Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:56

Yunis Səfərov ifadə verməkdən imtina etdi: 'Jurnalistlər buraxılmalıdır...'


'Gəncə işi'
'Gəncə işi'

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsddə suçlanan Yunis Səfərov və onunla birlikdə mühakimə olunan şəxslər məhkəməyə jurnalistlərin buraxılmamasına etiraz olaraq ifadə verməkdən imtina ediblər.

"Gəncədə olan hadisə hər gün baş vermir. Adamlar bunun niyə baş verdiyini bilməlidir. Ona görə də bu məhkəmə prosesi əhəmiyyətlidir, cəmiyyət həqiqəti bilmək istəyir. Mütləq jurnalistlər buraxılmalıdır. Əgər buraxılmasa, mən ifadə verməyəcəm", – Y.Səfərov oktyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində belə deyib.

O, əlavə edib ki, bu addımı ümumiyyətlə, ifadə vermək istəməməsi kimi başa düşülməməlidir. Əksinə, hər şeyi açıb danışmaq istəyir: "Tələbim odur ki, məhkəmənin açıqlığı prinsipinə əməl olunsun, jurnalistlər buraxılsın. Adi mikrofon da yoxdur ki, səsimi zaldakılar, vəkillər eşitsin".

"Jurnalistlərə çatanda pandemiya yadınıza düşdü?"

Digər təqsirləndirilən şəxslər də medianın iştirakına qadağa qoyulmasına etiraz olaraq, ifadə verməkdən imtina ediblər.

Hakim jurnalistlərin məhkəmə prosesinə buraxılmamasını pandemiya ilə əsaslandırıb. Bu arqument təqsirləndirilənlər və onların vəkillərini qane etməyib.

"Zalda 40-dan çox adam var. Ali Məhkəmənin tövsiyəsində də var ki, məhkəmə zalında 10 nəfərdən çox adam olmamalıdır. Bəs niyə keçirirsiz? Jurnalistlərə çatanda pandemiya yadınıza düşdü? Belədirsə, qeyri-müəyyən vaxta təxirə salın, nə vaxt normal məhkəmə prosesi keçirilər, onda davam etdirərsiz", – təqsirləndirilən Firudin Zeynalov bildirib.

Bu iş üzrə normal istintaq aparılmadığını deyən F.Zeynalov cinayət işinin materiallarının təkrar araşdırma üçün prokurorluğa qaytarılması barədə də vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib.

O, məhkəmənin gedişinə də etiraz edib: "Məhkəmənin hazırlıq iclasının qərarı üç gün ərzində bizə, vəkillərimizə verilməliydi. Amma verməmisiniz, niyə? Çünki məhkəmə deyil...".

Təqsirləndirilən şəxslər məhkəmə prosesinin bu şəkildə davam etdirilməsinə etiraz ediblər. Nəticədə məhkəmədə səs-küy yaranıb və proses oktyabrın 20-nə təxirə salınıb.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin ozamankı başçısı Elmar Vəliyevə və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd törətməkdə suçlanan Y.Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Y.Səfərovun yaxınları isə bu iddianı təkzib edir.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.

Y.Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG