Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

'Borat 2' çəkilir


Saşa Baron Koen Almaniyada "Borat" filminin premyerasında. 2006
Saşa Baron Koen Almaniyada "Borat" filminin premyerasında. 2006

Birinci "Borat" filminin bütün dünyada gəliri 260 milyon dollar olub. Film Koenə "Qızıl Qlobus" mükafatı qazandırıb.

Saşa Baron Koenin 2006-cı ildə çəkdiyi "Borat" blokbaster komediyasının sekveli çəkilib. "Indiewire" saytı "Collider" əyləncə saytına istinadən yazır ki, "Borat 2"də Koenin yaratdığı məşhur qazax jurnalist personajı artıq 2006-cı ildə çəkilən filmin uğurundan sonra məşhurlaşdığını düşünür. Buna görə də cəmiyyətdən gizlənmək üçün özünü başqa adam kimi qələmə verir, insanlarla görüşəndə və onlardan müsahibə alanda öz adını gizlədir.

Kütləni onunla birlikdə irqçi mahnı oxumağa inandırıb

Koen son bir neçə ay ərzində ictimai prənklərlə gündəmə gəlib. Bəzi pərəstişkarları onun "Who is America" (Amerika kimdir?) adlı silsilə şoularının ikinci mövsümünə, yaxud yeni bir layihəyə başlaya biləcəyini deyirdilər.

İyunun sonunda Koen Vaşinqton ştatının Olimpiya şəhərində ifrat sağçıların yürüşünə gedib kütləni onunla birlikdə irqçi mahnı oxumağa inandırdığı üçün başlıqlara çıxıb. "Hüquqlarımız naminə yürüş 3" (March for Our Rights 3) adlanan bu aksiyanı "Washington Three Percenters" adlı ifrat sağçı qrup təşkil edibmiş. Bu qrup həm də vətəndaşların silah saxlamaq hüququnu müdafiə edir. Koen yürüşə kombinezon və yalançı süni saqqalla gəlib. Oxuduğu mahnıda isə uşaqlara "Uhan qripi" inyeksiya etmək kimi sözlər olub.

Koenin başqa bir zarafatı barədə xəbər iyulun əvvəlində yayılıb. Nyu-York şəhərinin keçmiş meri Rudi Culiani "New York Post" qəzetinə bildirib ki, Koen iyulun 7-də onun müsahibəsi zamanı peyda olub. Culiani elə bilib ki, ondan Ağ Evin koronavirus pandemiyası ilə bağlı tədbirləri haqda müsahibə alacaqlar. Ancaq bir qadın jurnalistlə söhbətin ortasında "əcaib geyimdə olan" bir kişi peyda olub. Onun əynində tüllü çəhrayı bikini, üstündən də şəffaf torlu köynək var imiş. Culiani bu zarafatı "absurd" adlandırıb.

Avqustun sonuna doğru sosial mediada yayılmış bir viral Tik Tok videosunda Koen Borat görkəmində yolun ortasında maşınla aşağı sürətlə fırlanarkən görünüb. Videonun ardınca tamaşaçıların Koenin Boratı dirildib sekvel çəkməli olduğu haqda israrı daha da artıb. Ancaq bunun yay ərzində edilən zarafatlarla bir əlaqəsinin olub-olmaması aydın deyildi.

"Koeni oynayan Boratı oynayan Koen"

"Collider" saytının "Borat 2"nin ssenarisi ilə bağlı verdiyi məlumata inansaq, Koen elə bu zarafatlar zamanı da həmin filmi çəkməklə məşğul imiş. Bir mənbə bu layihəni "Collider"ə belə təsvir edib: "Koeni oynayan Boratı oynayan Koen".

"Borat" 2006-cı ildə kassa gəlirləri çempionu olub. O, bütün dünyada 260 milyon dollardan artıq gəlir gətirib. Koen "Komediya, yaxud müzikldə ən yaxşı aktyor" nominasiyasında "Qızıl qlobus" (Golden Globe) mükafatına layiq görülüb. "Borat" filmi bundan başqa, "Ən yaxşı ssenari" nominasiyasında "Oskar"a namizəd göstərilib.

Filmdə Koen həm görkəmi, həm hekayəsi, həm də düşdüyü vəziyyətlərlə tamaşaçıları güldürən qəribə bir personajı – qazaxıstanlı jurnalisti canlandırır.

Bu filmdən əvvəl, 2000-ci ildə isə Koenin Britaniya televiziyasında komik şousu gedirdi. "Da Ali G. Show" adlı bu şouda Koen özünün ən məşhur personajlarından biri olan Ali G.-ni canlandırırdı.

Tamaşaçılar onun "Borat"dan sonra ondan da absurd personajlar yaratdığını xatırlayırlar. Onlardan biri "Bruno" (2009), digəri isə "Diktator" (Dictator) (2012) filmindəki baş qəhrəmandır.

XS
SM
MD
LG