Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:41

Pashinian tənqid olunur: Lukashenka-nı ‘tələsik’ təbrik edib


Alyaksandr Lukashenka (solda) və Nikol Pashinian, arxiv fotosu
Alyaksandr Lukashenka (solda) və Nikol Pashinian, arxiv fotosu

MSK Lukashenka-nın 80 faizdən artıq, onun əsas rəqibi Svyatlana Tsikhanouskaya-nın isə 10 faizdən də az səs yığdığını açıqlayıb

Ermənistanın Baş naziri Nikol Pashinian Belarus Prezidenti Alyaksandr Lukashenka-nı “tələsik” təbrik etdiyinə görə tənqid olunur. Mərkəzi Seçki Komissiyası (MSK) Lukashenka-nın seçkidə qalib gəldiyini elan edən kimi Pashinian ona təbrik ünvanlayıb.

Ancaq seçkinin nəticələri ölkə boyunca etirazlara səbəb olub, polis isə etirazçılara qarşı zorakılığa əl atıb.

Pashinian avqustun 10-da Lukashenka-ya təbrikində ümidvar olduğunu bildirir ki, “birgə səylərimiz nəticəsində xalqlarımız arasında dostluğu gücləndirəcək, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığı həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar və inteqrasiya assosiasiyaları çərçivəsində genişləndirəcəyik”.

MSK Lukashenka-nın 80 faizdən artıq, onun əsas rəqibi Svyatlana Tsikhanouskaya-nın isə 10 faizdən də az səs yığdığını açıqlayıb. Tsikhanouskaya seçkinin nəticələrini tanımayaraq özünü qalib elan edib. Ancaq avqustun 11-də onun Litvada olduğu açıqlanıb. Seçki qərargahının bildirməsinə görə, MSK-ya rəsmi şikayət verməyə gedəndən sonra onu hakim orqanlar ölkədən çıxarıb.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen etirazçılara divan tutulmasını pisləyib, Belarus hökumətini nəticələri “dəqiq” hesablamağa çağırıb.

“Bu, absurddur”

Yerevanda insan haqları fəalı Artur Sakunts deyir ki, baş nazirin Lukashenka-ya “tələm-tələsik təbrik mesajı” “qəbuledilməzdir”, özəlliklə də Pashinian kimi antihökumət etirazları nəticəsində hakimiyyətə gələn bir liderin.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinə başçılıq edən Sakunts Belarusda indi baş verənlərlə 2008-ci ildə Ermənistanda seçkisonrası etirazları müqayisə edir.

Ermənistanın keçmiş prezidenti Robert Kocharian hazırda Yerevanda mühakimə olunur. Onun 2008-ci il etirazlarını polisin yatırtması zamanı 10 etirazçının ölümündə rolu olduğu bildirilir.

Sakunts Facebook-da yazıb: “Baş naziri Lukashenka kimi diktatoru təbrik edən ölkə sonradan Kocharian-ın eyni səbəblə necə mühakimə edə bilər. Bu, dəyər və prinsiplərin tam bir anarxiyasıdır… Bu, absurddur”.

Sakunts-un fikrincə, demokratik ölkənin lideri azından rəsmi nəticələr dərc olunmayanadək avtoritar diktatorları təbrik etməməlidir.

Müxalifətdə olan “Parlaq Ermənistan” partiyasının lideri Edmon Marukian da bu fikirdədir ki, Pashinian Lukashenka-nı təbrik etməyə çox tələsib.

Marukian deyir ki, ölkənin indiki hökumətilə baş nazirin təbrik mesajı arasında “dəyərlər konflikti” görür.

“Mən müxalifətin seçkinin nəticələrini mübahisələndirmə prosesinin, heç olmasa, daxili instansiyalardan keçməsini gözləyər, sonra qərar verərdim. Bu mənada baş nazir tələsik addım atıb”, – deyən Marukian Belarusda polislə toqquşmalarda bir etirazçının ölməsinə, 3 mindən çox şəxsin saxlanmasına diqqət çəkir.

“Müxalifət liderləri, media liderləri və jurnalistlər həbsdədirlər. Baş nazir isə hər şeyi kənara qoyaraq Lukashenka-nı təbrik etməyə tələsir”, – Marukian deyib.

“Beynəlxalq münasibətlər yerli siyasətdən fərqlənir”

Pashinian-ın sözçüsü Mane Gevorkian tənqidə münasibət bildirməyib, ancaq ondan xəbərdar olduğunu deyib.

Pashinian-nın “Mənim Addımım” alyansının üzvü, parlamentin xarici əlaqələr komitəsinin rəhbəri Ruben Rubinian tənqidi qəbul eləmir. O, baş nazirin təbrik mesajında qəbuledilməz heç nə görmədiyini deyir.

“Ümumiyyətlə, beynəlxalq münasibətlər yerli siyasətdən fərqlənir. Beynəlxalq tərəfdaşlıqlar, dövlət başçılarının münasibəti başqa səviyyədə gedir, başqa komponentləri var”, – Rubinian söyləyib.

Ermənistan və Belarus Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridirlər.

Bu təşkilatdakı digər liderlər – Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Qasym-Zhomart Toqaev də avqustun 10-da ilkin rəsmi nəticələr açıqlanan kimi Lukashenka-ya təbrik göndərib.

Azərbaycan Prezidenti İlham Əliyev də avtoritar lideri təbrik edənlər sırasındadır.

Avropa Birliyi Belarusdakı seçkinin “azad və ədalətli keçmədiyini” bəyan edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG