Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:11

Jurnalistdən Pompeoya Qarabağ təklifi  – Qərb mediası


Xankəndi yaxınlığında vurulmuş dron, 20 oktyabr, 2020-ci il

“The Washington Post” qəzetində Deyvid İqnatius yazır ki, dron müharibəsinin effekti müasir silah texnologiyasının “dondurulmuş münaqişələr”in düyününü qəfildən aça bildiyini, status kvonu silkələmək fürsəti yaratdığını üzə çıxardı

Oktyabrın 23-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtona gedəcəyi, ABŞ Dövlət katibi Mayk Pompeo, ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşəcəkləri gözlənir. Qərb mediasında isə Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həlli perspektivləri təhlil olunur.

“The Washington Post” qəzetində Deyvid İqnatius yazır ki, Ermənistan-Azərbaycan münaqişəsi uzaq, köhnə ədavətə bənzəyə bilərdi. Ancaq dron müharibəsinin effekti müasir silah texnologiyasının “dondurulmuş münaqişələr”in düyününü qəfildən aça bildiyini, status kvonu silkələmək fürsəti yaratdığını üzə çıxardı.

Müəllif Dövlət katibi Pompeo üçün sadə bir təklifi olduğunu yazır: Qarabağda real danışıqlara və sabitliyə gedən yol anklav üzərində qeyri-uçuş zonası yaratmaqdan keçir. Onun fikrincə, 1992-ci ildən münaqişənin dinc yolla həlli çabaları fayda verməmiş Minsk qrupunun həmsədr ölkələri bu qaydanı qüvvəyə mindirməlidirlər.

Məqalədə “Politico” dərgisinə istinadla tərəflərin indi danışıqlara həmişəkindən daha açıq göründüyü vurğulanır. Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanov “biz əsaslı söhbət istəyirik” deyib. Onun ermənistanlı həmkarı Varujan Nersesyan bildirib ki, “biz münaqişənin qarşılıqlı güzəştlər əsasında dinc yolla həllinə alternativ görmürük”.

Müəllif yazır ki, Ermənistan Azərbaycan dronlarına qarşı müasir silah çıxara bilməyib. Bir erməni mənbəsinin deməsinə görə, Ermənistan yeni sistemlər ala bilsəydi, dronlara qarşı müdafiəsini gücləndirə bilərdi. Bu, Ermənistana qanlı müharibəni davam etdirmək imkanı verərdi, “ancaq bu da, ən yaxşı halda özünü salamat saxlamaq strategiyasıdır”, – deyə müəllif böyük dövlətlərin yeni oyun üçün qayda qoymalı olduğunu düşünür, Pompeoya tövsiyə edir ki, Qarabağda qeyri-uçuş zonasına nail olmaqdan başlasın.

Xızının Sitalçay kəndinə atılan raket. 'Böyük bir partlayış oldu'
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

Keçmiş həmsədr 3 elementdən danışır

ABŞ-ın Minsk qrupunda keçmiş həmsədri, 2001-ci ildə ATƏT-in Ki Uestdə Dağlıq Qarabağ sülh danışıqlarına nəzarət etmiş Keri Kavano “Al Jazeera” telekanalının saytında yazır ki, bu münaqişənin hərbi həlli yoxdur, yalnız diplomatiya nəticə verəcək.

Müəllif Azərbaycanın hərbi əməliyyatlara başlamaqda torpaqlarını geri almağa çalışdığını yazır. Prezident İlham Əliyev atəşkəs üçün ilkin şərt də irəli sürüb: Ermənistan işğal etdiyi ərazilərdən çıxmağın cədvəlini təqdim etməli, Azərbaycan xalqından üzr istəməlidir. Ancaq keçmiş səfirin fikrincə, hərbi əməliyyatlar Ermənistanın cədvəl verməsi, üzr istəməsi ilə nəticələnməyəcək, o ki qaldı sülhlə.

“Regionda sülhə yol diplomatiyadan keçir. Davamlı həllə nail olmağa real fürsəti döyüşlərlə deyil, danışıqlarla əldə etmək olar... Ermənistanlılar və azərbaycanlılar arasında danışıqlar yoluyla sülhə nail olmaqdan ötrü üç element tələb olunur: onların liderləri kompromis yoluyla həllə həvəs göstərməlidirlər; belə bir həll variantının hazırlanmasına və icrasına beynəlxalq dəstək olmalıdır; yerli əhali buna hazırlanmalıdır. Bütün bu elementləri bir yerı yığmaq isə ciddi problemdir”, – Kavano vurğulayır.

ABŞ Azərbaycanı niyə dəstəkləsin?

“Newsweek” dərgisində isə Ceyson Epsteyn və İrina Tsukerman ABŞ-ın qərbyönlü Azərbaycanı dəstəkləməli olduğunu yazırlar.

“Hərbi əməliyyatları dayandırmağa çağırmaqla Birləşmiş Ştatlar əlavə mülki ölümləri dayandırmaqda, böyük enerji və nəqliyyat dəhlizini qorumaqda maraqlarını vurğulamalıdır. Vaşinqton eyni zamanda bu döyüşləri xristian Ermənistanla qəddar müsəlman işğalçılar arasında hansısa dini müharibə kimi qeyri-dəqiq və təhlükəli yozumlara qarşı çıxmalıdır”, – müəlliflər yazırlar. Onlar Azərbaycanın 10 milyonluq əhalisinin əsasən müsəlmanlar olduğunu, ancaq dünyəvi cəmiyyətin saxlandığını, dini inacların ayrı-seçkiliyklə üzləşmədiyini qeyd edirlər.

Məqalədə Bakının Moskva və Tehranın təzyiqini önləməkdən savayı, qərbyönlü oriyentasiyası və Ankara ilə münasibəti arasında da incə balans saxlamağa çalışdığı vurğulanır. Müəlliflərin fikrincə, Vaşinqton bu vəziyyəti dəyişməkdə maraqlı olmamalı, Bakını qərbdən soyutmamalı, yaxud onu tamamilə Türkiyədən asılı etməməlidir.

Ağlaya-ağlaya 'Tay mən qaçqın deyiləm' videosunu paylaşan Natiqlə söhbət
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan son günlər 90 civarında kəndi, Cəbrayıl, Füzuli və Zəngilan şəhərlərini və Hadrut qəsəbəsini işğaldan azad etdiyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Münaqişənin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG