Navalnı sosial mediada Berlində parkda skamyada oturduğu fotosunu paylaşıb. O yazıb ki, sol əlini tam işlədə bilməsə də bir qıçı üzərində dayanıb güc toplamağı öyrənir.
“Onlar mənə 24 gün reanimasiyada qalandan sonra güzgü verəndə mənə “Üzüklər kralı” filmindən bir obraz baxırdı və sizə deyim ki, bu qətiyyən bir pəri deyildi”, – Navalnı postunda yazıb.
“Çox dilxor oldum: Düşündüm ki, heç vaxt özümə gəlməyəcəyəm. Amma həkimlər möcüzə yaratmağa davam etdilər”, – o bildirib.
Navalnı fizioterapiyanı davam etdirəcəyini qeyd edib.
***
Kremlin tənqidçisi Aleksey Navalnı Almaniyada müalicə olunduğu xəstəxanadan buraxılıb. O, ötən ay Sibirdə təyyarədə özünü pis hiss edəndən bir neçə gün sonra Berlinə aparılmışdı.
Almaniya hakimiyyəti bu ölkədə, eləcə də Fransa və İsveçdə aparılan testlərin Navalnının Noviçok sinir qazıyla zəhərləndiyini göstərdiyini bildirib.
Qərb buna görə Rusiyadan izahat tələb etsə də Moskva təhqiqat başlatmaqdan imtina edib, bunun üçün yetərincə dəlil olmadığını deyib. Kreml məsələdə əli olmadığını bildirir.
“Xəstənin vəziyyətinin kifayət qədər yaxşılaşması onun xəstəxanadan buraxılmasına imkan verib”, – Charite xəstəxanası sentyabrın 23-də yaydığı bəyanatda qeyd edir.
“Xəstədəki irəliləyiş və mövcud vəziyyətinə əsaslanan müalicə həkimləri tam bərpanın mümkün olduğuna inanırlar. Amma onun kəskin zəhərlənməsinin potensial uzunmüddətli nəticələrini indidən deməyə tezdir”, – bəyanatda vurğulanır.
Navalnı Berlindəki xəstəxanada 32 gün qalıb, onun 24 gününü reanimasiya şöbəsində keçirib.
Ekspertlərin fikrincə, onun əynindəki geyim zəhərlənmə üzrə təhqiqatda faydalı ola bilərdi.
Rusiya rəsmiləri isə almaniyalı həmkarlarının bəyanatlarını şübhə altına alıblar.
Navalnının komandası onun Tomskda oteldə qaldığı otaqdan götürülmüş su butulkasında Noviçok izlərinin aşkarlandığını açıqlayıb. Kremlin sözçüsü Dmitri Peskov bu ehtimalı “absurd” adlandırıb.
Fransa Prezidenti Emmanuel Makron sentyabrın 22-də Moskvadan müxalifətçinin zəhərlənməsinə dair “dərhal və qüsursuz” izahat tələb edib. O, BMT Baş Məclisinin 75-ci sessiyasında çıxışı zamanı bu haqda danışıb.