Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 18:50

Siyasi məhbus sayılan Emin Saqiyevdən xəbər var


Həbsxana. Foto arxiv

Ombudsman Aparatının Milli Preventiv Qrupunun (MPQ) üzvləri bu gün, sentyabrın 2-də 6 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirdiyi bildirilən Emin Saqiyevlə görüşüblər.

Bu barədə Ombudsman Aparatından bildirilib.

Məlumata görə, MPQ üzvləri Penitensiar Xidmətinin 6 və 17 saylı cəzaçəkmə müəssisələrinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirib.

Qurumdan bildirilib ki, başçəkmələr zamanı bu müəssisələrdə cəza çəkən məhkumların saxlanılma şəraiti, rəftar məsələləri, qidalanma, tibbi yardım və digər hüquqların təmin olunması vəziyyəti araşdırılıb: "6 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə çərçivəsində bir çox məhkum, o cümlədən internet saytlarında qida qəbulundan imtina etməsi ilə bağlı barəsində məlumat yayılmış Emin Saqiyev konfidensial qaydada qəbul olunub. O, barəsində olan məhkəmə qərarından narazılığını əsas göstərərək bu addımı atdığını bildirib".

Məlumatda həmçinin bildirilir ki, MPQ üzvləri 17 saylı Cəzaçəkmə Müəssisəsində yerinin dəyişdirilməsi tələbi ilə qida qəbulundan imtina edən başqa bir məhbus da görüşüblər. Açıqlamaya görə, ona hüquqları izah olunmaqla müraciətləri qəbul edilib: "MPQ-nin üzvləri tərəfindən adıçəkilən məhkumlara qida qəbulunu bərpa etmələri ilə bağlı, habelə müəssisə rəhbərliyinə və tibbi-sanitar hissəyə məhkumların səhhətinin həkim nəzarətində saxlanılması məqsədilə tövsiyələr verilib. Başçəkmənin yekunları ilə əlaqədar aidiyyəti dövlət qurumlarına müraciət olunacaq".

Yerli hüquq müdafiəçilərin siyasi məhbus kimi tanıdığı E.Saqiyevin avqustun 18-dən aclıq aksiyana başladığı bildirilir. Bir neçə gün bundan əvvəl E.Saqiyevin yaxınları onun vəziyyətinin pisləşdiyi barədə məlumat yaymışdılar. Onlar həmçinin, Ombudsman Aparatına məlumat verdiklərini, lakin qurumun heç bir addım atmadığını iddia etmişdilər.

Bütün bu açıqlamalara, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

E.Saqiyev 2017-ci ilin noyabrında həbs edilib. 2018-ci ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi onu böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 7 il azadlıqdan məhrum edib. Bəzi hüquq müdafiəçilərinin fikrincə, E.Saqiyev bacanağı, hazırda mühacirətdə olan Türkel Azərtürkün jurnalist fəaliyyəti ilə əlaqədar saxta ittihamla həbs edilib.

Ailə üzvlərinin sözlərinə görə, E.Saqiyev aclıq aksiyasına avqustun 18-də onun kassasiya şikayəti ilə bağlı keçirilmiş Ali Məhkəmənin iclasından sonra başlayıb. Həmin iclasda kassasiya şikayəti təmin edilməyib.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Multimedia

XS
SM
MD
LG