Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 15:52

İranda Məhərrəmlik dilemması


İranda Aşura mərasimi, arxiv fotosu
İranda Aşura mərasimi, arxiv fotosu

Rohani deyib ki, Məhərrəmlik matəmləri “təxirə salına bilməz”, mərasimlər ictimai səhiyyə qaydalarına əməl etməklə keçirilməlidir

İranda koronavirusa yoluxmaların artmasına, toy və yas mərasimlərinə qadağa qoyulmasına baxmayaraq, şiələrin müqəddəs Məhərrəm ayında matəm mərasimləri keçiriləcək. Bu haqda AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Golnaz Esfandiari yazır.

Bu qərarı Prezident Hassan Rohani həftənin əvvəlində elan edib. Onun sərt xətt tərəfdarlarının təzyiqi altında belə bir qərar verəcəyi gözlənirdi. Onlar dini mərasimlərə hər hansı qadağalara, pandemiyaya görə məbədlərin bağlanmasına qarşı çıxırlar.

Rohani deyib ki, Məhərrəmlik matəmləri “təxirə salına bilməz”, mərasimlər ictimai səhiyyə qaydalarına əməl etməklə keçirilməlidir.

“Bu, mümkün deyil”

Məhərrəm ayında şiələr Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin 680-ci ildə Kərbəla çölündə qətlə yetirilməsinin yasını tuturlar. Məhərrəmliyin 10-cu günündə isə Aşura mərasimi keçirilir. Həmin gün mərasimlərə qatılanlar ağlayır, sinə vurur, kədərlərini büruzə verirlər.

Prezidentin açıqlamasını səhiyyə ekspertləri tənqid ediblər.

“Məhərrəmliklə səhiyyə qaydalarını birləşdirmək mümkün olsaydı, bu qərar alqışlanardı, ancaq təəssüf ki, bu, mümkün deyil”, – mühafizəkar “Jomhuri Eslami” qəzetinin redaktoru Hojatoleslam Masih Mohajeri yazıb. Mohajeri qeyd edib ki, din adına vətəndaşların həyatını təhlükəyə salırlar.

Yoluxucu xəstəliklər üzrə mütəxəssis, İranın koronavirusa qarşı işçi qrupunun üzvü Minoo Mohraz da Məhərrəmlik mərasimlərinin “təhlükəli” olması haqda xəbərdarlıq edib.

“İndiyədək yoluxmayanlar… həmin mərasimlərdə virus tuta bilərlər”, – Mohraz iyulun 26-da deyib. Onun özü də ilin əvvəlində koronavirusa yoluxub.

“Koronavirus yalnız toy mərasimlərində yayılır… Məhərrəmlikdə isə virus küncdə dayanır, sinəsinə vuraraq ağlayır”, – Twitter istifadəçisi Aghbahman prezidentin qərarını belə şərh edib.

Pandemiya İranda 300 min nəfərin yoluxması, 16 min 500-dən artıq xəstənin vəfatıyla sonuclanıb.

Virus dini mərasimlərdə “yayılmır”

“Əl çəkə bilmədiyimiz bəzi prinsiplər var, Məhərrəmlikdə matəm saxlamaq da onlardan biridir”, – müqəddəs Qum şəhərində ayətulla Makarem Shirazi iyulun 28-də rəsmi IRNA agentliyinə deyib.

Onun sözlərinə görə, hakimiyyət həm insanların dini narahatlığını, həm də səhiyyə protokollarını nəzərə almalıdır.

Sərt xətt tərəfdarı olan ruhani, Ekspertlər Şurasının üzvü Ahmad Khatami iyulun 30-da deyib ki, məscidlər, məbədlər, dini mərasimlərdə koronavirusun yayılma sürəti çox aşağıdır, virus əsasən ictimai nəqliyyat və toylarda yayılır. Ancaq iddiasını əsaslandıracaq statistika göstərməyib.

İşçi qrup Məhərrəmliklə bağlı bəzi qaydalar açıqlayıb. Matəm tədbirlərinə icazə verilən yerlərdə müəyyən qaydalara əməl olunmalıdır, mərasim saatları qısaldılmalı, sosial məsafə gözlənməli, maska taxılmalıdır.

Səhiyyə naziri Saeed Namaki iyulun 29-da deyib ki, İranda Məhərrəmlik digər ölkələrin şiə müsəlmanları üçün “model” olacaq.

Bu arada ölkədə avqustun sonunda keçiriləcək universitetlərə qəbul imtahanlarıyla bağlı da narahatlıq var. Həkim Mohraz hökuməti imtahanları təxirə salmağa, yaxud onları sərt sosial məsafə qaydalarını gözləməklə açıq havada keçirməyə çağırıb. Onun sözlərinə görə, milyonlarla yeni yoluxma baş verə bilər.

Qəbul imtahanları və Məhərrəmlik mərasimlərinə icazə verilərsə, COVID-19-dan gündəlik ölü sayı 1600-ə çata bilər. Bu xəbərdarlıqla iyulun 30-da İranın Tibb Assosiasiyaları çıxış edibş

İranda pandemiya fevraldan yayılmağa başladı. İlk iki ölüm halı müqəddəs Qum şəhərində qeydə alınmışdı.

XS
SM
MD
LG