Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:26

Dünyanın ən reytinqli ölkəsi... ABŞ deyil – Qərb mediası


Donald Trump
Donald Trump

Trump-ın prezidentliyinin ilk ilində reytinq rekord səviyyəyə – 30 faizə düşmüşdü

Donald Trump-ın prezidentliyinin üçüncü ilində ABŞ rəhbərliyinin imici daha öncəki iki prezidentin dövründə olduğundan daha zəifdir. Bunu “Gallup” sorğu mərkəzi açıqlayıb.

Trump-ın prezidentliyinin ilk ilində reytinq rekord səviyyəyə – 30 faizə düşmüşdü. 2019-cu il ərzində ABŞ-ın 135 ölkə və ərazidə reytinqi 33 faiz olub. 2008-ci ildə Prezident George W. Bush dönəmində isə ABŞ-ın reytinqi 34 faizədək düşmüşdü.

Ümumilikdə ABŞ-ın imici yüksəlir

Eyni zamanda, artıq ikinci ildir bir çox ölkələrdə ABŞ rəhbərliyinin reytinqi yüksəlir. 135 ölkədən cəmi 5-də reytinq 10 faiz, yaxud daha çox düşüb – Livan, İraq, İtaliya, Siera Leone və Zambiyada.

Ancaq 12 ölkə və ərazidə reytinq azı bu qədər yaxşılaşıb. Bu mənada dünyada birinci yerdə Türkmənistandır, 2018-ci ildə 30% olan reytinq 2019-cu ildə 62 faizə yüksəlib.

ABŞ liderliyinin imicinə ən çox Avropada ziyan dəyib, burada əhali 2017-ci ildə olduğu kimi məyusdur. Bu məkanda ötən il ABŞ-a orta dəstək reytinqi 24 faiz qalıb, 2017-ci ildə 25% idi. ABŞ rəhbərliyini dəstəkləməyənlərin orta göstərici isə 61 faizdir.

Üç ölkədə ABŞ-ı daha çox dəstəkləyirlər: Kosovoda 82, Albaniyada 67, Polşada 59 faiz.

Artıq üçüncü ildir Almaniya ən reytinqli ölkə imicini saxlayır. 2018-ci ildə 40 faizə düşmüş reytinq 2019-cu ildə ortalama 44 faizə qalxıb.

Çin və Rusiyanın reytinqi isə 30 faiz civarında olduğundan ABŞ ikinci pilləni çətinliklə saxlaya bilib. Ötən il Çinin reytinqi 32, Rusiyanınkı 30 olub.

Obama administrasiyası dövründə...

“The Guardian” qəzeti yazır ki, bu sorğu ABŞ Dövlət katibi Mike Pompeo-nun ötən cümə günü səsləndirdiyi fikirlərə kölgə salır. Pompeo deyirdi ki, ABŞ Çin Kommunist Partiyası ilə yeni ideoloji rəqabətdə azad dünyaya liderlik etmək üçün “çox yaxşı mövqedədir”.

Sorğu 135 ölkənin hər birində min nəfər yetkin yaşlı arasında, koronavirus pandemiyası başlanmazdan qabaq keçirilib. Qəzet qeyd edir ki, pandemiya ilə mübarizədə çətinliklərdən dolayı Vaşinqtonun qlobal mövqeyinə daha böyük zərbə dəyə bilər. Birləşmiş Ştatlar dünyada pandemiyadan ən çox ziyan görmüş ölkələrdəndir.

“Donald Trump tez-tez deyir ki, Birləşmiş Ştatları dünyada yenidən hörmət sahibi edib, ancaq sorğu nəticələri bunun əksini göstərir. Obama administrasiyası dövründə Birləşmiş Ştatlar dünyada ən çox sevilən ölkə idi, bircə 2011-ci ildə Almaniyadan sonra ikinci olmuşdu. Ancaq Trump vəzifəyə keçəndən populyarlıq 18 faiz azaldı, sonradan isə 30 faiz civarında qismən bərpa olundu”, – məqalədə deyilir.

“Almaniyanın kansleri Angela Merkel, ona sevgidən, yoxsa nifrətdən asılı olmayaraq, ən qeyri-müəyyən vaxtlarda belə həm Avropada, həm də qlobal miqyasda hərəkətləri ən çox proqnozlaşdırılan liderlərdən olub”, – Gallup-un baş redaktoru Mohamed Younis deyib.

Younis-in fikrincə, koronavirus Amerikanın mövqeyini daha da pisləşdirə bilər: “ABŞ rəhbərliyinin imici özəlliklə ziyan görə bilər, çünki dünya ABŞ-da ştatların və federal hökumətin yoluxmaları necə nəzarətə almağa çalışmasına göz qoyur”.

Birləşmiş Ştatlarda 4,2 milyon yoluxma, 147 min ölüm qeydə alınıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG