Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:37

Avropa Məhkəməsi jurnalistlərin işi ilə bağlı qərar verdi


 İ.Abbasov Sulutəpə qəsəbəsində evlərin sökülməsi zamanı zorakılıqla üzləşib. 2012
İ.Abbasov Sulutəpə qəsəbəsində evlərin sökülməsi zamanı zorakılıqla üzləşib. 2012

Avropa İnsan Haqları Məhkəməsi oktyabrın 1-də Azərbaycana qarşı növbəti qərarını elan edib. Qərar jurnalistlər Zamin Hacı, Əfqan Muxtarlı, Həkimeldostu Mehdiyev, İlqar Nəsibov, Ramid İbrahimov, Ehtimad Budaqov, İdrak Abbasov Tapdıq Quliyevin (Fərhadoğlu) şikayətlərini əhatə edir.

Bu barədə vəkil Fariz Namazlı məlumat verib. Onun sözlərinə görə, qərar jurnalistlərin müxtəlif vaxtlarda zorakılıq və işgəncəyə məruz qalması ilə bağlı verdikləri şikayətlərlə bağlıdır. Jurnalistlər şikayətlərində onlara münasibətdə Avropa Konvensiyasının 3-cü (İşgəncəyə məruz qalmamaq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu (İfadə azadlığı hüququ) maddələrinin pozuntusuna yol verildiyini iddia ediblər. Məhkəmə bu şikayətləri birləşdirərək vahid qərarını verib: "Məhkəmə Konvensiyanın 3-cü maddəsinin substantiv (maddi) və 10-cu maddəsinin (ifadə azadlığı) pozuntusunu (İdrak Abbasova münasibətdə), İlqar Nəsibova münasibətdə isə Konvensiyanın 3-cü maddəsinin prosessual əsaslarla pozuntusunu və Konvensiyanın 6-ci maddəsinin pozuntusunu tanıdı. Digər ərizəçilərə münasibətdə məhkəmə yalnız Konvensiyanın 3-cü maddəsinin prosessual əsaslarla pozuntusunu tanıdı".

O qeyd edib ki, məhkəmə mənəvi zərərin əvəzi kimi İ.Abbasova 15000 avro, İ.Nəsibova 9750 avro, digər ərizəçilərə 7500 avro, məhkəmə məsrəflərinə görə isə hər işə görə 2000-dən 3500 avroya qədər kompensasiya müəyyən edib.

Bu qərara, hələlik, Azərbaycan rəsmiləri və başqa maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb.

Şikayətlərin motivi…

Jurnalist Z.Hacı 2008-ci ildə bir yazisinda Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağıya xitabən bəzi ifadə işlətdiyinə görə döyüldüyünü iddia edib. Həmin vaxt yerli hüquq mühafizə qurumları Cinayət Məcəlləsinin 163-cü (Jurnalistin peşə fəaliyyətinə mane olma) maddəsi ilə cinayət işi açıblar, ancaq sonradan icraat dayandırılıb. A.Nağı olaydan dərhal sonra Müsavat başqanı İsa Qəmbərin onu Z.Hacı ilə barışdırdığını söyləmişdi. Həmin vaxt ölkə mətbuatında dərc edilən yazılara görə, A.Nağı müstəntiqə ifadəsində isə jurnalistə hücum çəkmədiyini, sadəcə, yüngülvarı süpürləşdiklərini demişdi.

Ə.Muxtarlı 2009-cu ildə Bakıdakı İsrail səfirliyinin binasının qarşısında polis əməkdaşlarının, H.Mehdiyev isə Naxçıvanda müxalifətçilərin keçirdiyi aksiya zamanı tanımadığı şəxslərin zorakılığına məruz qaldığını bildirib.

Digər jurnalistlər İ.Nəsibov 2009-cu ildə Naxçıvan Dövlət Universiteti, R.İbrahimov isə (2011) Prezident Administrasiyasının qarşısında döyüldüyünü iddia edib

Bundan başqa, 2012-ciildə fotojurnalist E.Budaqov Şəmsi Bədəlbəyli küçəsində, hazırda mühacirətdə olan İ.Abbasov isə Sulutəpə qəsəbəsində evlərin sökülməsi zamanı zorakılıqla üzləşdiklərini bildiriblər. İ.Abbasov şikayətlənib ki, onu məhz Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları döyüb.

Ən nəhayət, "Amerikanın səsi" radiosunun əməkdaşı T.Fərhadoğlu isə 2014-cü ildə Bakı Dövlət Universitetinin qarşısında keçirilən aksiyadan reportaj hazırlayarkən zorakılıqla üzləşdiyini deyib.

Sadalan bütün işlər üzrə hüquq-mühafizə qurumlarına müraciət olunsa da, şikayətçilər effektiv araşdırma aparılmadığını iddia edirlər.

Ancaq Azərbaycan rəsmiləri ümumilikdə jurnalistlərə peşə fəaliyyətinə görə basqıların olunması ilə bağlı iddiaları qəbul etmirlər. Hüquq-mühafizə orqanlari bəyan ediblər ki, hansısa qarşıdurmada, icazəsiz aksiyalarda jurnalistlər üzərində "Press" yazılmış gödəkcə geyərlərsə və yaxalarından vəsiqələrini asarlarsa, onlara hər hansı müdaxilə ola bilməz. Üstəlik, rəsmilərin fikirlərinə görə, Azərbaycanda həbs edilən jurnalistlər də peşə fəaliyyətlərinə görə yox, törətdikləri əməllərlə bağlı məsuliyyətə cəlb olunublar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG