Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Kalesnikava dövlət çevrilişinə çağırışda şübhəli bilinir


Minskdə yürüş, 8 sentyabr, 2020-ci il
Minskdə yürüş, 8 sentyabr, 2020-ci il

Belarus müxalifətinin mühacirətdə olan lideri ölkəsindəki etirazçıları təzyiqlərin güclənməsinə baxmayaraq zorakılığa getməməyə çağırıb

Belarus müxalifətinin Koordinasiya Şurası Rəyasət Heyətinin üzvü Mariya Kalesnikava saxlanıb və hazırda Minskdəki təcridxanada saxlanır.

Bu barədə məlumatı müxalifətçinin atasına istinadən TUT.by internet saytı verib.

Kalesnikavanın atasının sözlərinə görə ona müstəntiq zəng edib və qızının həbs olunduğunu bildirib.

Daha sonra məlum olub ki, Mariya Kalesnikava “dövlət hakimiyyətinin qəsb edilməsinə və konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə çağırış” ittihamı üzrə şübhəli qismində saxlanıb.

Bu barədə məlumatı Kalesnikavanın vəkili Lyudmila Kazak verib.

Vəkil habelə Kalesnikava ilə görüşə bildiyini deyib.

Kalesnikavanın həbsindən sonra Belarus müxalifətinin Koordinasiya Şurası Rəyasət Heyətinin 7 üzvündən yalnız biri – Svetlana Aleksiyevich azadlıqda qalır.

Rəyasət Heyətinin qalan üzvləri ya saxlanıblar, ya da zorla ölkə xaricinə çıxarılıblar.

Avroradio xəbər verir ki, bundan əvvəl Kalesnikavanın evində axtarış aparılıb.

Azadlıqda yalnız Aleksiyeviç qalır

Belarus müxalifətinin mühacirətdə olan lideri ölkəsindəki etirazçıları təzyiqlərin güclənməsinə baxmayaraq zorakılığa getməməyə çağırıb.

Svetlana Tixanovskaya bu müraciəti Polşa paytaxtı Varşavaya səfəri zamanı edib. Belarusda isə vəkil Maksim Znakı mülkigeyimlilər aparıb, Nobel mükafatçısı Svetlana Aleksiyeviçə qarşı da eyni hərəkət təkrarlana bilər.

“Etirazlar dinc formada davam etməlidir. Məncə, zorakılıqla mübarizə apararaq zorakı davranmaq mümkünsüzdür”, – Tixanovskaya Varşava Universitetində çıxışı zamanı deyib.

Müxalifətin Koordinasiya Şurasının aparıcı üzvü Maksim Znakdan sonra Aleksiyeviçlə bağlı xəbər yayılıb. Yazıçının isveçli tərcüməçisi İsveç televiziyasına deyib ki, Aleksiyeviç ona sentyabrın 9-da “qara paltarlı və maskalı şəxslərin” onun evinə girməyə çalışdığını bildirib, ancaq yazıçı saxlanmayıb.

Svetlana Aleksiyeviç mənzilində, 9 sentyabr, 2020-ci il
Svetlana Aleksiyeviç mənzilində, 9 sentyabr, 2020-ci il

İsveçin Belarusdakı səfirinin bildirməsinə görə, özü və digər ölkələrin səfirləri yazıçının paytaxtdakı evinə yığışıblar.

“O, narahat olduğunu deyib və indi səfirliyimizin ikinci şəxsi və digər səfirlərin əhatəsindədir”, – səfir Christina Johannesson İsveçin SVT televiziyasına söyləyib.

Daha öncə Aleksiyeviç Belarusun PEN Mərkəzi vasitəsilə yaydığı bəyanatda bildirib: “Daha Koordinasiya Şurasının Prezidiumunda mənim həmfikir dostlarımdan heç kəs qalmayıb. Ya həbsə atılıblar, ya xaricə qovulublar. Bu gün sonuncunu, Maksim Znakı da apardılar”.

“Ən yaxşılarımızı oğurlayırlar”, – o vurğulayıb.

Yazıçı Lukaşenka və prokurorların müxalifətin “dövlət çevrilişi hazırlaması” haqda dediklərini rədd edib, onların “ölkədə parçalanmanın qarşısını almağa çalışdığını”, “cəmiyyətdə dialoqun başlanmasını” istədiklərini vurğulayıb.

O, “Rusiya ziyalılarını” Belarusda ədalətsizliyə qarşı, “kiçik və məğrur xalqın tapdalanması” əleyhinə çıxış etməyə səsləyib.

Lukaşenkanın sentyabrın 14-də Rusiyada Prezident Vladimir Putinlə görüşəcəyi bildirilir.

***

Belarus müxalifətinin daha bir aparıcı üzvünün saxlandığı deyilir

Belarus müxalifətinin azadlıqda olan əsas üzvlərindən Maksim Znakla əlaqə itib və həmkarları onun saxlana biləcəyindən ehtiyatlanırlar.

Son günlər ölkədə aparıcı müxalifətçilər şübhəli şəkildə oğurlanır, məcburi deportasiya olunurlar.

Znakın həmkarları sentyabrın 9-da müstəqil rusdilli Tut.by xəbər saytına deyiblər ki, o, internetlə planlaşdırılan müsahibəyə qatılmayıb. Müsahibənin bu gün səhər saatlarında həbsdə olan müxalifətçi Viktar Babarıkanın qərargahından verilməsi planlaşdırılırdı.

Maksim Znak
Maksim Znak

Onun telefonuna zəng edəndə Znak tələsik deyib ki, “Kimsə gəldi” və dəstəyi asıb. Sonra onun telefonundan göndərilən mesajda “Maskalar” sözü yazılıb və sonra telefona cavab verməyib.

Znak Koordinasiya Şurasının prezidiumunun ölkədə işini davam etdirən iki üzvündən biridir.

Digər üzv isə Nobel mükafatı laureatı, xəstəhal Svetlana Alekseyeviçdir. O, səhhətinə görə planlaşdırılan iclaslara qatılmasa da, Lukaşenkanın əleyhinə danışmaqdan çəkinmir.

Prezidiumun digər beş üzvü ya həbs olunub, ya da ölkədən çıxmağa məcbur edilib.

***

ABŞ Belarusa sanksiyaları nəzərdən keçirir

Birləşmiş Ştatlar Belarusda insan haqları pozuntuları və repressiyada əli olan şəxslərə qarşı “hədəfli sanksiyaları” nəzərdən keçirir. ABŞ Dövlət katibi Mike Pompeo sentyabrın 8-də yaydığı bəyanatda Belarus Koordinasiya Şurasının üzvü Mariya Kalesnikavanın oğurlanması haqda məlumatlardan da dərin narahatlıq bildirib.

Pompeo Kalesnikovanın və Koordinasiya Şurasının Ukraynaya məcburi deportasiya olunduğu bildirilən daha iki üzvünün, eləcə də azad və ədalətli seçki hüququndan istifadə edən Belarus xalqının cəsarətini alqışlayıb.

Bəyanatda sentyabrın 6-da “günün günorta çağı dinc yürüşçülərin həyasızcasına döyülməsi, yüzlərlə etirazçının saxlanması” xüsusi qeyd olunur.

Saxlananları buraxmaq çağırışı

Pompeo deyib ki, Birləşmiş Ştatlar tərəfdaşları ilə koordinasiyalı şəkildə sanksiyaları nəzərdən keçirir və Belarus hakimiyyətini öz xalqına qarşı zorakılığa son qoymağa, ədalətsiz yerə saxlananları buraxmağa, “Belarus cəmiyyətinin əsl təmsilçiləri ilə mənalı dialoq aparmağa” çağırıb. Saxlananlar içində ABŞ vətəndaşı Vitali Şkliarov da var. O, siyasi konsultantdır, iyulda saxlanıb.

Sentyabrın 8-də axşam bir neçə yüz nəfər Minskdə “repressiya olunanlara dəstək yürüşünə” çıxıb. Etirazçılar Kalesnikavanı dəstəkləyən plakatları qaldırıb, onu “qəhrəmanımız” adlandırıblar.

AzadlıqRadiosunun Belarus xidməti 50-dən çox etirazçının saxlandığını xəbər verir.

Kalesnikavanın Koordinasiya Şurasının iki üzvü ilə birlikdə sentyabrın 8-də səhər Ukraynayla sərhədə aparıldığı, amma onun öz pasportunu cıraraq sərhəddən keçməsini əngəllədiyini xəbər verilir.

9 avqust prezident seçkisində Alyaksandr Lukaşenkanın səslərin 80 faizindən çoxunu yığdığı açıqlanandan sonra ölkəni etirazlar bürüyüb. Nümayişə çıxanlar yeni seçki keçirilməsini tələb edirlər. Etirazlarda minlərlə saxlanan olub.

Müxalifətin namizədi Svetlana Tixanovskaya seçkinin ertəsi günü Litvaya gedib. Tərəfdarları onun ölkədən məcburən çıxarıldığını bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG