndimizə atəş açacaqlarına inanmazdıq. Çünki burda ordu yoxdur, ancaq dinc sakinlərdir”, – hücumda xəsarət almış 17 yaşlı Elnurə Kərimova belə deyib.

***

Paşinyanın populist çıxışları ‘cini qabdan buraxdı’

Dağlıq Qarabağdakı hərbi əməliyyatların əsas aparıcı qüvvəsinin Azərbaycan olduğu aydındır, ancaq təhlilçilər Ermənistanın populist baş nazirinin vəziyyəti bu həddə çatdırdığını deyirlər. “The New York Times” qəzetində Karlotta Qall yazır ki, illər boyu Azərbaycan və Ermənistan liderləri Dağlıq Qarabağın statusu üzrə danışıqları təxirə salmağa razılaşıblar. “Bu yaz Ermənistanın populist baş naziri bu ərazini Ermənistan torpağı elan edincə hər şey dəyişdi”, – müəllif qeyd edir.

Prezidentin köməkçisi Hikmət Hacıyev qəzetə deyib ki, 2018-ci ildə Nikol Paşinyan Ermənistanda hakimiyyətə gələndə Azərbaycan danışıqlarda irəliləyişə ümid edirmiş. Prezident İlham Əliyevlə ilk görüşündə o, vaxt istəyib, Dağlıq Qarabağ üzrə yeni siyasət vəd edib.

“Ancaq bu siyasət heç hiss olunmadı. Bu il gərginlik daha da artdı. Təhlilçilər cənab Paşinyanın və müdafiə nazirinin əraziylə bağlı populist bəyanatlar verməsinə, Şuşanı regionun paytaxtına çevirmək və avqustda parlamenti ora köçürmək planları cızmasına diqqət çəkirlər. Bu addımlar isə böyük yanlışlar idi”, – müəllif yazır.

Erməni əsilli amerikalı təhlilçi Jirayr Libaridiyan sentyabrda yazırdı ki, “biz mümkün olana fokuslanmaq əvəzinə öz arzularımıza aludə olduq”.

Müstəqil təhlilçilər Azərbaycanın müharibənin aparıcı qüvvəsi olduğunu, böyük hücuma hazırlaşdığını deyirlər. Amma onu da əlavə edirlər ki, cini qabdan Paşinyanın populist danışığı çıxardı.

“Status kvonu saxlamaq istəyən ermənilərin deyil, Azərbaycanın bunu başlatmaq istəməsi məntiqidir. Ancaq ermənilər də provokativ addımlarla rollarını oynadılar”, – Karnegi Fondunun aparıcı əməkdaşı, “Qara bağ” kitabının müəllifi Tomas de Vaal deyir.

Müharibə və etnik azlıqlar

Ermənistanla Rusiya Azərbaycandakı etnik azlıqlardan Bakıya qarşı istifadə etməyə çalışır. Bunu isə Ceymstaun Fondunun saytında təhlilçi Pol Qobl yazır.

Müəllif Cənubi Qafqaz etnik və siyasi sərhədlərin uzlaşmamasını Ermənistanla Azərbaycan arasında münaqişənin əsas səbəbi kimi görür. “Otuz il öncə Azərbaycanda və Sovet İttifaqında bəziləri Ermənistandakı kürd icmasını Qarabağ mübahisəsinin həllində potensial alət kimi görürdürlər. İndi isə Ermənistanla Rusiya Federasiyası Azərbaycandakı etnik azlıqları Bakıya qarşı qaldırmağa çalışırlar. Hələlik, buna nail ola bilməsələr də, Yerevanla Moskva cəhdlərini davam etdirir”, – məqalədə vurğulanır.

Yazıda Yerevanın Azərbaycandakı etnik talışları dəstəklədiyi, Azərbaycan əhalisinin 1.4 faizini təşkil edən ləzgilərlə elə də fəal məşğul olmadığı qeyd edilir. Rusiya Federasiyasında daha çox etnik ləzgi yaşadığından bu işə Rusiyanın media orqanları baxır.

“İndi ləzgilərlə bağlı Ermənistandan deyil, Rusiyadan daha çox cəhdlər olunur. Rusiyalı şərhçilər təkidlə bildirirlər ki, Bakı döyüşləri davam etdirərsə, Azərbaycanda etnik parçalanma baş verəcək və kontekstdə ləzgilərin adını çəkirlər”, – yazan müəllif sentyabrda Daxili İşlər Nazirliyinin generalı Sergey Melikovun Dağıstanın yeni başçısı təyin olunmasına diqqət çəkir. “Versiya” portalı redaktorlarının fikrincə, Melikov ona görə seçilib ki, Rusiyanın Cənubi Qafqaza təsiri düşünüldüyündən zəifdir və etnik kartdan yeni üsulla istifadə edə bilər.

Moskva “müharibədə tərəflərdən birini dəstəkləyən kimi görünməyərək Bakıya təzyiq etməyin yeni yolunu tapmalıdır. Ləzgilərdən istifadə, yaxud bununla hədələmək cəlbedici variantdır”, – məqalədə deyilir.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Azərbaycan açıqlayıb ki, son bir ayda 150-dən çox kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad edib.

Oktyabrın 1-də ATƏT-in Minski qrupunun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıblar.

Bu bir ay ərzində tərəflər üç dəfə humanitar atəşkəslə bağlı razılaşma əldə etsələr də, hələlik, ona tam əməl edilmədiyi bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən uzunmüddətli atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG