Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 23:15

T.Yaqublu deyir ki, aclıq aksiyasını psixoloji durumuyla əlaqələndirməyə çalışırlar


T.Yaqublu
T.Yaqublu

Milli Şuranın və Müsavat Partiyasının üzvü̈ Tofiq Yaqublu vəkilinə deyib ki, aclıq aksiyası keçirməsini onun psixoloji durumu ilə əlaqələndirməyə cəhd göstəriblər. Bu barədə AzadlıqRadiosuna vəkil Aqil Layıc məlumat verib.

A.Layıc sentyabrın 7-də Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında müvəkkili ilə görüşüb. Vəkil deyir ki, altı gündür aclıq etməsi onun səhhətinə kəskin təsir göstərib: "Halı yox idi, yeriyə bilmirdi. Görüş otağına da gec gəlib çıxdı. Rəngi solub, gözləri sanki çuxura düşüb. Baxan kimi dərhal görünür ki, çox arıqlayıb. Təsəvvür etdiyimdən də kəskin təsir edib".

Vəkilin sözlərinə görə, T.Yaqublu deyib ki, aclıq aksiyasına başladığını elan edəndən sonra bir sıra şəxslər gəlib onunla görüşüb. Onların arasında istintaq təcridxanasının rəis müavini Rasim Əsgərov və təcridxananın psixoloqu da olub: "Tofiq Yaqublunun dediyinə görə, onun psixoloji durumu ilə bağlı akt tərtib ediblər. Guya onun aclıq etməsi psixoloji durumundan irəli gəlir. Tofiq Yaqublu aktı imzalamaqdan imtina edib. Deyib ki, onun psixoloji durumuyla bağlı heç bir problemi yoxdur. Aclıq etməsinin səbəbi isə məhkəmə ədalətsizliyidir".

T.Yaqublu sentyabrın 2-də Nizami Rayon Məhkəməsində son sözünü deyərkən həmin gündən aclıq aksiyasına başladığını elan edib. Qızı Nigar Həzinin bildirdiyinə görə, T.Yaqublu aclığı altı gündür ki, davam etdirir.

N.Həzi deyir ki, atası aclığı dayandırmaq barədə çağırışlara belə cavab verib: "Öldü var, döndü yoxdur! Ölərəmsə, bu xalq, Vətən üçün ölərəm. Geriyə yol yoxdur!".

T.Yaqublunun altı gündür aclıq aksiyası keçirməsi barədə deyilənlərə rəsmi qurumların münasibəti məlum deyil. AzadlıqRadiosu bu məsələ ilə bağlı suallara cavab almaq üçün Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqovla əlaqə saxlasa da, o, məzuniyyətdə olduğunu bildirib.

Tofiq Yaqublu haqda hökmü ala bilmirlər

Müsavat Partiyasının və Milli Şuranın fəalı Tofiq Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi haqda hökm sentyabrın 3-də çıxarılsa da, hələ onun özünə və müdafiəçilərinə təqdim olunmayıb. Bu barədə AzadlıqRadiosuna onun vəkili Aqil Layıc məlumat verib.

Qanuna görə, hökmdən 20 gün ərzində apellyasiya şikayəti verilə bilər. Lakin T.Yaqublunun vəkili deyir ki, onun altı gündür aclıq etməsini, artıq səhhətində problemlər yaranmasını nəzərə alaraq, vaxt itirmək istəmir.

"Gözləmək vaxt itirməkdir"

Vəkilin sözlərinə görə, sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyev iki dəqiqə ərzində hökmün yalnız nəticə hissəsini (4 il 3 aylıq cəza, telefon və avtomobilin qaytarılması, vintaçanın məhv edilməsi) elan etdi. Ona görə məhkəmənin ittiham hökmü çıxarmasını necə əsaslandırdığı məlum deyil. A.Layıc bildirib ki, hələ məhkəmə iclas protokollarıyla da tanış olmayıblar, məhkəmədəki ifadələrin orada əksini tapıb-tapmadığını bilmirlər.

"Ailəsinin istəyi də belə oldu ki, vaxt itirmədən apellyasiya şikayəti verək. Hökmü alandan, protokollarla tanışlıqdan sonrakı iradlarımızı şikayətə əlavə formasında da göndərə bilərik. Tofiq Yaqublunun durumu elədir ki, gözləmək vaxt itirməkdir. Ona görə təcili veririk ki, qısa müddətdə baxılsın", - A.Layıc belə deyib.

Vəkil apellyasiya şikayətini bu gün – sentyabrın 7-də məhkəməyə təqdim edib. Müdafiəçi bu gün həm də Şüvəlanda yerləşən 3 saylı İstintaq Təcridxanasında T.Yaqublu ilə görüşməyi planlaşdırır.

"Hər gün onun səsini eşitməsək..."

T.Yaqublunun qızı Nigar Həzi AzadlıqRadiosuna bildirib ki, atasının həbsi siyasi sifariş olduğuna görə onun azadlığa buraxılması üçün də siyasi qərar olmalıdır. Onun sözlərinə görə, T.Yaqublunun azadlığa buraxılmasına qərar verilərsə, bunu apellyasiya məhkəməsi vasitəsilə gerçəkləşdirmək olar. Yəni, apellyasiya şikayətinə qısa müddətdə baxıb, T.Yaqublunu həbsdən buraxmaq mümkündür:

"Bu gün apellyasiya şikayəti verilir. Bu, onu azadlığa buraxmaq üçün bir fürsətdir. Tofiq Yaqublu artıq altı gündür ki, acdır. Ölümə hər gün bir az daha yaxınlaşır. Olacaqlara görə də İlham Əliyev məsuliyyət daşıyır. Bu, Elmar Hüseynov (2005-ci ildə evinin kandarında qətlə yetirilmiş jurnalistin qatilləri hələ də tapılmayıb – red.) məsələsi deyil ki, "qatili tapa bilmirik" desinlər. Tofiq Yaqublunun həbsinin sifarişini İlham Əliyev verib. Bu həbsin sonu Tofiq Yaqublunun ölümü ilə nəticələnəcəyi təqdirdə onun qatili də İlham Əliyev olacaq".

N.Həzi atası ilə sonuncu dəfə sentyabrın 5-də telefonla danışıb. O zaman aksiyanın dördüncü günü idi və dediyinə görə, aclığın təsiri artıq T.Yaqublunun durumunda özünü göstərməyə başlamışdı.

Həbsdə saxlanılan şəxslərin həftədə iki dəfə ailəsilə telefonla danışmaq hüququ var. T.Yaqublu həftənin çərşənbə və şənbə günləri ailəsilə əlaqə saxlaya bilir. N.Həzi Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə müraciət edərək T.Yaqublunun aclıq etməsi ilə əlaqədar ailəsinin narahatlığının nəzərə alınmasını, atasına hər gün yaxınlarıyla telefonla danışmağa şərait yaradılmasını istəyib: "Hər keçən dəqiqə onun həyatına təhlükədir. Ailəsi olaraq, biz onun səhhətinə və həyatına görə narahatıq. Danışmadığımız hər gün onun səhhətinin hansı durumda olduğundan xəbərsiz qalacağıq. Hər gün onun səsini eşitməsək, ona nəsə olduğunu zənn edəcəyik".

AzadlıqRadiosu T.Yaqublunun aclıq etməsi, onun durumu barədə məlumat almaq üçün Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqovla əlaqə saxlasa da, o, məzuniyyətdə olduğunu bildirib.

Xatırlatma

ABŞ, Böyük Britaniya səfirlikləri, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri və bir sıra başqa beynəlxalq insan haqları təşkilatları T.Yaqublu haqda hökmün siyasi motivli olduğunu bəyan ediblər. Onlar bəyanatlarında T.Yaqublunu azadlığa buraxmağa çağırıblar.

Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində T.Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb. O, CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə təqsirli bilinib. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.

T.Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O bildirib ki, "8-ci kilometr bazarı"nın qarşısında park olunmuş maşınında əyləşib bazardan qayıdacaq həyat yoldaşını gözlədiyi vaxt maşını qəsdən vurulub. Daha sonra maşını vuran sürücü Elxan Cəbrayılov və yanında olan Cəvahir Cəbrayılova ona hücum edib. Həmin vaxt anlayıb ki, bu, təxribatdır.

T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG