“Amnesty International” insan haqları təşkilatı dünyada yeni növ koronovirusdan azı 7 min tibb işçisinin öldüyünü bildirir. Qurum virusla ön cəbhədə vuruşanların qoruyucu ləvazimata çıxışının vacibliyini vurğulayır.
“Hər bir tibb işçisinin təhlükəsiz işləmək hüququ var və çoxunun belə yüksək bədəl ödəməsi qalmaqaldır”, – Londonda mənzillənən təşkilatın iqtisadi və sosial ədalət bölümünün rəhbəri Steve Cockburn deyib.
“Pandemiyanın başlamasından xeyli ay keçib, ancaq Meksika, Braziliya və ABŞ kimi ölkələrdə tibb işçiləri arasında ölüm dəhşətli səviyyədədir. Cənubi Afrika və Hindistanda yoluxmaların sürətlə yayılması isə dövlətlərin hamısının tədbir görməli olduğunu göstərir”, – o vurğulayıb.
Meksika və digər ölkələr
İndiyədək Meksikada koronavirusdan azı 1320 tibb işçisi vəfat edib ki, bu da istənilən başqa ölkədəkindən çoxdur.
Meksika dünyada COVID-19-dan ən çox ziyan görmüş ölkələrdəndir, virusa 610 mindən çox insanın yoluxduğu təsdiqlənib, 66 minə yaxın xəstə vəfat edib. Bu ölkədə koronovirusa 97 min 632 min tibb işçisinin yoluxduğu bildirilir.
Amnesty International yoluxma və ölü sayı çox olan digər ölkələrdə də tibb işçiləri arasında ölüm göstəricilərinin böyük olduğunu qeyd edir. Birləşmiş Ştatlarda 1077, Britaniyada 649, Braziliyada 634, Rusiya 631, Hindistanda 573, Cənubi Afrikada 240, İranda 164 tibb işçisi vəfat edib.
Birləşmiş Ştatlar, Braziliya və Hindistan dünyada koronavirusa təsdiqlənmiş yoluxmalar və ölü sayına görə öndə gedir. Ümumilikdə bu üç ölkədə 14 milyondan çox yoluxma təsdiqlənib, 387 minə yaxın xəstə vəfat edib.
“Başqalarını xilas edərkən 7 mindən çox insanın vəfat etməsi sarsıdıcı miqyasda böhrandır”, – Cockburn deyib.
Amnesty bildirir ki, tibb işçilərinin ölümüylə bağlı rəqəmlər çox güman ki, xeyli az göstərilib, çünki bir çox ölkələrdə yoluxma və ölü statistikasının dəqiq olmadığı bəllidir. Üstəlik, tibb işçisinin təsnifatı da fərqlənir.
İnsan haqları təşkilatının mövqeyincə, tibb işçilərinin hamısının, tibb ocaqlarındakı təmizlikçilər daxil olmaqla, adekvat qoruyucu avadanlıqla təmin olunması məsələsində qlobal əməkdaşlıq edilməlidir.
Azərbaycanda isə iyulun sonunadək koronavirusdan azı 30 həkimin vəfat etdiyi bildirilirdi.