Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:12

Keçmiş kral ölkədən gedib: rüşvət iddiaları vardı


Juan Carlos
Juan Carlos

İspaniyanın keçmiş kralı Juan Carlos monarxiyanı qorumaq məqsədilə ölkəni tərk etmək qərarına gəlib. İndiyədək onunla bağlı bir sıra korrupsiya iddiaları yayılmışdı.

Vaxtilə populyar olan kral bazar ertəsi açıqlama veriləndən öncə İspaniyanı tərk edib. Ancaq onun haraya getdiyi bilinmir.

Bu addım ispanları heyrətə salıb. İndi onlar 82 yaşlı fəxri kralın ölkəni tərk etmək hüququnun olub-olmaması ətrafında müzakirə aparırlar.

Oğluna məktub yazıb

Son həftələr keçmiş kral və onun oğlu Kral Felipe-yə təzyiq artırdı, monarxiyanı qorumaqdan ötrü tədbir görmələri tələb olunurdu. Belə ki, İspaniya və İsveçrə prokurorları sürətli dəmiryolu kontraktıyla əlaqədar rüşvət iddialarını araşdırmağa başlamışdı.

Sarayın adından yayılmış bəyanatda Juan Carlos-un Felipe-yə məktubundan sitat gətirilir, keçmiş kral oğlunun ölkəni problemsiz idarə etməsini istədiyini yazır.

Kral Felipe qərarına görə Juan Carlos-a təşəkkür edib, İspaniya demokratiyası üçün “atasının üsul-idarəsinin tarixi əhəmiyyət daşıdığını” vurğulayıb.

Juan Carlos 1975-ci ildə General Francisco Franco-nun ölümündən sonra taxta çıxıb, İspaniyanı diktaturadan demokratiyaya keçidində böyük rol oynadığı bildirilir.

Ancaq son illər bir sıra qalmaqallardan dolayı populyarlığı azalıb, 2014-cü ildə istefa verməyə məcbur olub.

Juan Carlos-un vəkili Javier Sanchez-Junco qısa bəyanatında bildirib ki, ölkəni tərk etmək qərarına baxmayaraq, keçmiş kral “prokurorluğun sərəncamında olacaq”.

100 milyon dollar

Portuqaliyanın TVI24 telekanalı və “Correio da Manha” tabloydu Juan Carlos-un hazırda Lissabon yaxınlığındakı Kaşkayş kurortunda olduğunu xəbər verib. Kral uşaqlığının bir hissəsini orada keçirib. Ancaq xəbərlərdə mənbə göstərilmir.

İsveçrənin “La Tribune de Geneve” qəzeti martda yazırdı ki, Juan Carlos sürətli dəmiryolu kontraktı üçün Səudiyyənin mərhum kralından 100 milyon dollar alıb.

Daha sonra İspaniya mediasında yer alan iddialarda keçmiş kralın həmin pulun böyük hissəsini keçmiş sevgilisinə verdiyi bildirilirdi.

Juan Carlos dəfələrlə öz vəkili vasitəsilə korrupsiya iddialarını şərh etməkdən imtina edib.

İspaniyada monarxların toxunulmazlığı var, ancaq Juan Carlos-un hakimiyyətdən əl çəkməsi onun mühakimə olunmasını mümkün edir.

Baş nazirin müavini Pablo Iglesias keçmiş kralın İspaniyada qalmalı olduğunu deyib. Onun solçu Podemos partiyası isə bəyanatında “minimum etik dəyərləri olmayan” monarxiyanı saxlamağın mənasız olduğunu vurğulayıb. Onların hökumətdəki tərəfdaşı Sosialist Partiyası isə monarxiyanı müdafiə edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG