Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 23:46

Putin bu seçkidə Lukashenka-nı dəstəkləməyəcək?


Vladimir Putin (sağda) və Alyaksandr Lukashenka
Vladimir Putin (sağda) və Alyaksandr Lukashenka

Rusiyanın Belarusdakı konsulu bu yaxınlarda bu ölkədə saxlanmış Rusiya vətəndaşlarının guya “Latin Amerikası ölkələrindən birinə” getməli olduqlarını iddia edib.

Konsulun sözlərinə görə, saxlananlar onunla şəxsən görüşərkən Minskdən tranzitlə keçməli olduqlarını bildiriblər.

Bəzi medialar söhbətin Venesueladan getdiyini yazırlar, hərçənd konsul konkret ölkə adı çəkməyib.

Belarusun hüquq-mühafizə orqanları hesab edir ki, saxlanmış rusiyalılar Vaqner özəl şirkətinin muzdlu əsgərləridir.

Bu şirkətin Rusiyada “Putinin aşpazı” kimi tanınan oliqarx Yevgeny Prigozhin-ə aid olduğu bildirilir.

Jurnalist təhqiqatlarına görə bu muzdlular Afrikanın bir sıra vətəndaş münaqişələrində iştirak edirlər.

Onların Venesuelada olduqları barədə xəbərlər də yayılmışdı.

Rəsmi olaraq Moskva nəinki Vaqnerin mövcudluğunu inkar edir, o hətta ölkədə özəl hərbi şirkətlərin qadağan olunduğunu bildirir.

Rusiyalılar ağır psixoloji durumda

Rossia 1 telekanalına müsahibəsində konsul Kirill Pletnyov deyib ki, bugünlərdə sözü gedən rusiyalılarla şəxsən görüşüb.

Onları Belarusda iğtişaşlar yaratmaq cəhdində şübhəli kimi saxlayıblar. Rusiya konsulu bildirib:

“Bizim həmvətənlərimiz hazırda heç də ən yaxşı mənəvi-psixoloji durumda deyillər. Onlar nə üçün çoxunun soyadlarını belə bilmədikləri Belarus müxalifət liderləri ilə əlaqələndirilmələrini başa düşə bilmirlər”.

Bununla belə konsul Belarus hüquq-mühafizə orqanlarının rusiyalıların öz ifadələrində dolaşdıqlarına dair bəyanatını tam təkzib etməyib. İfadələrdəki ziddiyyətlər əsasən onların hansı ölkəyə yollandıqlarına aid idi:

"Dünyada gedən hazırkı proseslər zamanı başqa bir qitəyə uçuş marşrutunu tərtib etmək son dərəcə mürəkkəb məsələdir və bu işdə çox sayda ara mərhələlər olmalıdır”.

Konsul qeyd edib ki, qəflətən həbs olunan rusiyalılar təcridxanadakı psixoloji gərginlikdə onlara verilən sualların mahiyyətini başa düşməyə bilərdilər.

İstanbul, Karakas, yoxsa Xartum?

Amma Belarus İstintaq Komitəsinin başçısı Ivan Noskeviç bildirir ki, rusiyalılar getmək istədikləri yer barədə suallara yayğın, ziddiyyətli, qeyri-dəqiq və qarışıq cavablar verirdilər.

Onlardan bəziləri Türkiyəyə getməli olduqlarını deyirdilər, həm də səfərin məqsədi barədə ziddiyyətli cavablar verirdilər. Bəziləri deyirdilər ki, səfərlərindən məqsəd “Ayasofyadakı vəziyyəti yoxlamaq” idi. Bir başqaları tamam başqa ölkələrin adlarını çəkirdilər.

Belarus müstəntiqləri rusiyalıların cibində İstanbula biletlər olduğunu etiraf ediblər, lakin deyiblər ki, bu, izi azdırmaq və ya alibiyə malik olmaq niyyətindən irəli gələ bilərdi.

İyulun 29-da rusiyalıların saxlanması
İyulun 29-da rusiyalıların saxlanması

Rusiyanın Belarusdakı səfiri Dmitry Mezentsev bundan əvvəl rusiyalıların özəl mühafizə şirkətinin əməkdaşları olduqlarını bildirmişdi.

O habelə demişdi ki, onlar “xarici ölkədə enerji infrastrukturunu və resursları mühafizə etməli idilər”.

AzadlıqRadiosunun Rus xidməti yazırdı ki, saxlananların üstündən Sudan əskinasları və bu ölkənin xəritələri tapılıb.

Bir çox jurnalist təhqiqatlarına görə Sudan Vaqner özəl şirkətinin bazalarından birinin yerləşdiyi ölkədir.

Belarusun hakimiyyət orqanları bu qənaətdədir ki, rusiyalı muzdlular Belarusda prezident seçkisi zamanı iğtişaşların törədilməsi üçün göndəriliblər. Bu ölkədə prezident seçkisi avqustun 9-da keçirilməlidir.

Moskva neytral mövqe tutub?

Bu seçkidə hazırkı prezident Alyaksandr Lukashenka müxalifətin namizədi Svetlana Tikhanovskaya-nın ətrafında birləşmiş güclü kampaniya ilə üzləşir.

Seçki kampaniyası Moskva və Minsk arasında, daha dəqiq deyilərsə, Vladimir PutinAlyaksandr Lukashenka arasında münasibətlərin gərgin zamanına təsadüf edir.

Bəzi müşahidəçilər məhz buna görə də Lukashenka-nın saxlanmış rusiyalılardan Moskvaya qarşı təzyiq üçün maksimum istifadə edəcəyini deyirlər.

Bu arada Kiyev bildirib ki, Minsk qarşısında saxlananlardan bəzilərinin Ukraynaya ekstradisiya məsələsi qaldırıla bilər.

Belarus rəsmiləri saxlananlardan bəzilərinin bundan əvvəl şərqi Ukraynada separatçılarla birlikdə hökumət qoşunlarına qarşı döyüşdüklərini bildirmişdilər.

Belarus prezidentliyinə keçmiş namizədlərdən Valery Tsepkalo iddia edir ki, Kreml qarşıdan gələn Belarus seçkisində neytral mövqe tutmaq, Lukashenka da daxil heç bir namizədi dəstəkləməmək barədə qərar qəbul edib.

Onun sözlərinə görə, Rusiya ilə ittifaq müqaviləsi imzalamış Lukashenka Putindən xüsusi münasibətə ümid bəsləyirdi. Amma Rusiya rəhbərliyi “Belarus xalqı ilə münasibətlərini korlamamaq” üçün bu dəfə neytral mövqe tutub.

Tsepkalo Belarusda həbs olunmaq təhlükəsinə görə uşaqları ilə birlikdə Minskdən Moskvaya qaçıb.

Amma onun arvadı Belarusda qalıb və müxalifət namizədi Svetlana Tikhanovskaya-nın kampaniyasında fəal iştirak edir.

Valery Tsepkalo hazırda Kiyevdədir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG