Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Belarusda ümumölkə tətili başlanıb


Belarus Dövlət Universitetinin müəllim və tələbələri tətilə çıxıb
Belarus Dövlət Universitetinin müəllim və tələbələri tətilə çıxıb

Avqust və sentyabrda Belarusda azı 20 min nəfər saxlanıb, yüzlərlə insan döyüldüyünü, qorxudulduğunu, işgəncə və pis rəftar gördüyünü açıqlayıb

BMT-nin Belarusda insan haqları üzrə məruzəçisi oktyabrın 26-da hökumətdən tələb edib ki, “öz xalqına qarşı repressiyanı” dayandırsın. Anais Marin Alyaksandr Lukaşenkaya qarşı etirazlarda saxlananlardan danışıb. Bu çağırışdan öncə isə ölkədə müxalifətin təşəbbüsü ilə ümumölkə tətili başlanıb.

Marin İnsan Haqları Komitəsində deyib ki, avqust və sentyabrda Belarusda azı 20 min nəfər saxlanıb, yüzlərlə insan döyüldüyünü, qorxudulduğunu, işgəncə və pis rəftar gördüyünü açıqlayıb.

Tətil “hələ təzə başlayıb”

Məruzəçi Daxili İşlər Nazirliyi və qeyri-hökumət mənbələrinə istinad edib. 9 avqust seçkisindən bəri etirazçılara qarşı 400-dən çox cinayət işi açıldığı xəbər verilir.

52 ölkə və Avropa Birliyi də bəyanat yayaraq dinc etirazçılara qarşı zorakılığı, müxalifət liderlərinin, jurnalistlərin, insan haqları müdafiəçilərinin qorxudulmasını dayandırmağa çağırıb.

Müxalifət seçkinin nəticəsini qəbul etmir, onun saxtalaşdırıldığını deyir. Onlar Svetlana Tixanovskayanın seçkini udduğunu iddia edirlər.

Tixanovskaya isə tətilin “hələ təzə başladığını, möhkəmlənəcəyini” söyləyib.

O, oktyabrın 26-da AzadAvropa/AzadlıqRadiosu-na müsahibə verib. Həmin gün minlərlə fəhlə, tələbə və təqaüdçü Belarus küçələrinə çıxıb.

“Bu gün güc və cəsarət taparaq tətilə çıxan hər bir belaruslu ilə fəxr edirəm”, – o vurğulayıb. Tixanovskaya hazırda Litvadadır, seçkidən bir gün sonra özünə və ailəsinə təhdidlər olduğunu deyərək həmin ölkəyə gedib.

320-dən çox etirazçı saxlanıb

Müxalifət Lukaşenkanın istefası üçün oktyabrın 25-i gecəyarısına qədər vaxt vermişdi. Lukaşenka isə oktyabrın 26-da etirazçılara qarşı təhlükəsizlik qüvvələrinə əl atıb.

“Vyasna” insan haqları qrupu gün ərzində ölkə boyunca 320-dən çox etirazçının saxlandığını bildirir. Bazar günü isə onminlərlə etirazçıya qarşı səs qumbaraları və rezin güllələrdən istifadə olunmuşdu.

Oktyabrın 26-da bir sıra universitetlərdə tələbələr mühazirələrə qatılmaqdan imtina edib, Minskdə etiraz yürüşünə çıxıblar. Bir çox mağaza və kafelər bağlanıb, onların sahibləri və işçilər paytaxtda canlı zəncir qurublar.

Minskdə və digər yerlərdə Belarusneft, Belaruskali, MAZ daxil olmaqla böyük zavodlarda tətillər keçirilib.

Hakimiyyət isə bunlara küçələrdə, zavodların qarşısında etirazçıları saxlamaqla cavab verib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG