Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 14:15

Saakaşvilinin baş nazirliyə namizədliyi irəli sürülüb


Mixeil Saakaşvili

Gürcüstanda Vahid Milli Hərəkat (VMH) və “Güc Birlikdədir” hərəkatına üzv olan digər müxalifət partiyaları keçmiş prezident Mixeil Saakaşvilinin namizədliyini baş nazir postuna irəli sürüb. Ölkədə oktyabra parlament seçkiləri planlaşdırılır.

VMH sədri Qriqol Vaşadze sentyabrın 7-də deyib ki, Saakaşvili “Gürcüstana qayıtmalı və öz xalqıyla olmalıdır”.

Saakaşvilinin sentyabrın 6-da Facebook-da yazmasına görə, Gürcüstana qayıtmaq planlarını açıqlayacaq.

Saakaşvili kimdir

52 yaşlı Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. Onun başçılıq etdiyi VMH 2012-ci ilin parlament seçkisində “Gürcü Arzusu” koalisiyasına uduzub. Koalisiyanı prezidentin tənqidçisi, milyarder Bidzina İvanişvili yaratmışdı.

2013-cü ilin sonunda partiya üzvlərinin bəziləri həbs olunan Saakaşvili prezidentlik müddəti bitən kimi ölkəni tərk etdi.

2018-ci ilim yanvarında Gürcüstan məhkəməsi onu qiyabi olaraq gürcü bankirin qətlində əli olmaqda təqsirli bilib və üç il həbsə məhkum edib. Həmin ilin iyununda başqa bir məhkəmə keçmiş prezidenti hakimiyyətdən sui-istifadədə təqsirli bilərək qiyabi altı il həbsə məhkum edib.

Saakaşvili ittihamları siyasi motivli sayır.

Ədliyyə naziri Tea Tsulukiani (Thea Tsulukiani) deyib ki, Saakaşvili Gürcüstana qayıdarsa həbs olunacaq.

Saakaşvili 2015-2016-cı illərdə Ukraynanın Odessa regionunun qubernatoru olub. Sonradan istefa verərək ovaxtkı Prezident Petro Poroşenkonu korrupsiyada ittiham edib. Poroşenko da öz növbəsində onun Ukrayna vətəndaşlığını alıb.

Ukraynanın hazırkı prezidenti Volodimir Zelenski isə vəzifəyə keçəndən sonra Saakaşvilinin vətəndaşlığını bərpa edib, ölkəyə qayıtmasını asanlaşdırıb.

Mayda Zelenski Saakaşvilini Ukrayna Milli İslahat Şurasının icraiyyə komitəsinə başçı təyin edib və bu addım Tbilisini qəzəbləndirib.

Gürcüstanda parlament seçkiləri oktyabrın 31-nə planlaşdırılır.

XS
SM
MD
LG