Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:54

'Hətta döyüş yerlərində karantin davranışlarına ciddi əməl olunmalıdır'


Axiv foto
Axiv foto

Son günlər Azərbaycanda koronavirus ( COVİD-19) infeksiyasına yoluxma halının artdığı bildirilir. Dünən, oktyabrın 10-da bu virusa 233 yeni yoluxma faktının qeydə alındığı bildirilmişdi. Oktyabrın 8-də 191, oktyabrın 9-da isə 215 yeni yoluxma faktının aşkarlandığı qeyd edilmişdi. Bəs yoluxmada artım davam edersə və hazırda Azərbaycanla Ermənistan silahlı qüvvələrinin təmas xəttində gedən döyüşlər bitdikdən sonra karantin qaydaları yenidən sərtləşdirilə bilərmi?

“Müəllim otaqlarında maskasız oturub söhbət edirlər”

Adil Qeybula
Adil Qeybula

Tibb elmləri doktoru, professor Adil Qeybulla məsələ ilə bağlı Azadlıq Radiosuna deyib ki, pandemiyanın son zəngi vurulana qədər Azərbaycan qapalı mühitdə karantin rəftarına riayət etməlidir:

“Hazırda müharibə gedir, amma bununla yanaşı karantinin şərtləri unudulmamalıdır. Hətta döyüş yerlərində əsgərin qidalanması, istirahəti zamanı karantin davranışlarına ciddi əməl olunmalıdır. Yəni hər addım yoluxmanın qarşısını almaq bizim işimizə çevrilməlidir”.

Adil Qeybulla hazırda bir çox hallarda karantin davranışlarına əməl olunmamasına təəssüflənir:

“İctimai nəqliyyatda qayda-qanun yaratmaq mümkün olmadı. Məktəblərdə də müəllimlərin təsəvvürləri dəyişməlidir, müəllim otaqlarında maskasız oturub söhbət edirlər. Bütün yoluxmaların əsasında karantin davranışlarının pozulması dayanır, sanki bunlar bir az yaddan çıxıb. Ona görə vəziyyət ciddiləşməlidir və buna nəzarət edən qurum öz işiylə məşğul olmalıdır”.

Amma Adil Qeybulla müharibə bitdikdən sonra sərt və “evdə qal!” karantininə ehtiyac görmədiyini bildirib: “Çünki bu insan psixikasına çox neqativ təsir göstərir. Araşdırmalar göstərək ki, pandemiyanı ayaqüstə də keçirə bilərdik, davranışlara ciddi riayıt şərtiylə. Təəssüf ki, dezinformasiya nəticəsində xeyli adamlar bu infeksiyanı inkar etdilər, maska taxmadılar, sosial məsafə gözləmədilər, dezinfeksiya tədbirlərinə riayət etmədən küçələrdə rahat davrandılar. Nəticədə böyük yoluxma başlandı, xüsusilə Abşeron yarımadasında. Nəzərə alaraq ki, insanlar sərt karantin dövründə həyətlərə tez-tez düşürdü, liftdən istifadə edirdi, bütün bunlar da yoluxmaya səbəb olurdu.” Onun xatırlamasına görə, mayda yoluxma artıb və indi onun nəticələri yaşanır:

“Dezinformasiyalar yayılırdı”

“ Təəssüf ki, müəyyən radikal dini və anti-qərb dairələrindən belə dezinformasiyalar yayılırdı. Guya, insanların bədəninə çip yerləşdirmək üçün belə infeksiya yayıblar, adamlar da buna daha çox meyllənirdilər. Bunun özü xeyli insanı xəstəliklə üz-üzə qoydu”.

“Bu dövrdə maska taxmaq…”

Bununla belə Adil Qeybulla ilin sonuna pandemiyanın sona çatacağını güman edir:

“Çünki virusun 1 ildən çox yaşama imkanı real görünmür. Əgər virus bir ildən çox yaşayırsa, o təbii yox, süni, labarotor virusdur. Sadəcə, payız aylarının özəlliyi odur ki, soyuqdəymə xəstəliklərinin də çəkisi artır, qızdırma, halsızlıq, öskürək, qrip müşahidə olunur. Bu dövrdə maska taxmaq və məsafə gözləmək əhalini respirator xəstəliklərdən xilas edə bilər. Ona görə vətəndaş məsuliyyətinə ehtiyac var”.

“Mən düşünmürəm ki, karantin qaydaları da sərtləşəcək.”

Məlahət Həsənova, axiv foto
Məlahət Həsənova, axiv foto

Deputat Məlahət Həsənova da xatırladıb ki, həftəsonu ictimai nəqliyyat işləmir və hərbi vəziyyətlə ( Sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində döyüşlər başlayıb.Ölkədə bir gün sonra hərbi vəziyyət, komendant satı elan edilib) əlaqədar saat 9-dan sonra evdən çıxmaq qadağandır:

“Digər tərəfdən, mart ayından sonra başlanan karantin müddətində insanlarda maska taxmaq, sosial məsafə gözləmək vərdişi formalaşdı. Düzdür, bütün insanlar qaydalara riayət edə bilmir, amma müəyyən qədər dəyişiklik var, insanların ictimai nəqliyyatda, marketlərdə maskalardan istifadə etdiyi görünür. Həm də son vaxtlar koronavirus infeksiyası Avropa ölkələrində artıb, bu mənada müqayisə edəndə Azərbaycanda durum xeyli yaxşıdır. Nə qədər olmasa da, müharibə vəziyyətindəyik, insnalar cəbhə bölgəsinə gedir, təmasda olur istər-istəməz.”

Bununla belə o hesab edirki, vəziyyət yaxşıdır: “ İkinci, bütün idarələrdə, siyasi-ictimai təşkilatlarda toplantılar internet vasitəsilə keçirilir. Milli Məclisin toplantılarında da qaydalar gözlənilir, o cümlədən, məktəblərə şagirdlər maskasız buraxılmır”.

Məlahət Həsənova da payız aylarında respirator xəstəliklərinin artım dövrü olduğunu xatırladaraq deyib ki, yeni koronavirus infeksiyasının da riskləri müəyyən qədər artırır:

“Bununla belə insanlar qaydalara vərdiş etdiyindən özlərini qoruya biləcək. Allah etməsin ki, müharibə bitdikdən sonra koronavirus infeksiyasına yoluxanlar artsın və hökumət sərtləşməyə getsin. Mən düşünmürəm ki, artma olacaq və karantin qaydaları da sərtləşəcək. Onsuz da müəyyən qaydalar tətbiq olunur. Amma ehtiyatlı olmaq lazımdır. Çünki Avropanın bəzi ölkələri və ABŞ-ın bəzi ştatları infeksiyanın artma səbəbindən sərt karantin rejiminə keçməyə məcbur oldular”.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.Azərbaycanda isə indiyə kimi ümumilikdə 41 min 752 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 608 nəfərin vəfat etdiyi açıqlanıb. Azərbaycanda martın 24-dən karantin rejiminə keçilib.Amma son aylar karantin rejimi bir xeyli yumşaldılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG