Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Putin: 'Belarusda yaranmış vəziyyəti belarusların özləri çözməlidirlər'


Alyaksandr Lukaşenka (solda) və Vladimir Putin (Foto arxivdəndir)
Alyaksandr Lukaşenka (solda) və Vladimir Putin (Foto arxivdəndir)

Lukaşenka “böyük qardaş” adlandırdığı Putinlə Rusiyanın Qara dəniz sahilindəki Soçi kurortunda görüşür

Belarusda həftələrdir davam edən etirazlarla bağlı yaranmış vəziyyəti şərh edərkən Rusiya prezidenti deyib ki, “belaruslar ölkədə yaramış vəziyyəti kənardan məsləhət olmadan özləri çözməlidirlər”.

Bu barədə bəyanatı Rusiya prezidenti Vladimir Putin sentyabrın 14-də belarus həmkarı Alyaksandr Lukaenka ilə Soçidə keçirilən görüşündə verib.

Putin əlavə edib ki, Rusiya Belarusu özünün ən yaxın müttəfiqi hesab edir və iki ölkə arasında ittifaq dövləti müqaviləsindən və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsindən irəli gələn bütün öhdəliklərinə əməl edəcək”.

Lukashenka Belarusda prezident seçkisindən sonra ona verilmiş dəstəyə görə Putinə təşəkkürünü bildirib:

O deyib ki, “əsl dost pis gündə bilinir”.

O bildirib ki, Belarusda baş verən etirazlar barədə Vladimir Putinə ətraflı məlumat verəcək. Lukaşenka əlavə edib ki, onun ölkəsində vəziyyət tam nəzarət altındadır. Lukaşenka görüş zamanı dəfələrlə Rusiyanı “böyük qardaş” adlandırıb:

Lukaşenka: “Bu başqa respublikalara da dərs olmalıdır...”

Lukaşenka bunu da deyib ki, Belarusda baş verən hadisələr, hamıya, “xüsusilə də keçmiş post-sovet məkanındakı respublikalara dərs olmalıdır”.

Putin və Lukaşenka habelə hazırda Belarusda davam edən birgə hərbi təlimləri müzakirə ediblər. Putin vurğulayıb ki, təlimlərdən sonra Rusiya hərbçiləri öz dislokasiya yerlərinə qayıdacaqlar.

Rusiya prezidenti görüş zamanı deyib ki, Moskva Belarusa 1.5 milyard dollarlıq kredit verəcək. Putin əlavə edib ki, kreditin texniki məsələlərini iki ölkənin maliyyə nazirləri işləyəcəklər.

Belarus avqust ayında valyutasının məzənnədən düşməsinə görə məhz bu qədər pul itirib. Bu onun qızıl ehtiyatının 15 faizi qədərdir.

AzadlıqRadiosunun Rus xidməti “Açıq media” portalına istinadən yazır ki, Rusiya son 25 ildə Lukaşenka rejiminin ayaqda saxlanmasına 99 milyard dollar xərcləyib.

Bu, inflyasiya da nəzərə alınmaqla 2019-cu ilin məzənnəsi ilə 116 milyard dollar edir.

Qərbin və müxalifətin narahatlığı

Putin-Lukaşenka görüşündən əvvəl bildirilmişdi ki, bu tədbirə jurnalistlət buraxılmayacaq. Lakin Rusiyanın RT telekanalı iki prezidentin söhbətinin videosu yayınlayıb.

Belə başa düşmək olar ki, bu, danışqıların yalnız başlanğıc hissəsidir.

Bu 9 avqust seçkisindən bəri Lukaşenkanın ilk xarici səfəridir.

Belarus müxalifəti və Qərb narahatdırlar ki, yaranmış vəziyyətdə Lukaşenka hakimiyyətini qoruyub saxlamaq üçün Rusiyaya böyük güzəştlərə gedə bilər.

Söhbət xüsusilə də iki ölkə arasında 1999-cu ildə imzalanmış ittifaq dövləti müqaviləsi üzrə Belarusun Rusiyaya inteqrasiyasından gedir.

Bu müqavilə bu vaxtadək yalnız kağız üzərində qalıb.

“Siz dialoqu xalqla yox, diktatorla aparırsınız”

Hazırda Litvada sığınacaq tapmış Belarus müxalifət lideri Svyatlana Tixanavskaya bu görüşdən əvvəl demişdi:

“Mən Vladimir Putinə xatırlatmaq istəyirəm: sizin Soçidə nə qərar qəbul etmənizdən, nə barədə razılaşmaya gəlmənizdən asılı olmayaraq, bunun heç bir qanuni qüvvəsi olmayacaq. Qeyri-legitim Lukaşenka ilə imzalanmış bütün müqavilələrə yeni hakimiyyət yenidən baxacaq. Mən çox təəssüf edirəm ki, siz dialoqu Belarus xalqı ilə yox, diktatorla aparırsınız”.

2013-cü ilin dekabrında Putin Ukrayna prezidenti Viktor Yanukoviçlə Kiyevə 15 milyard dollar kredit verilməsi barədə saziş imzalamışdı. Bu pulun yalnız 3 milyard dolları ödənmişdi, çünki iki ay sonra Yanukoviç xalq etirazlarının dalğasında ölkədən qaçmalı olmuşdu.

2014-cü ildə Krım Rusiya tərəfindən ilhaq edildikdən sonra Ukrayna 3 milyard dolları qaytarmayacağını bəyan etmişdi. Bu məsələ barədə məhkəmə çəkiməsi bugünədək davam edir.

***

Belarus Prezidenti Alyaksandr Lukaşenka bu gün – sentyabrın 14-də rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. İki lider Belarusda Lukaşenkanın istefası tələbilə keçirilən nümayişlərdən sonra ilk dəfə bir araya gələcək.

Lukaşenka “böyük qardaş” adlandırdığı Putinlə Rusiyanın Qara dəniz sahilindəki Soçi kurortunda görüşməlidir.

O, 1994-cü ildə Belarusda hakimiyyətə gələndən bəri onun idarəçiliyinə ilk dəfədir kütləvi nümayişlər keçirilir. Etirazçılar 9 avqust seçkisinin nəticələrinin ləğvini, yeni seçki keçirilməsini tələb edirlər. Etirazlarda minlərlə saxlanan olub, yüzlərlə nümayişçi polis təzyiqi ilə üzləşib. Birləşmiş Ştatlar, Avropa Birliyi etirazçılara divan tutulmasını pisləyib.

Sentyabrın 13-də minlərlə belaruslu küçələrə çıxaraq, “Sən siçovulsan”, “Saşa, qovuldun!” şüarlarını səsləndiriblər. Daxili İşlər Nazirliyi 400-dən çox etirazçının saxlandığını bildirir.

Svetlana Tixanovskayanın başçılıq etdiyi müxalifəti Lukaşenkanı seçkini saxtalaşdırmaqda ittiham edir. Onun səslərin 80 faizini yığdığı açıqlanıb.

Tərəflər nəyi müzakirə edəcəklər

Kremlin sözçüsü Dmitri Peskov sentyabrın 11-də deyib ki, danışıqlarda enerji sahəsində əməkdaşlıq və ikitərəfli əlaqələr müzakirə olunacaq.

Lukaşenka həmçinin Moskvadan iqtisadi və hərbi dəstək istəyə bilər. Rusiya və Belarus sentyabrın 14-də başlanması gözlənən Slavyan Qardaşlığı birgə hərbi təlimlərində iştirak planlaşdırırlar.

İndiyədək Putinlə Lukaşenka Belarusdakı vəziyyəti dəfələrlə telefonla müzakirə edirlər. Ötən ay Rusiya prezidenti həm Belarus hakimiyyətinə, həm də müxalifətinə zəng edərək böhranın siyasi həllini müzakirə edib.

O, iki ölkə arasındakı ikitərəfli hərbi pakta uyğun olaraq hərbi yardım vəd edib, deyib ki, Rusiya təhlükəsizlik qüvvələrindən ibarət kontingent hazırlanıb, ancaq “Belarusda ekstremist elementlər xətti keçərək talançılığa yol verməyincə” istifadə olunmayacaq.

Putin Belarus hakimiyyətinin etirazlara reaksiyasını alqışlayıb. O deyib ki, Rusiya həmin ölkədə “baş verənlərə laqeyd deyil”, iki ölkənin etnik, linqvistik əlaqələrini, iqtisadi əməkdaşlığını vurğulayıb.

Putin əvvəllər Lukaşenkanı daha sıx siyasi və iqtisadi inteqrasiyaya cəlb etməyə çalışsa da, Lukaşenka müqavimət göstərib. İndi isə sonuncunun Moskvanın dəstəyinə ehtiyacı onun Rusiyanın təşəbbüslərinə yenidən baxmağa vadar edə bilər.

"Bax bu hadisələr bizə göstərdi ki, biz böyük qardaşla bir birimizə sıx yaxın olmalıyıq”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG