Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 497 yeni yoluxma faktı qeydə alınıb, 645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu məlumatı bu gün, iyulun 18-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər də vəfat edib:
“İndiyədək ölkədə ümumilikdə 27 133 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 18 450 nəfər müalicə olunaraq sağalıb, 349 nəfər vəfat edib, 8 334 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”. Qərargahın açıqlamasına görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 9 263, ötən müddət ərzində isə ümumilikdə 619 786 test aparılıb. Bundan başqa, Səhiyyə Nazirliyindən bildirildiyinə görə, bu virusa yoluxma ilə bağlı əlavə evdə müalicə alan, karantində saxlanan şəxslər var.Səhiyyə Nazirliyinin bu həftənin əvvəli yaydığı məlumata görə, onların sayı 10 mindən çoxdur.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 14 milyon 238 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 600 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.