Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 06:15

Belarusda 5 mindən çox etirazçı saxlanıb


Minskdə saxlananların yaxınları
Minskdə saxlananların yaxınları

Avqustun 11-də Belarusda seçkisonrası etirazların üçüncü gecəsi polis yenə gözyaşardıcı qaz, rezin güllələrə əl atıb. Sosial mediada yayılan video və fotolarda polisin müxtəlif yerlərdə etirazçıları saxladığı görünür.

AzadAvropa/AzadlıqRadiosu-nun Belarus xidməti hakimiyyətin faktiki olaraq komendant saatı tətbiq etdiyini, küçələrdə gəzənləri, avtomobilləri, bəzi sürücüləri saxladığını, ictimai nəqliyyatı məhdudlaşdırdığını xəbər verir. Polis sakinlərə, jurnalistlərə, siqnal verən avtomobillərə hücum edir.

Təhlükəsizlik qüvvələri əhalinin mərkəzi meydanlarda, inzibati binaların yaxınlığında yığışmasını önləyir. Puşkin metrostansiyası yaxınlığında bir neçə etirazçı saxlanıb. Buranın etirazların mərkəzi olacağı gözlənirdi, sakinlər avqustun 10-da ölən etirazçının xatirəsinə güllər, ağ lentlər qoyurlar.

Bir sıra şəhərlərdə nümayişlərin keçirildiyi, polislə toqquşmanın baş verdiyi xəbər verilir. Ancaq bu dəfə etirazlar öncəkilərdən miqyasına görə daha kiçikdir. Əvvəlki etirazlarda minlərlə insan Prezident Alyaksandr Lukashenka-nın 26 illik idarəçiliyinə qarşı çıxıb, seçkinin nəticələrindən narazılığını bildirib.

Mərkəzi Seçki Komissiyası Lukashenka-nın 80 faizdən çox, onun əsas rəqibi olmuş Svyatlana Tsikhanouskaya-nın isə 10 faizdən az səs yığdığını elan edib.

İndiyədək 5 mindən çox etirazçı saxlanıb, 200 nəfər xəstəxanaya yerləşdirilib, bir nəfər etirazlarda həlak olub.

“Ya ölkəni tərk etməliydi...”

Avqustun 11-də Tsikhanouskaya-nın Litvada olduğu açıqlanıb. Litvanın Xarici işlər naziri Linas Linkevicius AzadlıqRadiosu-nu və Amerikanın Səsi-nin rusdilli “Current Time” şəbəkəsinə deyib ki, “təhlükə elementi olduğundan” ölkəsi Tsikhanouskaya-nın təhlükəsizliyini təmin etmək üçün onu qəbul edib.

“Bircə şey deyə bilərik ki, onun seçimi böyük olmayıb: ya ölkəni tərk etməliydi, ya da nəticələri yaxşı olmayacaqdı”, – Linkevicius vurğulayıb.

Avqustun 11-də yayılan videoda Tsikhanouskaya deyib ki, Belarusu tərk etmək qərarını özü verib.

Linkevicius bu videonun Litvada yazılmadığını söyləyib, beləliklə prezidentliyə namizədin Belarus hakimiyyətinin təzyiqi altında həmin çıxışı etdiyi ehtimalı yaranır.

“Anlayırsız ki, adam qərarı təzyiq altında verirsə, dediklərini sözbəsöz olduğu kimi qəbul etmək olmaz”, – Linkevicius vurğulayıb.

Avqustun 11-də Tsikhanouskaya-nın sözçüsü Volha Kavalkova deyib ki, onu ölkədən Belarus hakimiyyəti çıxarıb.

Beynəlxalq ictimaiyyət və seçkilə bağlı mövqe sərgiləyir. Avropa Birliyi avqustun 11-də seçkinin “azad və ədalətli keçmədiyini” bəyan edib, dinc etirazçılar zorakılıq, seçkinin nəticələrinin saxtalaşdırılması üçün məsuliyyət daşıyanlara sanksiyalarla hədələyib.

AB insan haqlarına görə Belarusa sanksiyalar tətbiq edərsə, Brüsselin bu ölkəylə yaxınlaşmasına zərbə dəyər. 2016-cı ildən Minskə sanksiyalar qaldırılır.

Birləşmiş Ştatlar da seçkinin nəticələri və etirazçılara qarşı gücdən istifadəylə bağlı narahatlıq bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG