Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 21:47

AXCP üzvünün 'kars'a salındığı bildirilir


Z.Salayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayevin saxlandığı 17 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına salındığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.

Məlumata görə, sentyabrın 19-da 16 saylı Cəzaçəkmə Müəssisəsindən 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülən Z.Salayevə təzyiq edilir: "Zamin Salayev sentyabrın 15-dən özünün və Tofiq Yaqublunun həbsinə etiraz olaraq 16 saylı Cəzaçəkmə Müəssisəsində aclığa başlayıb. Bir neçə gün sonra evə zəng vurub deyib ki, bu səbəbdən həmin müəssisədə fiziki təzyiqə məruz qalıb, döyülüb. Ayın 19-da onu 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüblər. Burda isə o, 'kars'a (cərimə kamerası) salınıb. Səbəb onun aclıq aksiyası olub".

Bu deyilənlərə Penitensiar Xidmətdən, hələlik, münasibət öyrənmək mümkün olmayıb. Amma qurum, bir qayda olaraq, təcridxana və cəzaçəkmə müəssisələrində məhbusların döyülməsi ilə bağlı iddiaları təkzib edir.

Milli Şura və Müsavat Partiyasının üzvü T.Yaqublu bu il sentyabrın 3-də xuliqanlıq ittihamı ilə 4 il 3 ay həbs cəzası alıb. Həbsini qanunsuz sayan müxalifətçi 17 gün aclıq aksiyası keçirib. Sonradan o, ev dustaqlığına buraxılıb.

Xatırlatma

AXCP Salyan rayon şöbəsinin fəalı Z.Salayev həmin rayonun polis şöbəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti ilə 2 il 3 ay azadlıqdan məhrum edilib. Bu il aprelin 20-də Salyan rayon Məhkəməsində hakim Ağarza Səmədov bu barədə hökm çıxarıb. Hökmə əsasən, Z.Salayev Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinib.

H.Əzizov AXCP fəalına qarşı xüsusi ittiham qaydasında iddia qaldırmışdı. Z.Salayev yanvar ayında sosial şəbəkələrdə polis əməkdaşıyla aralarındakı mübahisənin videosunu paylaşmışdı. Onların arasında Salyan sakini olan bir xanıma təcavüzdən söhbət gedirdi. Z.Salayev polis əməkdaşını sözügedən xanımı "bədbəxt etməkdə" suçlayırdı. Daha sonra Z.Salayev Bakıda polisə müqavimət ittihamıyla 30 sutkalıq həbs olunmuş, polis bölməsində işgəncələrə məruz qaldığını açıqlamışdı.

Daxili İşlər Nazirliyi (DİN) isə açıqlama yayaraq həm polis əməkdaşının təcavüz etməsi, həm də Z.Salayevin işgəncəyə məruz qalması barədə iddiaları təkzib etmişdi.

Multimedia

XS
SM
MD
LG