Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

“Gilan” “Azərişıq”ı ittiham edir: “Artıq cərimə yazır...”


Azərişıq ASC
Azərişıq ASC

“Gilan Qəbələ Konserv Zavodu” MMC “Azərişıq”ı məhkəməyə verib. Şirkət iddia edir ki, “Azərişıq” MMC əsassız cərimələr yazır, öz öhdəliklərini də abunəçinin üzərinə qoyur.

Adları çəkilən qurumların arasında 1555 manatlıq mübahisə var. “Gilan Qəbələ Konserv Zavodu”na bu qədər cərimə yazılıb. “Azərişıq”ın əməkdaşları transformatorda yaranmış texniki itkiyə görə zavoda 1555 manatlıq əlavə sərfiyyat hesablayıb, bu barədə akt tərtib edib.

“Gilan” bu pulu ödəməkdən imtina edib, öncə “Azərişıq” ASC-nin sədri Baba Rzayevə, “Enerji Məsələlərini Tənzimləmə Agentliyi”nin rəhbərinə müraciət edib. Cərimə silinməyəndə məhkəməyə üz tutub.

“Azərişıq”ın nümayəndəsi Aqil Gülməmmədov isə iddiaya etiraz edib. Deyib ki, 1555 manat borc zavodun enerjidən istifadəsi nəticəsində yaranıb, məbləğ də “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun hesablanıb.

Mübahisəyə bugünlərdə Şəki İnzibati-İqtisadi Məhkəməsində baxılıb. Məhkəmə “Gilan”ı haqlı sayıb. Belə nəticəyə gəlib ki, “Azərişıq” transformatorda yaranmış texniki itkinin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etmədən ona əsassız borc yazıb.

“Enerji təchizatı müəssisəsinin əməkdaşı qərəzsiz davranmalı, istehlakçını məsuliyyətə cəlb etməkdə maraqlı olmamalıdır. Əks halda, onun fəaliyyəti qüsurla həyata keçirilmiş olur”, - hakim öz qərarında belə yazıb.

Məhkəmə 1555 manatın silinməsinə qərar verib.

Ötən il bəzi sıravi abonentlər də onlara əlavə, işlətdikləri elektrik enerjisindən iki-üç dəfə çox işıqpulu yazıldığını iddia edirdilər. Ancaq şirkət bu iddiaları təkzib edib, abonentləri şikayətlərlə əlaqədar fərdi müraciət etməyə çağırıb.

XS
SM
MD
LG