Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Facebook və Twitter Trump-ın virusla bağlı postlarını silib


Donald Trump-ın Twitter hesabı
Donald Trump-ın Twitter hesabı

Facebook və Twitter sosial şəbəkələri Prezident Donald Trump-ın və onun seçki kampaniyasının postlarını koronavirus dezinformasiyası qaydalarını pozduğuna görə silib.

Facebook prezidentin hesabından bir videonu silib. O, videoda uşaqlarda yeni koronavirusa qarşı “demək olar immunitetin olduğunu” iddia edib.

Sosial şəbəkə bildirib ki, videoda belə bir saxta iddia yayan “ziyanlı COVID informasiyası” olduğuna görə silinib.

“Prezidentə qarşı qərəz günü”

Səhiyyə ekspertlərinin fikrincə, uşaqlarda koronavirusa qarşı immunitet yoxdur, sadəcə, daha yaşlı qruplarla müqayisədə yoluxanlar arasında ölüm göstəricisi aşağıdır. Körpələr və uşaqlar da xəstəliyə tutulur, onu başqalarına keçirir.

Twitter isə Trump-ın rəsmi seçki qərargahının hesabını eyni videonu paylaşdığı üçün müvəqqəti bloklayıb.

@TeamTrump sonradan atdığı tvitdə sözügedən videonun yığışdırıldığını bildirib.

“Silikon Vadisinin prezidentə qarşı daha bir qərəz günüdür, qaydalar ancaq bir istiqamətə tətbiq olunur”, – seçki qərargahının mətbuat katibinin müavini Courtney Parella deyib.

“Prezident uşaqların koronavirus qarşısında daha az həssas olduğunu deyib. Sosial media şirkətləri həqiqət arbitrləri deyillər”, – o vurğulayıb.

Trump Ağ evdə keçirdiyi brifinqdə də virusun uşaqlara az təsir göstərdiyini deyib. O bir daha virusun “çıxıb gedəcəyini” iddia edib.

Mayın sonunda Donald Trump Twitter və Facebook kimi sosial media nəhənglərini hüquqi toxunulmazlıqdan məhrum etməyə yönəlik fərman verib. Prezident bəyan edib ki, sosial media şirkətləri indiyədək “fərdi vətəndaşlar və ya geniş ictimai auditoriyalar arasında faktiki olaraq istənilən kommunikasiya formasını senzura etməkdə, məhdudlaşdırmaqda, redaktə etməkdə, dəyişdirməkdə və gizlətməkdə tamamilə nəzarətsiz olublar”.

Hazırda Birləşmiş Ştatlarda 4,8 milyon yoluxma təsdiqlənib, 158 mindən çox xəstə vəfat edib.

Məktəblər fərqli qaydada açılır

Ölkə boyunca məktəblər müxtəlif qaydalarla açılır. Bəzi məktəblərdə birbaşa təhsil bərpa olunsa da, valideynlərə övladını evdə saxlamaq seçimi də verilir. Bəzi məktəblər isə hibrid yanaşma planlaşdırır, həm birbaşa, həm də onlayn dərs keçiriləcək.

Birləşmiş Ştatlar virusu cilovlamağa çalışdığı bir vaxtda Avropa qadağaları daha da sərtləşdirir.

Fransanın cənub-qərbində Tuluzada üz maskaları məcburi elan olunub, bir sıra başqa şəhərlərdə də oxşar protokollar qüvvəyə minir.

Niderlandın bəzi yerlərində də maska qaydası işə düşür.

İspaniyada iyunda karantin yumşaldılandan yoluxmalar artır, virusun Belçikanın bəzi yerlərinə qayıtdığı görünür.

Hazırda dünyada yeni koronavirusa təsdiqlənmiş yoluxmalar 18,8 milyonu, ölü sayı 708 mini keçib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG