Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:00

'Polislər məni elə döydülər, başımdakı qapaq zədələndi...'


F.Əliyev
F.Əliyev

Paytaxtın Yasamal rayonunda yaşayan Fuad Əliyev deyir ki, 29-cu polis bölməsinin əməkdaşları onu o qədər döyüblər, cərrahiyyə əməliyyatında başına qoyulmuş plastmas qapaq da zədələnib. Bu barədə o, Yasamal Rayon Prokurorluğuna və Ombudsmana şikayət məktubunda da yazıb.

"Qanın içində idim"

47-yaşlı Fuad Əliyev AzadlıqRadiosuna bildirib ki, hadisə sentyabrın 9-da axşam saat 18.00 radələrində baş verib. Onun sözlərinə görə, metronun "İnşaatçılar" metrosunun yaxınlığındakı mağazalardan birində satıcı ilə aralarında anlaşılmazlıq olub. Bu zaman mağazanın sahibi gəlib çıxıb, onu təhqir edib, aralarında qarşılıqlı mübahisə yaşanıb:

"Xanım satıcı mənə qarşı nəzakətsizlik eləsə də, mən ona "ana, üzr istəyirəm" deyib çıxanda mağazanın sahibi məni təhqir elədi. Mən də ona eyni tərzdə cavab verdim. Mağazadan çıxıb yaxınlıqdakı evimə getmək istəyəndə polislər tutub, əllərimi qandalladılar, mağaza sahibi ilə birlikdə yerə yıxıb o qədər döydülər ki... Zərbə vuranlar arasında polis geyimində olanlarla yanaşı, mülki geyimdə olanlar da vardı. Qanın içində idim. Zərbələrdən özümə gələ bilmirdim. Sonra polis maşınına mindirib, 29-cu polis bölməsinə apardılar".

F.Əliyevin sözlərinə görə, bölməyə aparanda da maşında döyülüb, təhqir olunub. İxtisasca hüquqşünas olan F.Əliyev bir neçə il öncə başından travma aldığına görə ağır cərrahiyyə əməliyyatı keçirib, başına plastmas qapaq qolulub. Deyir ki, maşında döyüləndə polislərə ikinci qrup əlil olduğunu, başına plastmas qapaq qoyulduğunu bildirib, amma xeyri olmayıb:

"İnsanlığa sığmayan rəftarı davam etdirirdilər. Bədənimə təpiyi elə vururdular, sanki düşmənəm... Nəticədə çox ciddi xəsarətlər almışam, başımdakı qapaq zədələnib".

F.Əliyev sentyabrın 10-u səhər saatlarında polis bölməsindən buraxılıb. Onun sözlərinə görə, polis bölməsində bildirilib ki, xırda xuliqanlığa görə barəsində inzibati xəta protokolu tərtib olunub, "ASAN Xidmət"ə gedib, 50 manat cəriməni ödəməlidir: "Amma mənə protokol təqdim eləmədilər".

"Zaman keçdikcə, xəsarət izləri yox olur"

F.Əliyevin vəkili Bəxtiyar Hacıyev AzadlıqRadiosuna bildirib ki, hadisənin araşdırılması və günahkarların cəzalandırılması üçün prokurorluğa sentyabrın 10-da müraciət olunub. Müraciətdə həmçinin, F.Əliyevin qısa müddətdə ekspertizadan keçirilməsi və hadisə yerində olan "Təhlükəsiz şəhər" kameralarının görüntülərinin alınması istənilib: "Ekspertiza hələ keçirilməyib. Halbuki, təcili keçirilməlidir, çünki zaman keçdikcə, xəsarət izləri yox olur".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov AzadlıqRadiosuna bildirib ki, vətəndaş nazirliyə rəsmi şəkildə müraciət edərsə, onun şikayəti hərtərəfli araşdırılacaq: "Prokurorluq və Ombudsmana müraciət etdiyi kimi, Daxili İşlər Nazirliyinə də müraciət etsin. Şikayəti araşdırılsın və nəticə barədə də ona məlumat verilsin".

Bir gün sonra Bakı polisindən gələn açıqlama

Arxiv foto
Arxiv foto

Bir gün sonra, sentyabrın 12-də Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti məsələ ilə bağlı AzadlıqRadiosunun elektron poçtuna açıqlama göndərib.

Açıqlamada bildirilir ki, F.Əliyevi polislərin döyüb xəsarət yetirməsi barədə onun dedikləri əsassızdır. Açıqlamada deyilir ki, F.Əliyev mübahisə yaranan mağazanın müdirinin müraciəti əsasında 29-cu polis bölməsinə gətirilib:

“Fuad Əliyev sərxoş halda mağazaya daxil olaraq, orada işləyən satıcıları və mağaza müdirini təhqir edib. Araşdırma zamanı Fuad Əliyev müayinədən keçirilib, onun alkoqol sərxoşluq vəziyyətində olması, alın və burun nahiyələrində sıyrıntılar aşkarlanıb, bu fakt aktlaşdırılıb. Toplanmış materiallar əsasında onun barəsində tutma haqqında protokol tərtib olunub, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə 50 manat cərimə olunub”.

Bu ilin iyulunda da Yeni Yasamalda eyvandan polislərə zibil atmaqda suçlanaraq inzibati qaydada həbs olunan şəxslərin yaxınları onların 29-cu polis bölməsində işgəncəyə məruz qaldığını bildirirdi. O zaman Daxili İşlər Nazirliyi işgəncə iddialarını təkzib edərək həmin şəxslərin polisə müqavimət göstərərkən xəsarət aldıqlarını açıqlamışdı.

İndiyədək ölkədə bir sıra siyasi hesab olunan işlərdə təqsirləndirilənlər onlara polisdə işgəncə verildiyini desələr də, DİN bu iddiaları təkzib edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG