Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 15:01

Həbsdəki jurnalist vəkilinə görə aclıq etdiyini deyir


P.Aslanov
P.Aslanov

Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Polad Aslanov aclıq aksiyasına başladığını deyir. O, oktyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində öz işi üzrə prosesdə bu barədə məlumat verib.

P.Aslanov bildirib ki, vəkili Elçin Sadıqova qarşı təzyiqlərə etiraz olaraq bu addımı atır: "Ona təzyiqlərə son qoyulana qədər aclığı davam etdirəcəm...".

P.Aslanovun həyat yoldaşı Gülmirə Aslanova AzadlıqRadiosuna bildirib ki, cümə günləri o, ailəsi ilə telefonla əlaqə saxlayır. Oktyabrın 2-də P.Aslanovun əlaqə saxlayacağını gözləsələr də, zəng etməyib: "Bundan əvvəl aclıq edəndə də belə olmuşdu. Telefon danışığı hüququ məhdudlaşdırılmışdı. Düşünürəm ki, yenə eyni səbəbdəndir".

"41 kiloqram çəkisi var"

Həyat yoldaşının səhhətində ciddi problemlər olduğunu deyən G.Aslanova aclığın onun sağlıq durumunu daha da pisləşdirməsindən narahatdır: "Bu adamın cəmi 41 kiloqram çəkisi var, ürək-damar xəstəliyindən əziyyət çəkir".

Jurnalistin vəkili Elçin Sadıqov AzadlıqRadiosuna bildirib ki, onu aclıq fikrindən daşındırmağa cəhd göstərsə də, buna nail ola bilməyib.

Penitensiar Xidmətdən isə P.Aslanovun aclıq etməsi barədə dediklərinə münasibət öyrənmək mümkün olmayıb.

Sentyabrın 25-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti E.Sadıqova töhmət verilməsi, həmçinin, onun fərdi vəkilliyinin ləğv olunmasına qərar verib. E.Sadıqov bundan sonra 14 saylı vəkil bürosunun üzvü kimi fəaliyyət göstərəcək. O, istər töhmət, istərsə də fərdi fəaliyyəti ilə bağlı qərarın əsassız olduğunu deyir, ictimai-siyasi fəalların müdafiəsində aktiv iştirakına görə təzyiq kimi qiymətləndirir.

Vəkillər Kollegiyasının rəhbərliyi isə siyasi fəalların vəkillərinə qarşı təzyiqlər barədə deyilənləri təkzib edir.

Xatırlatma

xeberman.com saytının təsisçisi və baş redaktoru P.Aslanov ötən il iyunun 12-də saxlanıb. O, CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunur ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

P.Aslanova qarşı irəli sürülmüş ikinci ittihamda - CM-in 134-cü (öldürməklə hədələmə) maddəsində 2 min manata qədər cərimə, 2 ilədək islah işləri və bu müddətdə həbs nəzərdə tutulub. O, saytlardan birinin əməkdaşı Dəyanət Babayevi hədələməkdə təqsirləndirilir.

P.Aslanov ittihamların heç birini qəbul etmir, xaricə ziyarətə zəvvarları aparan şirkətlərdən xüsusi xidmət orqanları əməkdaşlarının rüşvət alması barədə yazılarına görə sifarişlə cəzalandırıldığını bildirir.

XS
SM
MD
LG