Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:37

Belarusla bağlı Rusiyanın ağlından nə keçir – Qərb mediası


Minskdə tibb işçilərinin etiraz aksiyası, 9 sentyabr, 2020-ci il
Minskdə tibb işçilərinin etiraz aksiyası, 9 sentyabr, 2020-ci il

Belarusda Alyaksandr Lukaşenka rejiminə qarşı kütləvi etirazlar qərb liderlərini Rusiyanın bütün bunlara necə reaksiya verəcəyi haqda düşündürür. “Foreign Affairs” dərgisində Maykl Karpenter və Vlad Kobets yazırlar ki, zorakı müdaxilə Rusiya Prezidenti Vladimir Putinin xarakterinə yad deyil. Amma Putin Belarusda belə bir hərəkətə üstünlük vermir.

Axı, Kreml Gürcüstan və Ukraynada əraziləri tutandan sonra bu ölkələrdə Rusiya işğalına qarşı dərin izlər buraxdı, xalqın Avroatlantik inteqrasiyaya dəstəyi gücləndi, özəlliklə də gənc gürcüstanlılar və ukraynalılar arasında. Müəlliflərin fikrincə, Moskva artıq bu tendensiyanı heç bir dezinformasiya ilə önləməyin mümkün olmadığını anlayır.

“Bu səbəbdən Putinin ağlında Belarus üçün başqa bir plan var. Belarus torpağına ‘balaca yaşıl adamlar’ yerləşdirməkdənsə, Moskva ‘yumşaq anneksiya’nı qarşısına hədəf qoyub. Strategiya ‘qurbağanı yavaş-yavaş qaynatmaq’dır, iqtisadi inteqrasiya və vahid valyuta ilə başlamaq, daha sonra vahid xarici və müdafiə siyasəti ilə siyasi inteqyasiya etmək, Belarusun Rusiyaya de-fakto birləşməsi demək olan hərtərəfli Vahid Dövlət qurmaq”, – məqalədə deyilir.

Qeyd edək ki, Belarusda 9 avqust prezident seçkisindən sonra Lukaşenkanın yenidən qalib elan olunması kütləvi etirazlarla nəticələnib. Polis etirazçılara divan tutub, minlərlə saxlanan olub. Son günlər müxalifətin Koordinasiya Şurasının aparıcı üzvləri ya saxlanıb, ya da ölkədən çıxarılıb.

Köhnə fəndlər

Müəlliflər qeyd edirlər ki, Kreml məqsədinə çatmaq üçün Lukaşenkanın, azı indilik, hakimiyyətdə qalmasını istəyir. Rusiyanın federal təhlükəsizlik xidməti FSB-nin müşavirləri Belarus liderinə etiraz hərəkatını kütləvi repressiyalar vasitəsilə yatırmaq üçün məsləhət verir. Müxalifət liderləri konkret təhdidlərlə üzləşirlər – məsələn, deyilir ki, uşaqları onlardan alınacaq və uşaq evlərinə göndəriləcək.

Lukashenka-dan xəbərdarlıq: 'Etirazlar Rusiyaya keçə bilər'
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00

“İndiyədək Moskvanın digər ölkələrdə alovandırdığı vətəndaş müharibəsi fəndi işə salınır, Rusiya siyasi texnoloqları etiraz hərəkatı arasında çatlar yaratmağa çalışırlar: şərqli və qərbli belarusluları, fəhlələrlə ziyalıları, katoliklərlə pravoslavları qarşı-qarşıya qoyurlar. Moskvadan göndərilən rusiyalı teleaparıcılar belarusluları inandırmağa çalışırlar ki, onların milli oyanışı xarici plandır, müxalifət liderləri isə xarici agentlərdir”, – məqalədə deyilir, amma belarusluların indiyədək bütün bu oyunlara getmədiyi bildirilir.

Müəlliflər qeyd edirlər ki, indi Moskva və Minskdən konstitusiyaya dəyişikliklər və yeni seçkilərlə bağlı mesajlar gəlir, amma Moskvanın şərtləri ilə. “Avropa Birliyinin, Birləşmiş Ştatların, qərb demokratiyalarının liderləri səhnələşdirilmiş dialoqu legitimləşdirmək tələsinə düşməməlidirlər. Onlar Belarusun etiraz liderlərinin başlarının üstündən Kremllə danışığa getməməlidirlər”, – məqalədə vurğulanır.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitry Peskov isə sentyabrın 9-da deyib ki, Belarus prezidentinin Moskvaya səfəri zamanı Belarusun Rusiyaya birləşdirilməsinə dair qərarın qəbul ediləcəyi barədə iddialar “cəfəngiyyatdan” başqa bir şey deyil. Peskov bildirib ki, Moskva görüşü zamanı mövcud Avrasiya İqtisadi İttifaqı, MDB və ittifaq dövləti müqaviləsi çərçivəsində inteqrasiya prosesləri müzakirə olunacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG