Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Əsgərlər koronavirusa yoluxa bilərmi – Qərb mediası


Qarabağda döyüşlər
Qarabağda döyüşlər

İndiyədək əməliyyatlarda azı 250 nəfər ölüb, hər iki tərəfdən onlarla mülki şəxs həlak olub. Ancaq həm Azərbaycan, həm də Ermənistan mülki şəxs və obyektləri hədəfə almadığını bildirir

Sentyabrın 27-dən Ermənistan-Azərbaycan təmas xəttində hərbi əməliyyatların bərpası hazırda dünya mediasının diqqət mərkəzindədir.

“The New York Times” qəzetinin müxbiri Endru E.Kramer toqquşmaların hər iki tərəfdə səbəb olduğu mülki itkilərdən yazır.

İndiyədək əməliyyatlarda azı 250 nəfər ölüb, hər iki tərəfdən onlarla mülki şəxs həlak olub. Ancaq həm Azərbaycan, həm də Ermənistan mülki şəxs və obyektləri hədəfə almadığını bildirir.

Vaxtilə ATƏT-in Minsk qrupunda Birləşmiş Ştatları təmsil etmiş Kerri Kavano qəzetə deyib ki, son bombardmanlar münaqişənin genişlənməsinin mümkünlüyünü göstərir. Onun sözlərimə görə, artilleriya atəşinin “Suriyada şəhərləri necə kövrək duruma saldığını görürük”.

Döyüşlərin digər fəsadlarına gəlincə, Ermənistan Azərbaycanda neft və qaz kəmərlərini hədəfə alarsa, qonşu Gürcüstan qış qabağı yanacaqsız qala bilər, Kavano belə deyir.

Digər tərəfdən, əsgərlər səngərlərə, bunkerlərə çəkilir, bu zaman koronavirusa yoluxma riski də yüksəlir. Kavano 1-ci Dünya müharibəsində qrip virusunun məhz belə bir şəraitdə yayıldığını yada salır.

“Gücdən istifadə danışıqlarda Bakının mövqeyini gücləndirir”

“The Moscow Times” qəzetində London Kral Kollecinin mühazirəçisi Domitilla Sagramoso yazır ki, hazırda Dağlıq Qarabağ münaqişəsi özündə tammiqyaslı müharibənin bütün aspektlərini birləşdirir.

Müəllifin fikrincə, uzun illər nəticəsiz danışıqlardan məyus olan, qəfil hərbi qələbəyə ümid bəsləyən Azərbaycan Prezidenti İlham Əliyev yaxşı təlim görmüş, yaxşı təchiz olunmuş ordusunun daha zəif Ermənistanın hərbi strukturuna qarşı ciddi uğurlar əldə edəcəyini düşünüb. “Bakı Rusiyanın hərbi neytrallığına, müttəfiqi Ermənistanın xeyrinə münaqişəyə müdaxilə etməyəcəyinə bel bağlayıb, çünki Ermənistan ərazisi məqsədli şəkildə vurulmayıb”, – yazan müəllifin fikrincə, Prezident Əliyev işğal altında olan torpaqla tam azad olunmayınca silahlı qüvvələrinin dayanmayacağını deyir və bununla da o, özünü küncə sıxışdırır. “Bu barışmaz mövqe hətta əməliyyatlar onun istədiyi kimi getməyəndə belə onları dayandırmağa razılaşmasını çətinləşdirir”, – məqalədə vurğulanır.

Ancaq müəllif qeyd edir ki, gücdən istifadə Dağlıq Qarabağın statusu və ətraf regionlarla bağlı gələcək danışıqlarda Bakının mövqeyini gücləndirir. Yəni, atəşkəs əldə olunsa belə, Ermənistan bir ehtimalı nəzərə almalı olacaq – danışıqlar dalana dirənərsə, Azərbaycan yenə gücə əl ata bilər.

Qeyd edək ki, Prezident İlham Əliyev hər əməliyyatların dayandırılmasından ötrü Ermənistana şərtlərini açıqlayıb və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxması üçün qrafik istəyib.

Azərbaycan hava hücumundan necə qorunur
Gözlə

No media source currently available

0:00 0:09:57 0:00

Mülki əhalini ‘kasetli bombalardan qoruyun’

“Amnesty International” insan haqları təşkilatı oktyabrın 5-də yaydığı bəyanatda mülki şəxsləri qadağan olunmuş kasetli bombalardan qorumağa çağırır.

Həftəsonu qondarma Dağlıq Qarabağ rejiminin de fakto rəsmiləri paytaxt Xankəndidə (Stepanakert) kasetli bombanın görüntüsünü yayıb. Xankəndi və Şuşanın atəşə tutulması nəticəsində mülki şəxslər arasında itki olduğu bildirilib. Təşkilat bildirir ki, ekspertləri bunların İsrail istehsalı olan M095 DPICM kasetli klastr bombaları olduğunu təsbit edib, güman ki, “Azərbaycan qüvvələri tərəfindən atılıb” bəyanatda deyilir.

Ancaq Azərbaycan Xankəndində yalnız legitim hərbi hədəfləri vurduğunu bildirir. Prezident İlham Əliyev, həmçinin köməkçisi Hikmət Hacıyev bunu dəfələrlə qeyd edib. H.Hacıyev oktyabrın 4-də deyirdi ki, Ermənistan silahlı qüvvələri insanların kütləvi yaşadığı ərazilərə qadağan olunmuş kasetli bombalar atır.

Azərbaycan Gəncə şəhərində yaşayış məskənlərinin Ermənistan qüvvələrinin hücumuna məruz qaldığını bildirir. “Amnesty International”ın ekspertləri Ermənistan qüvvələri tərəfindən 300mm-lik Smerç raket artilleriya sistemlərindən istifadə olunduğunu təsdiqləyiblər. “Ancaq Azərbaycan tərəfin təqdim etdiyi foto və video dəlillər konkret hədəfləri təhlil etməyə, yaxud raket başlıqlarında kasetli bombanın olduğunu müəyyənləşdirməyə imkan vermir”, – bəyanatda vurğulanır.

Qurum münaqişə tərəflərini mülki əhalini döyüşlərin təsirindən qorumağa çağırır. Kasetli bombalar böyük əraziyə yüzlərlə kiçik bomba buraxır. Bəzən bu bombaların 5-20 faizi partlamır və dinc əhaliyə bir təhdid olaraq qalır.

Ermənilər Xankəndinin vurulduğunu deyirlər
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

Prezidentin köməkçisi Hikmət Hacıyev “Trend” agentliyinədeyib ki, “Amnesty International” bu bəyanatı ilə “bir daha nə qədər birtərəfli, qərəzli, ikili standartlardan çıxış edən, yalnız kağız üzərində müstəqil və ermənipərəst bir təşkilat olduğunu göstərdi”.

"Biz “Amnesty International”-ın bu açıqlamasını rədd edirik. Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün öz ərazimizdə vuruşur və yalnız legitim hərbi hədəflərə yüksək dəqiqliklə zərbələr endirir. Ordumuz mülki əhalini və obyektləri hədəfə almır və kasetli sursatlardan istifadə etmir. Əgər Ermənistan kasetli sursatların istifadəsindən narahatdırsa, o zaman Kasetli hərbi sursatlar haqqında konvensiyaya ilk növbədə özü qoşulsun. Lakin bunu etməyən Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı kasetli sursatlardan istifadə edir”, – Hacıyev deyib.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər gedir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 20-dən çox kəndi, Cəbrayıl şəhərini və bəzi strateji yüksəklikləri işğaldan azad edib.

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar cəbhə bölgəsində vəziyyət gərginləşəndən sonra Azərbaycanda prezident İ.Əliyevin fərmanı ilə sentyabrın 28-dən hərbi vəziyyət və qismən səfərbərlik elan olunub.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə Rusiyanın vasitəçiliyi ilə atəşkəs imzalanana qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib (Oktyabrın 4-də Azərbaycan prezidenti onlardan birinin, Cəbrayıl rayonun mərkəzinin azad edildiyini bəyan etdi). Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir. Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG