Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:19

Cərimə, yoxsa həbs?


Sizcə, Azərbaycanda hansı əməllərə görə həbs cəzasını cərimə ilə əvəzləmək olar?
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

Sizcə, Azərbaycanda hansı əməllərə görə həbs cəzasını cərimə ilə əvəzləmək olar?

Azərbaycan qanunvericiliyində məhkəmə qərarlarının icra olunmamasına görə həm inzibati qaydada cəza, həm də cinayət məsuliyyəti nəzərdə tutulub. AzadlıqRadiosunun müxbiri son vaxtlar inzibati həbsdən çıxmış siyasi fəallardan həbs yerlərində bu əsasla cəza çəkən xeyli adamın olduğunu öyrənib. Onların əksəriyyəti də aliment və kredit borcunun ödənişi ilə bağlı məhkəmə qərarlarının icrasından boyun qaçırmaqda suçlanaraq həbs olunan şəxslərdir.

İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə qərarının icra olunmamasına görə fiziki şəxslər üçün 500 manatdan 1000 manata qədər cərimə, yaxud da 1 aya qədər inzibati həbs müəyyənləşdirilib.

Cinayət Məcəlləsinin 306-cı maddəsində isə eyni əmələ görə 2000 manatdan 4000 manata qədər cərimə, 320 saatdan 480 saata qədər ictimai işlər, 2 ilə qədər islah işləri, 3 ilə qədər azadlığın məhdudlaşdırılması və eyni müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Təcrübədə cinayət məsuliyyəti ilə müqayisədə inzibati qaydada cəzalandırma hallarına daha çox rast gəlinir.

Sizcə, aliment fondunun yaradılmasının cəmiyyət üçün nə faydası olacaq?
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

200 manat əlavə cərimə

Sumqayıt şəhər Məhkəməsi Elməddin Muradov haqqında aliment borcunun ödənməməsinə görə 10-günlük inzibati həbs qərarı çıxarıb. Onun vəkili apellyasiya şikayətində göstərib ki, müvəkkili əvvəl alimenti ödəyib, sonradan işsizlik üzündən öhdəliyini yerinə yetirə bilməyib.

E.Muradov ayda 160 manat aliment ödəməlidir. Özü də apellyasiya məhkəməsində bildirib ki, heç vaxt alimenti ödəməkdən imtina etməyib. İmkanı daxilində də həmişə ödəyib. Ölkədə pandemiya ilə əlaqədar karantin rejimi elan olunduğuna görə bir müddət işsiz qalıb. Sonradan yeni işə düzələndə 700 manat və 200 manat olmaqla, yenə ödəniş edib. Qalan borcu cəmi 310 manatdır, onu da yaxın vaxtlarda ödəyəcəyinə söz verib.

Sumqayıt Apellyasiya Məhkəməsi E.Muradovu İXM-in 528-ci maddəsilə təqsirli bilsə də, onun cəzasını dəyişib. 10-günlük həbs 500 manat cərimə ilə əvəzlənib. Hakim onun apellyasiya məhkəməsinə qədər artıq iki gün həbsdə qalmasını da nəzərə alaraq cəriməni 200 manata endirib.

Beləliklə, imkansızlıq ucbatından alimenti tam ödəyə bilmədiyini iddia edən E.Muradov üstəlik, 200 manat da cərimə ödəməlidir.

Bənzər vəziyyətlə banklara kredit borcu olan vətəndaşlar da qarşılaşır.

Ə.Həsənov
Ə.Həsənov

"Borca görə həbs biabırçılıqdır"

Vəkil Əkrəm Həsənov hesab edir ki, borca görə vətəndaşın həbs olunması doğru deyil. Amma bu gün də təcrübədə belə hallara tez-tez rast gəldiyini vurğulayan vəkilin sözlərinə görə, Azərbaycan Avropada yeganə ölkədir ki, mülki qaydada məhkəmə qərarıyla üzərinə qoyulmuş pulu ödəyə bilməyən vətəndaş həbs olunur.

Ə.Həsənov vurğulayıb ki, vətəndaşın məhkəmə qərarını hansı səbəbdən icra etmədiyi mütləq araşdırılmalıdır. Əgər öhdəliyi yerinə yetirməyə imkanı var, amma boyun qaçırırsa, bu halda cəzalandırılmalıdır: "Amma təcrübədə görürük ki, səbəbin üzrlü, ya üzrsüz olmasını heç araşdıran yoxdur. Halbuki, imkanın olub-olmaması mütləq aydınlaşdırılmalı məsələdir".

Vəkilin sözlərinə görə, Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrdə də deyilir ki, kimsə borcunu ödəyə bilmədiyinə görə həbs edilə bilməz.

Ə.Həsənov borca görə həbslərlə bağlı Avropa Məhkəməsinə də bir neçə şikayət göndərib: "Həmin işlər Avropa Məhkəməsində icraatdadır. Borca görə həbs biabırçılıqdır".

"...hazırda yeganə yol budur"

Millət vəkili Fazil Mustafa da bank borcu, aliment ödənişi kimi qərarların icrasıyla bağlı həbslərin narahatlıq yaratdığını deyir. Amma onu da bildirir ki, vətəndaşı məhkəmə qərarını icra etmək, öhdəliyi yerinə yetirmək məsələsində məsuliyyətli olmağa vadar etmək üçün cəza mexanizmi olmalıdır:

F.Mustafa
F.Mustafa

"Alternativ yol Aliment Fondunun yaradılması olardı - dövlət uşağın pulunu vaxtında ödəyir, vətəndaş da o Fonda ödəniş edir. O da hələ yaradılmayıb. Ona görə də insanları məsuliyyətli olmağa məcbur etmək üçün hazırda yeganə yol budur. Alimenti gözləyən kifayət qədər insanlar da var, onları da nəzərə almaq lazımdır. Yaxud da bankdan pul götürüb, indi "ödəmirəm" deməklə də olmur. Bəs bankın hüququ harada qaldı? Devalvasiya və buna bənzər hallarda dövlət dəstəyini verir. Amma hər borcunu ödəməyənə dövlət dəstək verə bilməz, axı...".

F.Mustafa da vurğulayıb ki, qərarın icra olunmamasına görə cəza müəyyənləşdirilərkən məhkəmələr mütləq bunun səbəbini araşdırmalıdır. Hüquqşünas-deputat deyir ki, şəxsin öhdəliyini qərəzli şəkildə yerinə yetirmədiyi, yoxsa onun imkanı xaricində olduğu aydınlaşdırılmadan qərar verilməməlidir: "Hamını ucdantutma həbs eləmək olmaz. Məhkəmə araşdırmadan, yüngülləşdirici halları nəzərə almadan həbs qərarı verirsə, bu yanlışdır".

XS
SM
MD
LG