Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:18

Bu il Venesiya festivalında nələr olacaq


Həmişə qlamur ambiansı ilə seçilən Venesiya kinofestivalı bu il fərqli olacaq. Foto arxiv
Həmişə qlamur ambiansı ilə seçilən Venesiya kinofestivalı bu il fərqli olacaq. Foto arxiv

"The Guardian" yazır ki, həmişə qlamur ambiansı ilə seçilən Venesiya kinofestivalı bu il fərqli olacaq. Üz maskalarının məcburi olması, sosial məsafənin qorunması, qızdırma ölçən infrared cihazlar hər şeyi dəyişəcək. Avropada karantin tədbirlərinin aradan qaldırılmasından sonra COVID-19 hallarının artmaqda olduğu vaxtda təşkilatçılar festivalı insanlar üçün mümkün qədər təhlükəsiz yerə çevirməyə çalışırlar.

Tədbirdən əvvəl bütün qonaqlara COVID-19 təlimatları göndərilib. Qaydalardan biri də qonaqların xüsusi termoskanerdən keçməli olması və bədən temperaturu 37.5°C-dən yuxarı olanların içəri buraxılmamasıdır.

İki dəfə testdən keçmək

Üz maskaları isə təkcə içəridə deyil, həm də çöldə taxılmalıdır. Bu qaydaların necə tətbiq olunacağı ilə bağlı bəzi suallar var. İştirakçıların film nümayişləri zamanı yeyib-içməsinə imkan verilib-verilməyəcəyi də hələlik bilinmir.

Kiminsə xəstəliyi simptomsuz keçirdiyi və sonradan test nəticələrinin pozitiv olduğu hallarda nə baş verəcəyi də məlum deyil. Ancaq təşkilatçılar bütün iştirakçıları izləməyə xüsusi sistemin mövcud olduğunu deyirlər. Təşkilatçılar həmçinin bildiriblər ki, Şengen ərazisi xaricindən gələn iştirakçılar iki məcburi COVID-19 testindən keçməlidirlər – birini səfərdən öncə, digərini isə çatan kimi.

Yanvarda ABŞ-da keçirilən "Sundance" kinofestivalı "koronavirus inkubatoru" kimi yadda qalıb. Bütün bu tədbirlər 77-ci Venesiya kinofestivalının da eyni aqibəti yaşamaması üçün görülür. Tədbir bu mövsümdə onlayn keçirilməyən yeganə kinofestivaldır.

Yazda Kann festivalı virtual formatda keçirildi. Venesiya festivalının təşkilatçıları isə tədbiri ləğv etmək, təxirə salmaq, yaxud onlayn keçirmək ideyasından imtina etdilər.

Adətən, Venesiya kinofestivalı mükafat mövsümünün başlanğıcı kimi görülür. Bu il həm də festivalın rəhbəri Alberto Barbera-nın bu vəzifədə sonuncu ilidir.

Ötən il "Joker" filminin premyerası Venesiya festivalında baş tutub. Film səkkiz dəqiqə ayaq üstündə alqışlanıb və festivalın "Qızıl Şir" mükafatına layiq görülüb. Məqalədə deyilir ki, bu, Joaquin Phoenix-in Oskar kampaniyasını uğurlu aparmasında rol oynayıb.

Əsas filmlər festivallara göndərilmir

Ötən il əsas müsabiqə proqramında Brad Pitt-in rol aldığı “Ad Astra” və Hirokazu Kore-eda-nın "The Truth" filmi də var idi. "The Truth" tədbirin açılış filmi idi. "Netflix" festivala üç filmlə qatılmışdı: Steven Soderbergh-in Panama sənədlərindən ilhamlanaraq çəkdiyi "The Laundromat", Noah Baumbach-ın "Marriage Story" və David Michôd-nun "The King" filmləri.

Builki siyahıda tanınmış adlar ötənilki qədər çox deyil. Oskar və BAFTA mükafatlarının vaxtı da dəyişdirilib. Bu tədbirlər 2021-ci ilin aprelində keçiriləcək. Studiyalarsa yeni mükafat mövsümü strategiyaları ortaya qoymaq məcburiyyətində qalıblar. Çoxu əsas filmlərini festivallara göndərməməyi qərara alıb.

Bu il iştirak edəcək ən məşhur simalardan biri isveçli aktrisa Tilda Swinton olacaq. Pedro Almodóvar-ın 30 dəqiqəlik "The Human Voice" filmində çəkilən aktrisaya xüsusi mükafat təqdim ediləcək. "The Crown" serialının ulduzu Vanessa Kirby isə festivalda iki filmlə təmsil olunacaq: Mona Fastvold-un "The World to Come" və Kornél Mundruczó-nun "Pieces of a Woman" filmləri ilə.

Builki festivalda nümayiş olunacaq filmlər arasında Regina King-in rejissorluq debütü olan "One Night in Miami" filmi, Alex Gibney-nin silsilə qatillər haqda "Crazy, Not Insane" adlı sənədli filmi və Luca Guadagnino-nun italyan geyim və ayaqqabı dizayneri Salvatore Ferragamo haqda "Salvatore: Shoemaker of Dreams" adlı sənədli filmi də var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG