15 sentyabr Azərbaycanda Bilik Günüdür. Bu gün 2020-2021-ci tədris ili başlayır.
Proqnoz göstəricilərə əsasən, yeni tədris ilində ümumilikdə ölkənin ümumi təhsil müəssisələrində 1 milyon 574 min 206 şagird təhsil almalıdır.
Şagirdlərdən 733 min 279 nəfər qız, 840 min 927 nəfər isə oğlan olmalıdır. Ümumtəhsil məktəblərinin I sinfində 165 min 511, IX sinfində 132 min 734, XI sinfində isə 85 min 44 şagirdin təhsil alacağı gözlənilir.
2020-2021-ci tədris ilinin əvvəlinə respublikada ümumilikdə 4 min 440 məktəbin fəaliyyət göstərəcəyi proqnozlaşdırılırdı.
Koronavirus pandemiyası ilə bağlı bu il tədris, əsasən, onlayn başlayıb. Sentyabrın 15-dən yalnız I-IV sinif şagirdləri həftədə 2-3 dəfə adi qaydada məktəbə gedəcəklər. V-IX sinif şagirdləri oktyabrın 1-dən, X-XI sinif şagirdləri isə məktəbə oktyabrın 15-dən yollanmalıdırlar.
Ötən tədris ilində də martın 3-dən sonra dərslər onlayn keçirilmişdi.