Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:56

AXCP üzvləri həbsdə qaldı


Cəbhəçiləri öz məhkəmələrinə gətirmirlər
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00

Cəbhəçiləri öz məhkəmələrinə gətirmirlər

İyulun 15-də Qarabağa dəstək yürüşündən sonra saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvləri haqqında həbs qərarından apellyasiya şikayəti verilib. İyulun 27-də Bakı Apellyasiya Məhkəməsində həbsdəki cəbhəçilərdən beşinin, həmçinin partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimovun şikayətinə baxılıb.

AXCP üzvlərinin şikayətləri təmin edilməyib, onların barəsində həbs-qətimkan tədbiri seçilməsi haqda qərarlar qüvvədə saxlanıb.

Təcridxanadan göndərilən məktub çap olunub

Məhkəmə prosesləri ayrı-ayrılıqda və qapalı keçirilib. Təqsirləndirilən şəxslərin heç birini məhkəməyə gətirməyiblər. Məsələn, Mehdi İbrahimov və AXCP Təşkilat Şöbəsinin əməkdaşı Ramid Nağıyev haqqında arayış təqdim olunub ki, onlar COVID-19 (koronavirus) infeksiyasına yoluxub, Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsində intensiv müalicə alır. Ona görə də məhkəməyə gətirilməyiblər.

Vəkillər onların iştirakı olmadan məhkəmənin keçirilməsinə etiraz ediblər. Heç olmasa, onlayn qaydada təqsirləndirilən şəxslərin özlərinin də iştirakının təmin olunmasını istəyiblər. Amma bu barədə vəsatətlər rədd edilib.

Başqa bir cəbhəçi Seymur Əhmədzadə haqqında isə Bakı İstintaq Təcridxanasından məktub göndərilib. Orada yazılıb ki, özü məhkəmədə iştirak etmək istəmir. S.Əhmədzadənin vəkili Elçin Sadıqov onun belə bir məktub göndərməsinə şübhə ilə yanaşdığını söyləyib. Vəkil fikrini əsaslandırarkən deyib ki, bu məktub çap olunub, təcridxanada təqsirləndirilən şəxsin isə belə imkanı yoxdur.

"Bulvarda taksiyə minib, evə qayıdıb"

Digər təqsirləndirilən cəbhəçilər - Ayaz Məhərrəmli, Baba Süleymanov Məhəmməd İmanlının vəkilləri də onların iştirakının təmin edilməsi haqda vəsatətlər qaldırsalar da, "yox" cavabı alıblar. Həbsdəki şəxslərin onlayn qaydada prosesə qoşulması haqda vəsatətə gəlincə, hakimlər deyiblər ki, Bakı Apellyasiya Məhkəməsinin bunu təmin etmək üçün texniki avadanlığı yoxdur.

Vəkillərin AzadlıqRadiosuna bildirdiyinə görə, iyulun 27-də şikayətinə baxılan AXCP üzvlərinin heç biri özünü təqsirli bilmir.

"Seymur Əhmədzadə haqqında birinci instansiya məhkəməsində həbs qərarı çıxarılanda da o dedi ki, təqsirsizdir. Qarabağ dəstək məqsədilə yürüşdə iştirak edib. Amma nə Milli Məclisə daxil olub, nə də hansısa başqa qanunsuz işdə iştirak edib. Bir qədər yürüşdə olandan sonra bulvarda taksiyə minib, evə qayıdıb", - vəkili E.Sadıqov belə deyir.

Həbs olunan cəbhəçilərin bir neçəsinin işgəncəyə məruz qalması barədə məlumatlar yayılıb. Adları çəkilənlərdən biri də Ramid Nağıyevdir. İddia olunur ki, işgəncə nəticəsində aldığı xəsarətlərə görə onu Bakı İstintaq Təcridxanasına yox, İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə aparıblar.

R.Nağıyevin vəkili Aqil Layıc müvəkkili ilə görüşə bilmədiyini deyir. Vəkilin sözlərinə görə, bu üzdən sağlamlığı, durumu barədə məlumatsızdır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov isə AzadlıqRadiosuna açıqlamasında həbs olunan cəbhəçilərə işgəncə verilməsi barədə deyilənlərin uydurma olduğunu bildirib.

Xatırlatma

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında deyilir ki, iyulun 14-dən 15-nə keçən gecə baş verənlər nəticəsində yeddi polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, iki xidməti avtomobil aşırılaraq yararsız hala salınıb. Daha 13 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub. Cinayət Məcəlləsinin 220 (kütləvi iğtişaşların təşkili) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Həbs olunan şəxslərin sayı barədə rəsmi məlumat yoxdur. AXCP Qarabağa dəstək yürüşündən sonra 14 fəalının barəsində cinayət işi başlandığını, onlardan 13-nün barəsində həbs-qətimkan tədbiri seçildiyini bəyan edib. 11 cəbhəçi haqqında isə inzibati həbs qərarları çıxarılıb.

Həbs olunan cəbhəçilərin əksəriyyətinə qarşı CM-in 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlıya isə bu maddələrlə yanaşı, CM-in 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər) maddəsi ilə də ittiham verilib.

Mehdi İbrahimov və Məhəmməd İmanlı isə CM-in 139.1.1 maddəsi ilə - koronavirus infeksiyasını yaymaqda suçlanır.

AXCP ittihamların yalan olduğunu bəyan edib.

AXCP sədri Əli Kərimli bildirib ki, bu həbslər partiyaya qarşı repressiyadır və Prezident İlham Əliyevin 15 iyuldakı çıxışından qaynaqlanır. Nazirlər Kabinetinin iclasındakı çıxışında İ.Əliyev AXCP-nin ünvanına sərt fikirlər səsləndirmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG