Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:27

Müsavat qərargahında aclıq aksiyasının davam etdiyi bildirilir


Tafiq Yaqubluya dəstək aksiyası, 7 sentyabr 2020

Həbsdə olan siyasətçi Tofiq Yaqubluya dəstək məqsədilə Müsavat Partiyasının qərargahında başlanan aclıq aksiyasının davam etdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna sentyabrın 13-də aksiya iştirakçılarından biri olduğunu qeyd edən Müsavat Partiyasının üzvü Elman Quliyev danışıb. Elman Quliyev bildirib ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)_ üzvü Tofiq Məmmədovun səhhəti pisləşdiyindən aksiyanı dayandırıb:

“ Amma cəbhəçilərdən Ayət İsmayıl və Elnur Həsənov aclıq aksiyasını davam etdirirlər”

Onun deməsinə görə, sentyabrın 13-dən AXCP üzvü Zəfər Əhmədov da aksiyaya qoşulmaqla bağlı niyyətini açıqlayıb. Amma bu məlumata, hələlik, Səhiyyə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Verilən məlumata görə, əvvəlcə sentyabrın 3-dən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Ayət İsmayıl, Tofiq Məmmədov, Elşən Həsənov ev şəraitində aclıq aksiyasına başlayıblar.

Sentyabrın 7-də onlar Müsavat Partiyasına gətiriliblər. Elə həmin gün, sentyabrın 7-dən də Elman Quiyev aksiyaya qoşulduğunu açıqlayıb. T.Yaqublunun özünün də sentyabrın 2-dən dövlət ittihamçısının ona cəza istəməsindən sonra aclıq aksiyasına başladığı bildirilir.

Bir gün sonra, martın 3-də Tofiq Yaqublu da məhkəməsinin son günündə aclıq aksiyası keçirdiyini vurğulamışdı.Tofiq Yaqublu dünən, sentyabrın 12-də axşam saatlarında isə saxlandığı Şüvəlandakı 3 saylı istintaq təcridxanasından City Hospitala gətirilib.

Onun reanimasiyaya yerləşdirildiyi açıqlanıb.Tibb elmləri doktoru Adil Qeybullanın bildirməsinə görə, T.Yaqublu təcridxananın baş həkimin müşahidəsi ilə City Hospitala gətirilib. Onun vurğulamasına görə, bu addım rəsmi qurumların razılığı ilə həyata keçirilib.

“Məqsəd ekstremal durum yaranarsa Tofiq Yaqubluya kömək etməkdir", deyə o əlavə edib.

Vəkil Aqil Layic isə deyib ki, Tofiq Yaqublunun səhhətinin kritik olması və saxlandığı müəssisədə olan tibbi avadanlıqların reanimasyon tələblərə cavab verməyəcəyini düşünərək, onun müasir təminatlı xəstəxanaya köçürülməsi üçün ailəsinin razılığı ilə Avropa İnsan Hüquqları Məhkəməsinə “aralıq tədbirlərin” görülməsi üçün müraciət edilib:

“ Eyni zamanda, ailəsinin seçdiyi həkimin, professor Adil Qeybullanın nəzarətində olmasını tələb etmişdik. İki dəfə kommunikasiya olmuşdu və sonuncu kommunikasiya 11 sentyabr 2020-ci il tarixində olmuş və tələblərimiz dərhal dövlətə yönəlib. Tofiq bəyin Citi Hospitala köçürülməsi həmin prosesin nəticəsidir...”

Amma bu deyilənləri, də, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlarla dəqiqləşdirmək mümkün olmayıb. Tofiq Yaqublunun, həbsinə etiraz olaraq artıq 12 gündür aclıq aksiyası keçirdiyi bildirilir.

Xatırlatma

Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu bu il martın 22-də tutulub. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında Tofiq Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub:

"Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

Tofiq Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə Tofiq Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib. Tofiq Yaqublu elə həmin gün həbsinə etiraz olaraq aclıq aksiyası (sentyabrın 2-dən) keçirdiyini bəyan edib.

Multimedia

XS
SM
MD
LG