Norveçdə 2011-ci ildə əsasən yeniyetmələr olmaqla 77 nəfəri qətlə yetirmiş sağ-qanad ekstremist Anders Behrinq Breyvik şərti cəza üçün müraciət edib. Məlumatı vəkili sentyabrın 16-da açıqlayıb.
Breyvik digər məhbuslardan ayrı saxlandığı həbsxana şəraitilə bağlı Norveç hökumətinə qarşı yeni məhkəmə iddiası da qaldırmağı planlaşdırır, vəkili Oystein Storvik deyib.
2011-ci ilin iyulunda Breyvik Osloda hökumət binası yaxınlığına bomba hücumu ilə səkkiz nəfəri öldürüb. Daha sonra polis geyimində 69 nəfəri izləyərək qətlə yetirib. Qurbanlar əsasən Utoya adasında Leyboristlər Partiyasının gənclər düşərgəsindəki gənclərdən ibarət idi.
Minimum müddət keçib
2012-ci ilin avqustunda o, Norveçin ən sərt cəzasına – 21 il həbsə məhkum edildi və bu cəza qeyri-müəyyən vaxta uzadıla da bilər.
“Onun adından şərti cəza üçün müraciət etmişəm”, – Storvik Norveçin “Verdens Gang” qəzetinə deyib.
“Onun minimum müddəti keçəndən sonra şərti cəza üçün müraciət hüququ var, bu işdə müddət 10 ildir. Bu, bütün məhkumların hüququdur və bu hüququndan istifadə etmək istəyir”, – Storvik söyləyib.
Vəkili əlavə edib ki, Breyvik həbsxanada “belə uzun müddətə təcriddə” qaldığına görə dövlətə qarşı iddia qaldırmağı planlaşdırır. O, adını dəyişərək Fjotolf Hansen qoyub.
Breyvik daha öncə də həbsxana şəraiti ilə əlaqədar dövlətə qarşı iddia qaldırıb, “qeyri-insani” və “alçaldıcı” rəftarı yasaqlayan Avropa İnsan Hüquqları Konvensiyasının pozulduğunu deyib.
2016-cı ildə qismən hüquqi qələbə qazansa da, Norveçin daha üstün məhkəmə orqanları və Avropa İnsan Hüquqları Məhkəməsi onun şikayətini rədd edib.
Skien həbsxanasında Breyvikin hər biri 10 kvadrat metr olmaqla üç kamerası var, həyət mənzərəsi görünür, idman edə, videooyunlar oynaya, televizora baxa bilər.
Qurbanların ailələrinə dəstək qrupu hələlik, onun şərti cəza üçün müraciətini şərh etməyib.