Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:50

‘Könlündən diktatorluq keçən qapalı adamlar’ haqda film


"Vise" filmindən kadr
"Vise" filmindən kadr

Adam McKay “Aparıcı” (“Anchorman”), “Ögey qardaşlar” (“Step Brothers”) kimi komediyaların yaradıcısıdır. Ancaq o, sonralar Amerikanın ən ciddi kinematoqrafçılarından birinə çevrilib. O, günümüzdə baş verən mürəkkəb hadisələrə ciddi münasibət bildirən rejissorlardandır.

Əsas dəyişiklik 2015-ci ildə çəkdiyi, Oskar mükafatına layiq görülmüş “The Big Short” sənədli dram filmi ilə başlayıb.

Bu film 2007-2008-ci illərdə başlamış maliyyə böhranının əsl səbəblərini izah etmək cəhdi idi. Filmdə gülməli məqamlar da az deyil. McKay-in bu sıradan daha bir işi ötən il ekranlara çıxan “Vise” (“Vice”) filmidir. Filmin ortaya qoyduğu əsas sual ABŞ-da siyasətin bugünkü surreal hala gəlməsinin səbəbləri ilə bağlıdır. Sualın cavabı isə iki sözdən ibarətdir: Dick Cheney.

KÖNLÜNDƏN DİKTATORLUQ KEÇƏN ŞƏXSLƏR

“Vise” filmində də “The Big Short” filmindəki postmodern fəndləri görmək olur. Onların arasında “dördüncü divarı” (mütəxəssislər aktyorla tamaşaçı arasındakı görünməz divarı belə adlandırırlar – tərc.) dələn monoloqlar, istehzalı səsləndirmə və hətta bir şekspirsayağı dialoq da var. Ancaq “Vise” McKay-in daha öncəki filmindən daha fokuslu və maraqlıdır. Çünki hamının tanıdığı maraqlı, az qala əfsanəvi bir şəxsin həyatı haqdadır.

Filmdə öncə 1963-cü ildə Vayominqdə davakar, sərxoş halda maşın sürən, universitetdə təhsilini yarımçıq qoymuş gənci görürük.

Christian Bale-in oynadığı Cheney sonradan o zaman Ağ Evin qərargah rəisi olan Donald Rumsfeld-in (Steve Carell) köməkçisi, sonra konqresmen, ondan sonra neft şirkətinin baş icraçı direktoru (CEO-su), ən sonra isə George W Bush-un (Sam Rockwell) yerinə qərarların çoxunu qəbul edən vise-prezident olur.

Bu yolda Cheney get-gedə kökəlir və keçəlləşir. Bu mənada həm Bale öz dəyişmək bacarığını nümayiş etdirir, həm də filmin qrim komandası çox gözəl performans ortaya qoyur. Hətta bir müddətdən sonra siz aktyorun lateks qatları ilə örtüldüyünü belə sezməməyə və bu tədrici dəyişikliyi normal qəbul etməyə başlayırsınız.

“Vise” filmində kişi səfehliyi və təkəbbürünə çox yer verilib.

Bir anlıq “Saturday Night Live” komediya proqramından səhnəyə baxdığınızı zənn etdiyiniz zaman McKay araya yandırılan kambocalı kəndlilər və dağıdılıb yerlə-yeksan edilən əfqan şəhərlərinin görüntülərini yerləşdirir. Rejissor bu yolla israr edir ki, Cheney və ətrafı animasiya filmi qəhrəmanları deyil, insanların etibarı ilə oynayan, işgəncə verən, kütləvi qırğın törədən, ətraf mühiti alt-üst edən, könlündən diktatorluq keçən real şəxslərdir.

LİBERALLARIN TƏBLİĞATI, YOXSA...

“Vise” filminə baxan və ya baxmaqdan imtina edən bəzi adamlar onun liberalların təbliğatı olduğunu deyirlər. Ancaq siyasi baxışlarınızdan asılı olmayaraq siz bu sinik filmin çox sərt olduğunu sezəcəksiniz.

Cheney nəyə inanır? Filmdə onun konqresmen olduğu vaxt dünyanı daha qəddar, ətraf mühiti daha çirkli edən bütün qanunlara səs verdiyini görürük. Vise-prezident olduğu müddətdə də fərqli mövqe tutmur. Ancaq təəssüf ki, filmdə onun niyə bu qədər qəddar qərarlar verməsinin səbəblərindən söz açılmır.

Filmin əvvəlində Cheney öz fikri olmayan, başqalarının dediyini edən gicbəsər kimi təsvir olunur. Ancaq bir məqamda kadr arxasındakı səsin “ortabab tələbə və mediokr idmançı” kimi səciyyələndirdiyi Cheney makiavellisayağı hökmdara çevrilir. McKay bunun necə və nə üçün baş verdiyinə aydınlıq gətirmir. Filmin başlanğıcında verilən yazıda bu qədər “qapalı” adam haqda film çəkməyin çətin olduğu, ancaq yaradıcı heyətin “əlindən gələni etdiyi” vurğulanır.

McKay Cheney-nin həyat yoldaşı Lynne-i daha maraqlı təsvir edib. Çox da məşhur olmasa da, mükafata layiq performans göstərən Amy Adams-ın oynadığı bu amerikalı Ledi Makbet çox ətiacı və qətiyyətlidir. Cheney-ni ayılmağa, özünün fikrini və işini ortaya qoymağa da o məcbur edir. Cheney-dən fərqli olaraq Lynne xarizmalıdır və məhz onun xarizması ərinə kənd seçicilərinin və Vaşinqtondakı siyasətçilərin səslərini qazandırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG