Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:28

Bakıda yaşayış binasında 1000 kVA-lıq təhlükə


Yarımstansiya
Yarımstansiya

Bakının Nərimanov rayonu, Təbriz küçəsi-52 ünvanındakı yaşayış binasında uzun illərdir ki, elektrik yarımstansiyası yerləşir. Dördmərtəbəli binada 11 mənzil var. Sakinlər deyir ki, yarımstansiya onların həyatı üçün təhlükə mənbəyidir, təcili oradan çıxarılmalıdır.

"Azərenerji" isə bununla razılaşmır. Ona görə də mübahisə məhkəmə müstəvisinə çıxıb. İki ildən çoxdur ki, "Azərenerji" ilə binanın sakini Rövşən Mövlamov arasında məhkəmə çəkişməsi gedir.

Bu mübahisəyə bir dəfə Nəsimi rayon Məhkəməsində, iki dəfə Bakı Apellyasiya Məhkəməsində, iki dəfə də Ali Məhkəmədə baxılıb.

100 min manat kompensasiya tələbi

Yüksəkgərginlikli elektrik transformatorları binanın birinci mərtəbəsindəki üç otaqda yerləşir. Bina sakini yarımstansiyanın köçürülməsindən əlavə, mənəvi ziyana görə "Azərenerji"dən 100 min kompensasiya, məhkəmə xərclərinin də bu qurumun üzərinə qoyulmasını istəyib.

Məhkəmələr mənəvi ziyana görə təzminat hissəsində vətəndaşa "yox" desə də, binadakı elektrik transformator məntəqəsinin çıxarılıb başqa yerdə yerləşdirilməsinə qərar verib. "Azərenerji"nin üzərinə bundan əlavə, məhkəmə zamanı keçirilmiş ekspertiza xərcini (200 manat) də ödəmək öhdəliyi qoyulub. Bu qərardan narazı qalan "Azərenerji" apellyasiya və kassasiya instansiya məhkəmələrinə şikayət versə də, nəticə dəyişməyib.

Məhkəmə mühəndis-texniki ekspertizasının rəyində yazılıb ki, çəkişməyə səbəb olan elektrik yaramstansiyasının yaşayış binasının daxilində tikilməsi "Elektrik qurğularının quraşdırma qaydaları"nın 7.1.15-ci bəndinin tələblərinə ziddir.

Dövlət orqanları xəbərsiz olduqlarını deyir

Energetika Nazirliyinin Enerji Məsələləri Tənzimləmə Agentliyi məhkəməyə göndərdiyi məktubda bildirir ki, yarımstansiyanın yaşayış binasında yerləşməsinə razılıq verməyib: "Yarımstansiyanın binanın daxilində yerləşdirilməsi və istismarına razılığının alınması barədə nazirliyə müraciət daxil olmayıb. Bununla bağlı razılıq sənədi - istismara buraxılış aktı da verilməyib".

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti də yaşayış binasının daxilində transformator məntəqəsinin yerləşdirilməsinin onlarla razılaşdırılmadığını iddia edir: "Həmin yaşayış binası Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Tikinti quraşdırma işləri də Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmadan aparılır".

Sözügedən bina 1930-cu illərdə tikilib, əvvəllər "Azərbaycan Dövlət Dəmir Yolları"nın balansında olub. Bu qurumun 27 mart 2001-ci il tarixli əmri və Bakı şəhər İcra Hakimiyyətinin 15 mart 2001-ci il tarixli sərəncamıyla indiki vəziyyətdə balansa qəbul edilib. Mənzil-Kommunal Təsərrüfatı Departamenti də yazılı şəkildə bəyan edib ki, binanın daxilində transformator məntəqəsinin yerləşdirilməsinə razılıq verməyiblər.

Araşdırma nəticəsində o da məlum olub ki, transformatorun gücü əvvəllər 320 kilovatt (kVA) olub. 2007-ci ildə gücü 1000 kVA olan transformatorla əvəzlənib.

Sentyabrın 18-də Ali Məhkəmə bu mübahisəyə son nöqtəni qoyaraq aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. "Azərenerji" yarımstansiyanı köçürməli, məhkəmə dövründə keçirilən ekspertizanın xərcini – 200 manatı da Ədliyyə Nazirliyinə ödəməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG