ABŞ-ın Nyu York ştatındakı Roçester şəhərinin meri polis departamentində islahatlar vəd edib. Artıq beşinci gündür şəhərdə polis tərəfindən həbs olunarkən huşunu itirmiş qaradərilinin ölümünə etirazlar keçirilir.
Mer Lavli Uorren (Lovely Warren) sentyabrın 6-da polis rəisi Laron Sinqlteri (La'Ron Singletary) ilə birlikdə mətbuat konfransında islahat anonsu verib. O deyib ki, gələn həftələrdən başlayaraq silsilə islahatlar həyata keçiriləcək.
İnsident martda baş verib
200 min sakini olan şəhərdə etirazlar beşinci gündür davam edir. Buna martda Daniel Prud (Daniel Prude) adlı afroamerikalının saxlanmasını göstərən videonun yayılması səbəb olub.
Videoda polis əməkdaşları Prudun əlini qandallayır, başına tüpürcək maskası keçirir. Polis əməkdaşları Prudun sifətini iki dəqiqə ərzində səkiyə sıxaraq saxlayır. 41 yaşlı Prud bir neçə gün sonra xəstəxanada vəfat edir.
Uoren ötən həftə Prudun ölümündə əli olan yeddi polis əməkdaşını işdən kənarlaşdırıb. Nyu Yorkun baş prokuroru sentyabrın 5-də elan edib ki, böyük jüri məsələni araşdıracaq.
Daha öncəki araşdırma polis əməkdaşlarının nöqsanı olmadığını üzə çıxarıb, onların hərəkətinin “keçdikləri təlimə uyğun” olması qənaətinə gəlib.
Tibbi ekspertizanın qənaətinə görə, Prudun ölümündə “fiziki sıxışdırma nəticəsində boğulmanın törətdiyi problemlərin” və PCP kimi tanınan fensiklidinlə kəskin zəhərlənmənin rolu olub.
Sentyabrın 6-da mindən çox nümayişçi Roçesterə yığışaraq polis qərargahına doğru yürüş edib. Heç bir insident baş verməyib.
Bundan əvvəlki gecəki toqquşmalarda isə üç polis əməkdaşı aldığı xəsarətlərdən xəstəxanalıq olub. Polis 2 minədək etirazçıya qarşı gözyaşardıcı qazdan istifadə edib, 9 nəfər həbs olunub.
İrqi ədalət tələb olunan daha öncəki etirazlar
Roçesterdə baş verənlərdən iki həftə qabaq Viskonsin ştatının Kenoşa şəhərində afroamerikalının polis tərəfindən güllələnməsindən sonra irqi ədalət tələbiylə etirazlar qızışıb.
İnsidentdən salamat çıxmış 29 yaşlı Ceykob Bleyk (Jacob Blake) sentyabrın 5-də ilk dəfə olaraq xəstəxanadan açıqlama verib. Twitter-də yayılmış videoda o, beldən aşağı daimi ağrı hiss etdiyini, iflic olduğunu deyib.
Ölkəboyu etirazlar isə mayın 25-də Corc Floyd (George Floyd) adlı afroamerikalının Minnesotanın Minneapolis şəhərində polis əlində ölməsindən sonra başlamışdı.
Etirazlar prezident seçkisi kampaniyasında da bir faktora çevrilib. Prezident Donald Trump noyabrın 3-də yenidən seçilmək üçün hüquq və asayiş məsələsini vurğulayır.
Sentyabrın 5-də Oreqon ştatının Portlend, Kentukkinin Luizvil şəhərlərində də zorakı toqquşmalar olub.
100 gündür irqi ədalət tələbiylə etirazlar keçirilən Portlenddə nümayişçilər polisə daş və Molotov kokteyli atıblar. Polis isə onlara qarşı gözyaşardıcı qazdan istifadə edib, azı bir nəfər xəsarət alıb, 50-dən çox etirazçı saxlanıb.