Sentyabrın 28-də dünyada COVID-19-dan ölənlərin sayı 1 milyonu keçib. Bir sıra ölkələrdə yoluxmalarda artım qeydə alınır, ikinci dalğanın başlaması sarıdan narahatlıq var.
Səhiyyə rəsmiləri qlobal miqyasda ölüm və yoluxma hallarının real sayının daha yüksək olduğunu deyirlər, çünki adekvat sayda test aparılmır, üstəlik, bəzi ölkələrin pandemiyanın miqyasını gizlətməyə çalışdığı iddia olunur.
50 ştatın yarıdan çoxunda yoluxmalar artır
Yeni koronavirusdan 205 min ölüm halının qeydə alındığı Birləşmiş Ştatlar dünyada bu statistikanın beşdə birini əhatələyir. Sentyabrın 28-də 40 minə yaxın yeni yoluxma və 300-dən çox ölüm təsdiqlənib. Hər iki göstəricinin azalmağa doğru getməsinə baxmayaraq, 50 ştatın yarıdan çoxunda yeni yoluxmalarda artım var.
Ötən ilin sonunda ilk dəfə Çində aşkarlanmış yeni koronavirus dünyanın, demək olar, hər bir ölkəsinə yayılıb. Dünya Səhiyyə Təşkilatı (DST) martın 11-də onu pandemiya elan edib.
Artıq xeyli sayda vaksin sınaq mərhələsinin sonuna yaxınlaşır, ancaq gündə ortalama 5 min nəfərin həyatına son qoyan pandemiyanın sonu görünmür.
Rusiya sentyabrın 28-də iyunun 15-dən bəri rekord sayda – 8 min 135 yoluxma qeydə alındığını açıqlayıb. İndiyədək ölkədə 1.1 milyondan çox yoluxma təsdiqlənib və ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdədir.
Artıq Avropanın bəzi yerlərində ikinci dalğa yaşanır. ABŞ-ın Vitse-prezidenti Mike Pence deyib ki, amerikalılar gələn günlər ərzində yoluxmaların artmasını gözləməlidirlər.