Keçid linkləri

2025, 16 Yanvar, Cümə axşamı, Bakı vaxtı 20:49

AB liderləri 750 milyard avronu müzakirə edirlər


Brüsseldə sammit başlanıb
Brüsseldə sammit başlanıb

AB yarandığı gündən ən ağır resessiyanı yaşayır. Blok liderlərinin hamısı pandemiyanı önləməkdən ötrü cəld hərəkətə keçməyin vacibliyi anlayırlar

Avropa Birliyinin 27 lideri iyulun 17-də Brüsseldə neçə aylıq fasilədən sonra bir araya gələrək pandemiyaya qarşı 750 milyard avroluq (855 milyard dollar) bərpa planını müzakirə edirlər.

AB yarandığı gündən ən ağır resessiyanı yaşayır. Blok liderlərinin hamısı pandemiyanı önləməkdən ötrü cəld hərəkətə keçməyin vacibliyi anlayırlar.

Bundan öncəki sammit videoəlaqə vasitəsilə keçirilmişdi. O vaxtdan AB liderlərinin bir sıra məsələlərlə bağlı fikir ayrılığı dəyişməyib. Həm bərpa fondunun ümumi məbləği, həm də AB-nin uzunmüddətli büdcəsilə bağlı ziddiyyətlər mövcuddur.

Sammit sərt fiziki məsafə qaydalarını gözləməklə keçirilir. Müşahidəçilər də dərhal belə bir fikir irəli sürüblər ki, liderlərin mövqeləri həm fiziki, həm də siyasi baxımdan bir-birindən çox uzaqdır.

“Həqiqət anı”

Fransa Prezidenti Emmanuel Macron iyulun 17-də sammitə çatan kimi deyib ki, blok “həqiqət anı” ilə üz-üzədir. O, AB liderlərini razılaşma əldə edə bilmək üçün kompromisə hazır olmağa çağırıb.

“Bu, Avropa üçün həqiqət və ambisiya anıdır. Razılaşma əldə etmək üçün hər şey edəcəyimizə inanıram, amma həm də ehtiyatlıyam”, – o, sammitdən öncə deyib.

“Söhbət bizim Avropa layihəmizdən gedir”, – Macron vurğulayıb.

Avropa Şurasının Prezidenti Charles Michel ötən həftə təklif edib ki, sözügedən məbləğin 500 milyard avrosu kredit, 250 milyard avrosu isə qrant kimi ayrılsın. Avropa Komissiyası da daha öncə belə bir təklif irəli sürmüşdü.

O həmçinin 2021-2017-ci illər üçün təklif olunan xərcləmə planını 1,1 trilyon avrodan 1,074 trilyon avroya salıb.

İyulun 17-18-də müzakirələrdə bu təkliflər müzakirə olunur. AB-dəki mənbələr və diplomatlar sazişin mümkünlüyünü, ancaq buna zəmanət verilmədiyini deyiblər.

“Qənaətcil Dördlük” adlanan Niderland, Avstriya, İsveç və Danimarka qrantların məbləğini minimuma endirməyə çalışır. Niderland fonddan xərcləmələrə sərt nəzarət olunmasında israrlıdır.

XS
SM
MD
LG