Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 14:05

Azərbaycan hökuməti jurnalistə təzminat ödəyəcək


M.Nəsibova

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün, iyulun 30-da jurnalist Məlahət Nəsibovanın şikayət üzrə yekun qərarını elan edib. Məhkəmə M.Nəsibovanın ərizələrini baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib. Lakin hökumət M.Nəsibovaya ümumilikdə 5500, onun həyat yoldaşı İlqar Nəsibova isə 11600 avro təzminat ödəyəcək.

Bu barədə AzadlıqRadiosuna danışan hüquqşünas Xalid Ağalıyev deyib ki, M.Nəsibova AİHM-ə 2009-cu ildə şikayət etmişdi: "O, Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 10-cu (ifadə azadlığı) və 13-cü (səmərəli hüquq-müdafiə vasitələri hüququ) maddələrinin pozuntusuna məruz qaldığını iddia edirdi".

X.Ağalıyev qeyd edib ki, M.Nəsibovanın işi 2008-ci ildə onun mənzilində və həmsədri olduğu QHT-lərin İnkişafı və Demokratiya Resurs Mərkəzinin ofisində axtarış aparılması ilə bağlı idi. Həmin axtarışlar M.Nəsibovanın jurnalist həyat yoldaşı İ.Nəsibova cinayət işi açılmasından qaynaqlanırdı.

X.Ağalıyevin bildirməsinə görə, iş üzrə kommunikasiyanın gedişində həm M.Nəsibova, həm də həyat yoldaşı İ.Nəsibov dostca anlaşmaya razılıqlarını ifadə ediblər: "Anlaşmanı nəzərə alan məhkəmə onların ərizələrini baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib".

Bu qərara, hələlik, Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

M.Nəsibova bir dönəm "Turan" informasiya agentliyi və AzadlıqRadiosunun Naxçıvan Muxtar Respublikasında müxbiri olub.

Onun həyat yoldaşı İ.Nəsibov fiziki təzyiq nəticəsində ağır bədən xəsarəti aldığını açıqlayıb.

Bundan sonra Nəsibovlar ailəsi Norveçdə sığınacaq alıb. Ailə hələ də Norveçdə yaşayır.

M.Nəsibova 2009-cu ildə "azad və müstəqil mətbuat üçün cəsarətli və sarsılmaz mübarizəsinə görə" Norveçdə təqdim edilən Torolf Rafto xatirə mükafatına layiq görülüb.

Multimedia

XS
SM
MD
LG