Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Modi və Erdogan-ı birləşdirən dəyər – Qərb mediası


Erdogan Aya Sofyada namaz qılır
Erdogan Aya Sofyada namaz qılır

“The Financial Times” qəzetində Gideon Rachman Hindistan və Türkiyə liderlərinin öz ölkələrini inanca söykənən dövlətə çevirməyə çalışmaqlarından yazır.

Ötən həftə Hindistanın Baş naziri Narendra Modi Ayodhya şəhərində yeni hindu məbədinin təməlini qoyanda “əsrlərin gözləntisinin bitdiyini” elan edib.

“Bu, gəncliyimizin böyük arzusu idi və indi həyata keçdi”, – bunu isə Türkiyə Prezidenti Recep Tayyip Erdogan iyulun 24-də İstanbulda Aya Sofya muzeyinin yenidən məscidə çevrilməsi münasibətilə söyləyib.

Ölkələrinin qurucularının əksinə

Modi hindu millətçi, Erdogan isə islamçıdır. “Hindistan və Türkiyə liderləri sivilizasiyaların toqquşmasında potensial rəqib kimi görünürlər. Ancaq onların apardığı siyasi layihələr sanki güzgüdə bir-birinin əksidir”, – müəllif yazır.

Məqalədə deyilir ki, hər iki ölkənin dünyəvi konstitusiyası var, ancaq dini millətin və dövlətin ürəyinə qaytarmaq istəyirlər.

Modi 1990-cı illərdə siyasi karyerasına Ayodhyada məscidin sökülməsi, yerində hindu məbədi tikilməsinin təbliği ilə başlayıb. Bu ambisiyasını ötən həftə həyata keçirib. Erdogan isə uzun müddətdi tələb edirdi ki, 537-ci ildə kilsə kimi tikilmiş, 1453-cü ildə məscidə, 1935-ci ildəsə muzeyə çevrilmiş Aya Sofya yenidən məscid olsun. Türkiyə lideri 17 il hakimiyyətdə olandan sonra bu ambisiyasına nail oldu.

Müəllif qeyd edir ki, hər iki lider dünyəviliyi rədd etməklə özlərini müasir ölkələrin qurucuları ilə qarşı-qarşıya qoyurlar. Türkiyə Cümhuriyyətinin qurucusu Kemal Ataturk dünyəviçi idi. Hindistanın müstəqilliyi üçün kampaniya aparan Mohandas Gandhi isə dini plüralizmi təbliğ edirdi, hindu millətçi tərəfindən qətlə yetirilib.

Mənsubiyyət siyasəti

Erdogan-ı dəstəkləyən islamçılar və Modi-ni dəstəkləyən hindu millətçilər deyirlər ki, liderləri onları əsl dini və mədəni köklərinə qaytarır. Ancaq hər iki siyasətçi həm də qlobal inanc icmasının liderləri olmağa can atırlar.

Müəllifin fikrincə, bu iki vacib ölkənin dünyəviliyə və liberal dəyərlərə arxa çevirməsi mühüm məsələdir. Ancaq bu ölkələrdəki dəyişikliklər mənsubiyyət siyasətinin liberal universallıq hesabına yüksəlişinin tərkib hissəsidir. Bu əhvalat müxtəlif yollarla Çində, Rusiyada, ABŞ-da və Avropada da baş verir. “Bu, avtoritar liderləri güclənməsilə sıx bağlıdır, onlar inancın, millətin və seçilmiş etnik qrupun, yaxud bunların üçünün qarışığının qoruyucuları olduqlarını iddia edirlər”, – məqalədə vurğulanır.

İyulun 10-da Türkiyənin Ali İnzibati Məhkəməsi 6-cı əsrdə tikilmiş, hazırda muzey kimi fəaliyyət göstərən Aya Sofyanın yenidən məscidə çevrilməsinin mümkünlüyünə dair qərar çıxarıb.

Məhkəmə məscidin muzeyə çevrilməsini nəzərdə tutan, 1934-cü ildə müasir Türkiyə Cümhuriyyətini qurucusu Mustafa Kemal Atatürkün qərarını ləğv edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG