Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 12:45

T.Yaqublu xəstəxanadan çıxıb


T.Yaqublu xəstəxanadan çıxır. 18 sentyabr 2010
T.Yaqublu xəstəxanadan çıxır. 18 sentyabr 2010

Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu sentyabrın 18-də "City Hospital"dan çıxarılıb. Onu xəstəxananın önündə alqış və şüarlarla tərəfdarları qarşılayıb. T.Yaqublu deyib ki, apardığı mübarizəni bundan sonra da davam etdirəcək.

T.Yaqublu aclıq aksiyasını dayandırıb

Apellyasiya Məhkəməsinin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı qərardan sonra Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu 17 gündür keçirdiyi aclıq aksiyasını dayandırıb.

Bu barədə AzadlıqRadiosuna həkim Adil Qeybulla məlumat verib. Onun sözlərinə görə, hazırda uzunmüddətli aclıqdan sonra reabilitasiya gedir və lazımi tədbirlər görülür: "Bu gün, sentyabrın 18-də və ya sabah Tofiq bəy xəstəxanadan evə buraxılacaq".

Tofiq Yaqublu ev dustaqlığıa buraxıldı
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

T.Yaqublu ev dustaqlığına buraxıldı

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu həbsdən buraxılıb. Onun haqqındakı həbs qərarı ev dustaqlığı ilə əvəzlənib. Bu barədə sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində Elmar Rəhimovun sədrliyi ilə hakimlər kollegiyası qərar verib.

Bakı Apellyasiya Məhkəməsində T.Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökmdən verilən şikayətə baxılıb. İlkin baxış iclasında həm T.Yaqublunun vəkilləri, həm də prokurorluq onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Həm Penitensiar Xidmətin, həm də TƏBİB-in T.Yaqublu haqqında arayışları elan olunub. Arayışlarda T.Yaqublunun səhhətində ciddi problemlər olduğu vurğulanıb.

Hakimlər kollegiyası bir neçə dəqiqəlik müşavirədən sonra həbs-qətimkan tədbirinin dəyişməsi barədə vəsatətləri təmin edib. T.Yaqublu ev dustaqlığına buraxılıb.

Məhkəmənin ilkin baxış iclası sentyabrın 28-də davam etdiriləcək.

Məhkəmənin qarşısı
Məhkəmənin qarşısı

Tofiq Yaqublunun sistemdən imtina etdiyi bildirilir

"City Hospital"da olan və 17 gündür həbsinə etiraz olaraq aclıq aksiyası keçirdiyi bildirilən müxalifətçi Tofiq Yaqublunun sistemlər və dərmanlardan da imtina etdiyi deyilir.

Bu barədə həkim Adil Qeybulla məlumat verib. Həkimin sözlərinə görə, sistemlərdən imtinası T.Yaqublunun səhhətində müəyyən fəsadlara gətirib çıxara bilər: "Aclıq edən adamın ilin isti vaxtı sistemdən imtinası bədəndən su buxarlanmasını artırır, bədəndə qanın qatlaşması, hipoksiya baş verir, mikrosirkulyar sistem normal işləmir, venalarda tromboz, tromboemboliya, o cümlədən, beyin ödəmi ola bilər. Fəsadlar çoxdur. Bu tərəfdən biz ona tibbi dəstəyin bərpasına çalışırıq, digər tərəfdən də hüquqi müstəvidə vəkillər çalışırlar ki, hüquqi məsələlər mümkün qədər tez həllini tapsın".

A.Qeybulla əlavə edib ki, T.Yaqublunun vəziyyəti kafi-ağır kimi qiymətləndirilir: "Dünən, sentyabrın 17-də ona TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) əməkdaşlarından ibarət birgə komissiya baxdı. Mən də orada iştirak edirdim. Vəziyyət kafi-ağır qiymətləndirildi. Vəziyyəti indiki durumda nisbətən stabil qalsa da, potensial ağır dəyərləndirilir".

Bu gün, sentyabrın 18-i məhkəmədir…

Sentyabrın 18-də T.Yaqublu ilə görüşən vəkil Aqil Layıc isə bildirib ki, T.Yaqublunun vəziyyəti pisdir: "O qədər zəifləyib ki, görüş çox qısa çəkdi. Fikirləri fiziki olaraq aydın olsa da, danışmaq çətinlik çəkirdi".

Vəkil qeyd edib ki, T.Yaqublu barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verilib: "Amma bu gün, sentyabrın 18-də apellyasiya məhkəməsində birinci instansiya məhkəməsinin qərarından şikayətimizə baxılacaq. Ona görə də Tofiq Yaqublu barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti geri götürmüşük. Apellyasiya Məhkəməsində həmin vəsatəti qaldıracağıq. Proses bu gün, sentyabrın 18-də saat 16:00-da hakim Elmar Rəhimovun sədrliyi ilə keçiriləcək".

Amma bundan əvvəl apellyasiya şikayətinə sentyabrın 28-də baxılacağı bildirilirdi.

'Aksiyaya iki ictimai fəal qoşulub'

Müxalifətçi Tofiq Yaqubluya dəstək məqsədilə Müsavat Partiyasının qərargahında aclıq aksiyasının günlərdir davam etdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna aksiya iştirakçılarından biri olduğunu söyləyən hüquq müdafiəçisi Zəfər Əhmədov danışıb. Onun deməsinə görə, aksiyaya iki ictimai fəal da qoşulub - bunlar Səyyarə HeydərovaƏli Azərlidir.

Z.Əhmədov deyib ki, aksiya iştirakçılarından Elnur Həsənovun səhhəti çox pisdir: "Artıq hərəkət edə bilmir, danışığında problem var. Sentyabrın 17-də təcili yardım çağırmaq istəsək də, buna imkan vermədi. Nə qədər desək də, aksiyanı dayandırmır".

Bu açıqlamaya, hələlik, Səhiyyə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) verilən məlumata görə, əvvəlcə sentyabrın 3-dən cəbhəçilərdən Ayət İsmayıl, Tofiq Məmmədov, Elşən Həsənov ev şəraitində aclıq aksiyasına başlayıblar. Sentyabrın 7-də onlar Müsavat Partiyasına gətiriliblər. Elə həmin gün də Müsavat Partiyasının fəalı Elman Quliyev aksiyaya qoşulduğunu açıqlayıb. Onlardan indiyə kimi T.Məmmədovun və E.Quliyevin aksiyanı dayandırdığı açıqlanıb. Z.Əhmədovun isə sentyabrın 13-dən aclıq edənlərə qoşulduğu bildirilir.

T.Yaqublu sentyabrın 12-də saxlandığı 3 saylı İstintaq Təcridxanasından özəl klinika olan "City Hospital"a köçürülüb. Onun özəl klinikaya köçürülməsini müdafiə tərəfi Avropa İnsan Hüquqlar Məhkəməsinə müraciət etmələri ilə izah edib. Penitensiar Xidmətdən açıqlamaya görə isə, T.Yaqublunun səhhətinə qayğı ilə həssas yanaşılaraq və humanizm nümayiş etdirilərək o, mülki xəstəxanaya – "City Hospital"a köçürülüb.

Xatırlatma

T.Yaqublu bu il martın 22-də tutulub. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir.

Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə T.Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib.

T.Yaqublunun özünün də sentyabrın 2-dən dövlət ittihamçısının ona cəza istəməsindən sonra aclıq aksiyasına başladığı deyilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG