Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:41

Devid Linçdən 'rutin' məsləhətləri


D.Linç
D.Linç

Amerikalı kinorejissor, aktyor, musiqiçi və rəssam Devid Linçin yaradıcılığı daim güclü ideyalarla seçilib.

"Nofilmschool" saytında müəllif Ceyson Hellerman Linçin bir neçə həftə bundan əvvəl verdiyi bir müsahibəni təhlil edib.

Öz rutinini tapmaq

Linç bu müsahibədə hər şeyin, hətta yaradıcılığın da rutin olduğunu deyir. Yaradıcı insan da məmur, dülgər, yaxud balıqçı kimi öz rutinini tapmalı, səhər yuxudan durub qəhvəsini içib öz ideyaları üzərində işləməyə başlamalıdır. Yaxud da, əgər o, gecələr işləməyə öyrəşibsə, hamı yatandan sonra işini görməlidir. İstənilən halda o, öz rutinini tapıb ona sahib çıxmalıdır.

İdeyalar gələn kimi isə onları yazmaq lazımdır. Bunun üçünsə özünüzə uyğun iş məkanınız olmalıdır. Bu, xüsusi alınmış iş masası da ola bilər, mətbəx masasının bir küncü də. Ancaq istənilən halda belə bir iş məkanı olmalıdır. İş yeriniz olandan sonra daha bəhanəniz qalmır. Sizə lazım olan hər şey var.

Linç öz müsahibəsində deyib ki, o, "ideya bloklanmasına" inanmır. "Balıqçı hər gün balıq tutmur", – o deyir.

Məqalənin müəllifi isə yaradıcı insanlarda da belə olduğunu deyir. Onun sözlərinə görə, yazıçı hər gün dahiyanə fikirlər ortaya qoya bilməz. Bunun üçün dözümlü olmaq lazımdır. Yazmaq istədiyiniz ideya gələndə isə əvvəlcə onu yoxlayın.

İdeyaları təqib edin

"Yalnız həqiqətən bəyəndiyiniz ideyaları təqib edin. İlk növbədə ona görə ki, siz onlarla uzun müddət işləməli olacaqsınız. Öz daxilinizdə axtarış edin və bu ideyanı niyə bu qədər sevdiyinizi, bu ideyanın niyə kino linzası vasitəsilə ətrafdakı insanlara danışılmalı olduğunu sual edin. Görüntüləri qeyd edin, onları görən zaman insanın keçirdiyi hissləri də həmçinin. Auditoriya onları özünə hopduranda özünü necə hiss etməlidir? Burada əsas dərs ondan ibarətdir ki, bunların hamısı qeyd edilməli, yazılmalıdır", – məqalədə deyilir.

Linç öz müsahibəsində illər ərzində əldən buraxdığı, artıq heç vaxt geri dönməyəcək ideyalar haqqında da danışıb. İdeyaları əldən buraxmamaq üçün onları qeyd etmək və hətta kataloqlaşdırmaq lazımdır. Onları bir-bir nəzərdən keçirib onlardan ssenari yaratmağın mümkün olub-olmadığı haqda düşünün.

"Əgər sevdiyiniz hekayəni yazırsınızsa, işin qalan hissəsi də ürəkdən gələcək", – müəllif yazır.

Kinorejissor, musiqiçi

"Ən yaxşı kinorejissor" nominasiyasında üç dəfə "Oskar" mükafatına layiq görülmüş Devid Linçi kino həvəskarları "Eraserhead" (1977), "Elephant Man" (1980), "Blue Velvet" (1986), "Mullholland Drive" (2001) kimi filmlərlə tanıyırlar.

Linç, bundan başqa, iki dəfə "Sezar" mükafatına, Kann Kinofestivalının "Qızıl Palma", Venesiya Kinofestivalının "Qızıl Şir" mükafatına layiq görülüb.

Devid Linç musiqiçi kimi də uğurludur. O, 2001-ci ildə "BlueBOB", 2011-ci ildə "Crazy Clown Time", 2013-cü ildə "The Big Dream" adlı studiya albomlarını buraxıb. Bundan başqa, o, bəzi filmlərinin musiqisini də özü yazıb və tərtib edib.

Rəsm və fotoqrafiya ilə məşğul olan Linç həm də üç kitabın müəllifidir.

Devid Linç transsendental meditasiyanın böyük həvəskarıdır. O, 2005-ci ildə Devid Linç Fondunu təsis edib. Fondun məqsədi transsendental meditasiyanın məktəblərdə tədrisinə nail olmaqdır. Fond, eyni zamanda, risk altında olan zümrələrə – əsasən qaçqınlara, evsizlərə və müharibə veteranlarına kömək etməyi qarşısına məqsəd qoyub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG