Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:32

'Aclıq onu elə günə qoyub ki,...'


C.Zabidov
C.Zabidov

Sosial mediadakı "Korrupsiyaya "yox" de" səhifəsinin həbsdə olan əməkdaşı Cəlil Zabidova oktyabrın 12-də Yardımlı rayon Məhkəməsində ikinci dəfə hökm oxunacaqdı. Onun ailə üzvlərinin AzadlıqRadiosuna bildirdiyinə görə, üç gündür həbsdə aclıq edən C.Zabidovun vəziyyəti pisləşib, bu üzdən məhkəmə təxirə salınıb.

"Oktyabrın 10-dan aclıq edir. Aclıq ona elə vəziyyətə qoyub ki, ayaq üstə dayana bilmir. Bakıdan Yardımlıya məhkəməyə görə gətirəndə müvəqqəti polis şöbəsində saxlayırlar. Şöbədə vəziyyəti pisləşib, xəstəxanaya aparıblar. Məlum olub ki, təzyiq 80-60-a düşüb. Başqa problemlər də yaranıb. Orada tibbi yardım göstərəndən sonra gördülər ki, məhkəməyə aparmaq mümkün deyil. Bir neçə polis ayaqlarında, bir neçəsi də qollarından tutub şöbəyə qaytardılar", - ailə üzvləri bildirib.

Penitensiar Xidmət isə Bakı İstintaq Təcridxanasında saxlanılan C.Zabidovun aclığı barədə məlumatı təkzib edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, bu təcridxanada saxlanılan şəxslər arasında ümumiyyətlə, aclıq edən yoxdur.

Xatırlatma

Yardımlı rayonunun Dəlləkli kəndindəki orta məktəbin müəllimi olmuş 35-yaşlı Cəlil Zabidov həm də D-18 Hərəkatının üzvüdür. O, bu ilin mayında CM-in 221.1 (xuliqanlıq) maddəsi ilə 5 ay azadlıqdan məhrum edilib. Cəza oktyabrın 22-də başa çatacaq.

Yardımlı rayon Məhkəməsində ona hökm oxunacaq iş isə xüsusi ittiham qaydasında qaldırılıb. "Azərişıq"ın keçmiş əməkdaşı Əkbər Şadiyev iddia edir ki, C.Zabidov hazırladığı materialda ona böhtan atıb, şərəf və ləyaqətini ləkələyib. Ona görə də CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edir.

C.Zabidov isə hesab edir ki, onun azadlığa çıxmasına imkan verməmək üçün bu üsula əl atılıb. Buna etiraz olaraq o, ötən məhkəmə iclasında özünə xəsarət yetirərək qolunu kəsib.

"Əkbər Şadiyev onun yeyintiyə yol verməsi barədə yazıya etiraz edir, böhtan olduğunu deyir. Halbuki, əlimizdə onun vəzifə cinayətlərinə görə məhkum edilməsi barədə məhkəmə hökmü var", - C.Zabidovun yaxınları vurğulayıb.

C.Zabidov bu il fevralın 9-da keçirilən parlament seçkiləri zaman 72 saylı Yardımlı-Masallı seçki dairəsinin 1 saylı məntəqəsində müşahidəçi olub, orada baş verənləri çəkərək ictimailəşdirib. Bir müddət sonra isə şikayət əsasında onun barəsində cinayət işi başlanıb və mayın 22-də Yardımlı rayon Məhkəməsində hökm oxunarkən məhkəmə zalında həbs olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG