“The Financial Times” qəzetində “Wellcome Trust” fondunun direktoru Jeremy Farrar adamların çoxunun Covid-19 pandemiyasının real təsirini hələ qiymətləndirə bilmədiyini yazır.
“Bu təsirlər o qədər sarsıdıcıdır ki, hamımız ona məruz qalmışıq. Ancaq uzunmüddətli perspektivdə təsirlər daha dərin ola bilər. Ehtiyatlı olmasaq, pandemiya dünya düzənini təməlinə qədər silkələyəcək”, – məqalədə deyilir.
Dörd çevrə
Müəllif virusun ilkin təsirləri kimi qorxu, xəstəlik və ölümü göstərir. İkinci, daha geniş çevrə Covid-19-un sağlığa dolayısı təsirlərini əhatələyir, məsələn, xərçəngin müayinəsinin vaxtında olunmamasl kimi. 2014-cü ilə Ebola yayılanda Afrikanın qərbində malyariyadan daha çox insan vəfat etdi, nəinki virusdan. “Adamların səhiyyə sistemlərinə inamının bərpası illərlə çəkə bilər”, – məqalədə deyilir.
Üçüncü çevrəyə isə sosial və iqtisadi təsir daxildir, məsələn, işsizliyin artmsı, iqtisadiyyatlarda azalma. Pandemiya hər bir böhranda olduğu kimi mövcud sosial çat və bərabərsizlikləri dərinləşdirir. Onlar da öz növbəsində siyasi fəsadlar törədir. Müəllifin fikrincə, bəzi hökumətlər Covid-19 nəticəsində çökə də bilərlər.
Daha böyük, dördüncü çevrə isə geosiyasidir. Məqalədə qeyd olunur ki, dövlətlərin dünyanın qalan hissəsinin deyil, öz qayğılarına qalmaqları bir neçə onillik ərzində qlobal siyasəti formalaşdıracaq. Məsələn, bir çox hökumətlər vətəndaşlarını qoruya bilmədikləri üçün tənqidlə üzləşəndə təbii reaksiya başqalarını günahlandırmaq olacaq.
Müəllif yazır ki, Covid-19-un dağıdıcı nəticələrini önləməkdən ötrü liderlər əvvəlcə səmimi şəkildə onları qəbul etməli, sonra da eyni düzgünlüklə onlarla məşğul olmalıdırlar. “Bu gün etdiyimiz seçimlər 21-ci əsri cızacaq”, – məqalədə deyilir.
Dehlidə 6,6 milyon nəfər yoluxmuş ola bilər
“The Guardian” qəzeti isə Hindistanın paytaxtı Dehlinin əhalisinin 25 faizə qədərinin koronavirusa yoluxmuş ola biləcəyini yazır. Bunu alimlər deyirlər. Hindistan əhalisinin sayı 1,3 milyarddır.
Dehlidə 20 mindən çox sakin üzərində aparılmış testlər onların 23,48 faizində anticisim aşkarlayıb. Ümumilikdə əhalinin 22,86 faizinin artıq virusa yoluxmuş olduğu açıqlanıb. Testləri xəstəliklərə nəzarət mərkəzi aparıb.
29 milyon əhalisi olan Dehlidə indiyədək 123 min 747 rəsmi yoluxma və 3 min 663 ölüm halı açıqlanıb. Ancaq son araşdırma 6,6 milyondan artıq əhalinin artıq yoluxmuş olduğunu üzə çıxarıb.
Hindistanda təsdiqlənmiş yoluxma sayı 1 milyondan, ölü sayı 28 mindən artıqdır.
Ekspertlərin fikrincə, özəlliklə yaşlılar arasında virusdan ölüm hallarının çoxu rəsmi statistikaya daxil edilmir.