Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 22:06

'Atam həkim nəzarəti altında aclığı davam etdirir...biz onun səsini eşitmək istəyirik'


Tofiq Yaqublunun sentyabrın 12-ci gecə yerləşdirildiyi xəstəxana, 12 sentyabr 2020
Tofiq Yaqublunun sentyabrın 12-ci gecə yerləşdirildiyi xəstəxana, 12 sentyabr 2020

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun “City Hospital”-da həkim nəzarəti ilə aclıq aksiyasını davam etdirdiyi bildirilir.

Bu barədə Azadlıq Radiosuna onun qızı Nigar Həzi məlumat verib:

“Qida tərkibi olmayan sistemlər köçürülür. Bu gün, sentyabrın 13-də ayağa durğuzub gəzdiriblər. Reanimasiyadadır. Dünən bu gün üçün palataya köçürüləcəyini desələr də, köçürməyiblər. Üstəlik ailəsi ilə də əlaqə saxlamasına da imkan vermirlər. Onun xəstəxanaya köçürülməsini facebook-dan oxumuşuq. Biz onun səsini eşitmək istəyirik. Əgər koma təhlükəsi yoxdursa, niyə palataya köçürülmür? Penitensiar Xidmət gərək buna aydınlıq gətirsin”

Bu açıqlamaya Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Penitensiar Xidmətdən münasibət

Amma APA agentliyinin xəbərinə görə, Penitensiar Ximmət də Tofiq Yaqublunun saxlanıldığı 3 saylı İstintaq Təcridxanasından “City Hospital”a köçürülməsini təsdiqləyib. Xəbərə görə, qurumdan qeyd edilib ki, onun səhhətinin daim həkim nəzarətində saxlanılması üçün o, əvvəlcə istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib, səhhəti sabit olub.

“Eyni zamanda xahişi ilə tanıdığı mülki sektorun həkimi Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradılıb. Adil Qeybulla müayinənin və müalicənin daha rahat və əlçatan olması üçün çalışdığı “City Hospital”ına T.Yaqublunun köçürülməsi ilə bağlı müraciət edib ”xəbərə görə, Penitensiar Xidmətdən bildirilib.

Qurumdan vurğulamasına görə,T .Yaqublunun səhhətinə qayğı ilə həssas yanaşılaraq və humanizm nümayiş etdirilərək o, mülki xəstəxanaya – “City Hospital”a köçürülüb: “A.Qeybullanın KİV nümayəndələrinə açıqlamasında bildirdiyi kimi, T.Yaqublunun müayinəsi və müalicəsi bilavasitə onun həkim nəzarəti altında "City Hospital"da davam etdiriləcək", xəbərdə yazılıb.

Xatırlatma

Müsavat partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu bu il martın 22-də tutulub. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında Tofiq Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib". Tofiq Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə Tofiq Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib. Tofiq Yaqublu elə həmin gün həbsinə etiraz olaraq aclıq aksiyası (sentyabrın 2-dən) keçirdiyini bəyan edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG