Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Keçmiş prezidentə 11 il həbs kəsildi


Almazbek Atambaev
Almazbek Atambaev

Qırğızıstan məhkəməsi keçmiş prezident Almazbek Atambaev-ə 11 il həbs cəzası kəsib. O, 2013-cü ildə tanınmış kriminal avtoritet Aziz Batukaev-in həbsdən qanunsuz buraxılmasında təqsirli bilinib.

Dövlət ittihamçıları keçmiş prezidentə 15 illik həbs cəzası istəmişdilər.

63 yaşlı Atambaev günahsız olduğunu deyir, məhkəmədə son söz deməkdən imtina edib. O, ötən il avqustun əvvəlində, tərəfdarlarının təhlükəsizlik əməkdaşları ilə iki günlük qanlı toqquşmasından sonra həbs olunub.

Hakim Atambaev-in dövlət mükafatları və rütbələrinin hamısının alınması, özünə və ailə üzvlərinə məxsus əmlakın müsadirə olunması haqda qərar çıxarıb. Bu əmlaka Atambaev ailəsinin beş avtomobili, iki regionda evləri, 10 pay torpaq, bir telekanalla birlikdə bir neçə şirkət daxildir.

2013-cü ildə qəfildən həbsdən buraxılan Batukaev dərhal Rusiyaya gedib. O, bir deputatın, Daxili İşlər Nazirliyinin bir rəsmisinin qətlində və bir sıra digər cinayətlərdə təqsirli bilinib.

Atambaev ötən il avqustun 8-də, tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında ikigünlük zorakı qarşıdurmadan sonra polisə təslim olub. O, 3 dəfə rəsmi çağırışa cavab verməmiş, dindirilməyə getməmişdi. Onun saxlanması ilə nəticələnən qarşıdurmada bir yüksək vəzifəli təhlükəsizlik əməkdaşı öldürülüb, 170-dən çox adam yaralanıb.

Bu qarşıdurma Atambaev-lə xələfi Sooronbai Jeenbekov arasında hakimiyyət çəkişməsinin pik həddi idi. Prezident seçkisində Jeenbekov-u dəstəkləyən Atambaev-lə onun arasında sonradan ziddiyyətlər ortaya çıxdı, qarşılıqlı ittihamlar səsləndirdilıər.

Keçmiş prezident hazırda 13 nəfərlə birlikdə ötənilki zorakılıqla bağlı bir neçə cinayət üzrə mühakimə olunur. Buraya qətl, hakimiyyət təmsilçilərini hədələmək, yaxud hücum etmək, girov götürmə, hakimiyyətin zorla ələ keçirilməsi daxildir.

Atambaev-in bir sıra müttəfiqləri korrupsiya ittihamları ilə həbs olunub.

XS
SM
MD
LG