Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Senatorlar Belarusa sanksiya qətnaməsi hazırlayır


Belarusda etirazçı saxlanır, 13 sentyabr, 2020-ci il
Belarusda etirazçı saxlanır, 13 sentyabr, 2020-ci il

ABŞ-da hər iki siyasi partiyanı təmsil edən 13 senatordan ibarət qrup Belarusda dinc etirazçılara divantutma üçün məsuliyyət daşıyan rəsmilərə sanksiya qətnaməsi hazırlayıb.

Respublikaçı senator, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Cim Riş sentyabrın 14-də mətbuat üçün açıqlamada deyib ki, Belarus müxalifətinə qarşı zorakılıq və repressiya “vicdansızlıqdır”.

Birləşmiş Ştatların dəstəyinin güclü simvolu

Qətnamədə Alyaksandr Lukaşenkanın altıncı müddətə prezident elan olunduğu 9 avqust seçkisinin “azad və ədalətli keçirilmədiyi” bildirilir, Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələr etibarsız elan edilir.

Sənəddə siyasi məhbusların və dinc etiraz etdiyinə görə saxlananların buraxılması tələb olunur.

Sanksiyaların Avropa Birliyi və digər beynəlxalq tərəfdaşlarda koordinasiya edilərək gerçəkləşəcəyi bildirilir. Riş sanksiyaları Birləşmiş Ştatların Belarus xalqına, onların sərbəst toplaşma, ifadə, azad seçki hüququna və hüququn aliliyinə dəstəyinin güclü simvolu olduğunu deyib.

Demokrat senator Bob Menendez deyib ki, “Belarus xalqının cəsarətinə pərəstiş edir”. O, beynəlxalq ictimaiyyəti onların azad və demokratik gələcək istəyini tam dəstəkləməyə çağırıb.

Qətnamədə 7 mindən çox Belarus vətəndaşının hökumət qüvvələri tərəfindən saxlandığı, çoxunun dinc etirazlara qatıldığı, yaxud onu müşahidə etdiyi üçün tutulduğu vurğulanır.

Mətbuat azadlığı məhdudlaşdırılır

Sənəddə həmçinin Belarusda mətbuat azadlığının davamlı olaraq məhdudlaşdırıldığı, altısı AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı olmaqla onlarla jurnalistin həbs olunduğu qeyd edilir.

Bundan başqa, etirazları işıqlandırmış 50-dəm çox xəbər vebsaytı bloklanıb, iki müstəqil qəzetin nəşri dayanıb; xarici media qurumları üçün işləyən jurnalistlərin akkreditəsi ləğv olunub.

Human Rights Watch (HRW) insan haqları təşkilatı isə BMT-nin İnsan Haqları Şurasını və ATƏT-i Belarusda seçkisonrası baş verənlərlə bağlı “dərhal açıq təhqiqat başlatmağa” çağırıb.

Qurumun sentyabrın 15-də yaydığı bəyanatda deyilir ki, təhlükəsizlik qüvvələri 9 avqust seçkisindən sonrakı günlərdə “minlərlə insanı saxlayıb, yüzlərlə şəxsi işgəncəyə və başqa pis rəftara məruz qoyub”.

HRW müsahibə aldığı keçmiş məhbusların “döyülmə, uzunmüddətli stress vəziyyəti, elektroşok, azı bir halda isə zorlamaya” məruz qaldığını bildirir.

Seçkidən sonra minlərlə belaruslu küçələrə çıxaraq Lukaşenkanın istefasını, yeni seçki keçirilməsini tələb edir.

XS
SM
MD
LG