Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Belarus seçkiyə Rusiya müşahidəçilərini dəvət etməyib


Rusiya MSK-nın sədri Ella Pamfilova
Rusiya MSK-nın sədri Ella Pamfilova

Rusiyanın Mərkəzi Seçki Komissiyası bildirib ki, Belarusda prezident seçkisində müşahidəçilik üçün bu ölkənin MSK-sından dəvət alınmayıb.

Bu barədə məlumatı TASS xəbər agentliyinə Rusiya MSK-nın sədri Ella Pamfilova verib.

AzadlıqRadiosunun Rus xidmətinin yazdığına görə xanım Pamfilova deyib ki, bu il Belarus MSK-sından heç bir ənənəvi dəvət göndərilməyib.

Rusiya MSK-snın sədri bunu da əlavə edib ki, koronavirus pandemiyası ilə bağlı müşahidəçilərin Belarusa göndərilməsi bütün hallarda məqsədəuyğun deyildi.

Valer Tsapkala (sağda) həyat yoldaşı Veranika ilə
Valer Tsapkala (sağda) həyat yoldaşı Veranika ilə

Lukashenka opponentlərini ‘xaos’u qaytarmaq cəhdində suçlayır

Belarus Prezidenti Alyaksandr Lukashenka 9 avqust prezident seçkisi öncəsi siyasi opponentlərinə hücum edib, onları ölkəni 1990-cı illərin “xaos”una qaytarmağa cəhd göstərən, yaxşı pul alan “xarici agentlər” adlandırıb.

“Dəyişiklik, islahat, köhnə konstitusiyaya qayıtmağı tələb edənlər yalnız xaotik 1990-cı illərə qayıtmaq istəyirlər. Qızıldan dağ vəd edənlərə inanmayın”, – Lukashenla avqustun 4-də parlamentdə çıxışında deyib.

“Belarusda sabitsizlik yaratmaq üçün milyardlar qoyulur. Belarusları Lukashenka-ya qarşı qaldırmaq mümkün deyil. Lukashenka-ya qarşı çıxanlar xarici agentlərdir”, – prezident deyib, ancaq detallı danışmayıb.

“Etiraz aksiyalarına gəncləri cəlb etməkdən ötrü ədalətsiz metodlara əl atılır. Heç kəs sizin səsinizi oğurlamayacaq”, – Lukashenka bildirib.

Prezident onu da qeyd edib ki, Belarusda gənclikdən siyasi məqsədlər üçün “abırsızcasına istifadə olunur”.

O, müxalifəti yoldan çəkilməyə, hökumətin ölkəyə rifah gətirməsinə imkan verməyə çağırıb.

***

Lukashenka kütləvi etirazlarla üzləşsə ‘qaçacaq’

Belarusda prezident seçkisinə etiraz olaraq böyük kütlə küçəyə çıxsa, Prezident Alyaksandr Lukashenka gücə əl atmayacaq. Bunu Lukashenka-nın xaricdə yaşayan rəqibi deyib.

Avqustun 9-da Belarusda prezident seçkisidir və Lukashenka-nın 26 ildir davam edən avtoritar idarəçiliyi getdikcə daha zəif durumda görünür. Bir çox təhlilçilər isə onun saxtakarlıq və müxalifətə qarşı repressiya nəticəsində seçkini udacağını deyirlər.

Tanınmış biznesmen, Lukashenka-nın ciddi rəqibi sayılan keçmiş səfir Valer Tsapkala deyir ki, o, prezidentin seçki vaxtı və ondan sonra yüzminlərlə etirazçı ilə üzləşəcəyi halda qaçacağına inanır.

“Təyyarəyə minərək harasa uçacaq”

AzadAvropa/AzadlıqRadiosu-nun “Current Time” layihəsinə müsahibəsində o deyib ki, Lukashenka-nın kütləvi küçə etirazları nəticəsində “sadəcə təyyarəyə minərək harasa uçacağına” inanır.

Prezident bir neçə min etirazçını yatırtmaq üçün polis və təhlükəsizlik qüvvələrindən istifadə edə bilər. Ancaq yüzminlər ayağa qalxarsa, o, ordunun müdaxiləsinə göstəriş verməyəcək, Tsapkala vurğulayıb.

“Belarus ordusunun öz xalqına qarşı silahdan istifadə edə biləcəyinə inanmıram”, – Tsapkala Ukrayna paytaxtı Kiyevdən deyib.

Son həftələr onminlərlə müxalifət tərəfdarı prezidentliyə 37 yaşlı namizəd Svyatlana Tsikhanouskaya-ya dəstək yürüşünə çıxırlar. Onun seçkiyə buraxılmamış namizədlər dəstəkləyir.

Son günlər ərzində Lukashenka daxili işlər nazirliyi rəsmiləri ilə görüşür, ordunu təftiş edir. O, istənilən iğtişaşa qanlı divan tutula biləcəyinə dair təhdid siqnalı göndərir.

Ötən ay Belarusda bir qrup rusiyalı muzdlunun saxlanması, onların seçkiqabağı ölkədə sabitsizlik yaratmağa cəhd etdiyi iddia olunub.

Bir sıra potensial namizədlər seçkiyə buraxılmayıb. Kampaniya başlanandan siyasətçilər, təşkilatçılar, jurnalistlər daxil olmaqla 1100-dən çox saxlanan olub.

Tsapkala hakimiyyətə digər müxalifət çıxanlar kimi həbs olunmaq qorxusundan ölkədən çıxıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG