Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:01

Tofiq Yaqublu məhkəmədə: '...təxribatı başa düşdüm, ona görə heç maşından düşmədim...'


 Azerbaijan – parliamentary candidate Tofig Yagublu, Baku, 16Oct2010
Azerbaijan – parliamentary candidate Tofig Yagublu, Baku, 16Oct2010


Milli Şuranın və Müsavat partiyasının həbsdə olan üzvü Tofiq Yaqublu deyir ki, əgər həqiqətin ortaya çıxması üçün vəkillərinin qaldırdığı vəsatətlər təmin edilməsə, aclıq aksiyasına başlayacaq. Bunu o, avqustun 7-də məhkəməsində deyib.

Avqustun 7-də Nizami rayon Məhkəməsində T.Yaqublunun işi üzrə prosesi izləməyə gələnlər, o cümlədən onun yaxınları, ictimai-siyasi fəallar və media nümayəndələri zala buraxılmayıb. Hakim Nəriman Mehdiyev bunu COVİD-19 infeksiyasının yayılmasıyla əlaqədar Operativ Qərargahın tələblərilə izah edib: “Qapalı məkanlarda çox adamın toplaşması məsləhət deyil”.

“Özünüzün qərar vermək cəsarətiniz yoxdur”

T. Yaqublu da, vəkilləri də buna etiraz edib. Deyiblər ki, açıq məhkəmə iclasında istənilən şəxs iştirak edə bilər. Əks halda, bu, məhkəmənin açıqlığı prinsipinin pozulmasıdır:

“Məni şərləyib tutmağınız bəs deyil, ən adi hüquqlarım da təmin olunmur”.

Hakim T.Y aqubluya məhkəməyə hörmətsizliyə görə xəbərdarlıq edib

“Siz məhkəməsiz? Siz şərləməni rəsmiləşdirmək üçün buradasız. Nə məhkəmə? Ən adi məsələdə belə, özünüzün qərar vermək cəsarətiniz yoxdur. Sizin nəyinizə hörmət edək?”, – T.Yaqublu belə cavab verib.

Nigar Yaqublu, arxiv foto
Nigar Yaqublu, arxiv foto

Mübahisələrdən sonra yalnız bir nəfər – T.Yaqublunun qızı Nigar Həzi məhkəməyə buraxılıb.

Məhkəmədə T.Yaqublunun vurduğu iddia olunan ər-arvad – Cəvahir və Elxan Cəbrayılovlar zərərçəkmiş qismində ifadə verib. Vəkillər onların bir-birinin ifadələrindən xəbərsiz olması üçün ayrı-ayrılıqda dindirilməsi barədə vəsatət qaldırsalar da, təmin edilməyib.

Tofiq Yaqublu: 'İlham Əliyev kazinoda olanda mən Qarabağda...'
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

“Sizə görə işdən çıxartdılar”

Cəbrayılovlar deyir ki, onlar Bakıxanov ticarət mərkəzindən bazarlıqdan qayıdanda maşınla getdikləri yerdə qəfildən T.Yaqublunun maşını yola çıxıb. Maşınlar toqquşub. Tofiq Yaqublu maşından düşüb, E.Cəbrayılovu əvvəl əllə, daha sonra vintaçanla vurub, xəsarət yetirib. Hər ikisini təhqir edib.

“Həmişəki kimi aqressiv şəkildə hərəkət edirdi, ağzına gələni söyürdü. Mənim yoldaşım üçün yazırlar ki, məhkəmələrdə üzə durub. Mənim yoldaşım nə məhkəmə görüb, nə də başqaları kimi türmələrdə yatmışıq. Heç bir polis idarəsində adımız çəkilməyib. Bizdə evdə qəti şəkildə Azərbaycan dilində danışmırıq, rus dilində danışırıq. Yoldaşıma sual verəndə əyləc-filan barədə danışırlar, o da mənasını başa düşmür”, – C.Cəbrayılovanın sözləridir. E.Cəbrayılov deyir ki, bu hadisədən sonra onu işdən çıxarıblar:

“O qədər elədiniz ki, sizə görə işdən çıxartdılar. Məni biabır elədiniz...”

Tofiq Yaqublu baş verən hadisə zamanı, arxiv foto
Tofiq Yaqublu baş verən hadisə zamanı, arxiv foto

T.Yaqublu isə istər təhqir etməsi, istərsə də E.Cəbrayılovu döyməsi barədə deyilənlərə belə cavab verib:

“Mən dayandığım yerdə gəlib maşına çırpılanda artıq təxribatı başa düşdüm, ona görə heç maşından düşmədim. Onların dediyi hadisə olmayıb. Səriştəsizcəsinə və şərəfsizcəsinə uydurulub. Əgər mən bu adamlara, ümumiyyətlə, söyüş söymüşəmsə, o söyüşlər 10 qat artığıyla mənə və ailəmə getsin. Yox yalandırsa, bunlara və mənə atılan şərdə rolu olan hər kəsə getsin.”

Məhkəmə prosesi davam edir.

Xatırlatma

T.Yaqublu martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil E.Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublunun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub. Amma T.Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı: ""8-ci kilometr bazarı"nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG